main-post-cover

    Kainatın ən güclü kosmik şüaları Yer kürəsinə yaxın sahədə yaranırlar

    Elm & Texnologiya
    28.02.2025
    Emil Nəcəfov
         Yeni bir nəzəriyyəyə görə, Yerə çırpılan ən güclü kosmik şüalar kainatın çox uzaq hissələrindən deyil, bizim qalaktikamızdan gələ bilər. Astrofiziklərin fikrincə, ən yüksək enerjili kosmik şüalar, ekzotik formalı ağır qaranlıq maddə hissəciklərinin məhv olması nəticəsində yaranır. Qaranlıq maddə - kainatın böyük hissəsini əhatə edən sirli maddədir. O, işıqla və adi maddə ilə qarşılıqlı təsir göstərmədiyi üçün görünməzdir, lakin alimlər onun kosmosdakı obyektlərə göstərdiyi qravitasiya təsirinə əsasən var olduğunu düşünürlər. Yeni araşdırmada diqqət fərz edilən ağır hissəciklərdən ibarət ekzotik qaranlıq maddəyə yönəlib. Astrofiziklərin fikrincə, məhz bu hissəciklər kainatdakı ən güclü kosmik şüaların mənbəyidir.
         Kosmik şüalar - yüksək enerjili hissəciklərin axınıdır. Onlar daim kosmosda hərəkət edir və Yerə çırpılır. Əsasən protonlardan ibarət olsalar da, bəzən helium və hətta dəmir kimi kimyəvi elementlərin nüvələrindən də təşkil oluna bilərlər. Kosmik şüalar demək olar ki, işıq sürəti ilə hərəkət edir və ən sürətliləri Yer üzündəki ən güclü hissəcik sürətləndiricilərindən trilyonlarla dəfə çox enerji daşıyır. Astrofiziklərin fikrincə, kosmik şüaların əksəriyyəti fövqəladə enerjili hadisələr nəticəsində yaranır. Bunlara supernova partlayışları, ulduzların birləşməsi və qara dəliklərin maddəni udması daxildir. Lakin alimlər hələ də ən yüksək enerjili kosmik şüaların dəqiq mənşəyini tam anlamırlar.
         Onların bir çox mümkün mənbələri olsa da, bu mənbələrin hamısı bizdən milyardlarla işıq ili uzaqda yerləşir. Bununla belə, əgər ən güclü kosmik şüalar həqiqətən də uzaq qalaktikalardan gəlirsə, Yerə çatmadan əvvəl uzun məsafəni qət edərkən enerjilərinin azalması gözlənilirdi. Bu səbəbdən, araşdırmanın müəllifləri hesab edirlər ki, bu kosmik şüalar düşündüyümüzdən daha yaxın bir yerdə - Süd Yolu qalaktikamızın daxilində yaranır. Yeni astrofizika nəzəriyyəsinə görə, ən güclü kosmik şüaların mənbəyi ekzotik qaranlıq maddə formasıdır. Xüsusilə, bu nəzəriyyə qaranlıq maddənin bir hissəsinin həddindən artıq ağır hissəciklərdən ibarət olduğunu irəli sürür.
         Bu hissəciklərin kütləsi kainatda mövcud olan ən ağır adi maddə hissəciyi - həqiqi kvarkdan daha böyükdür. Kvarklar proton neytronları, yəni bütün atomların əsasını təşkil edirlər. Astrofiziklərin fikrincə, skalyaron adlanan ağır qaranlıq maddə hissəciyi Böyük partlayışdan sonra ilk anlarda, kosmik inflyasiya dövründə yaranıb. Həmin dövrdə kainat saniyənin kiçik bir hissəsində kvintilyonlarla dəfə genişlənmişdi. Alimlər hesab edirlər ki, skalyaronlar bir-biri ilə toqquşduqda qarşılıqlı şəkildə məhv olur və nəticədə çox böyük miqdarda enerji buraxılır, bu da ən güclü kosmik şüaların yaranmasına səbəb olur.
         Astrofiziklərə görə, skalyaronlar kainatda çox geniş yayılmış ola bilər və bu da onların qalaktikamızda - Süd Yolu daxilində belə yüksək enerjili kosmik şüalar yaratmasını mümkün edir. Lakin bu nəzəriyyəni təsdiqləmək üçün qaranlıq maddənin kosmosdakı təsirlərini müşahidə etmək lazımdır, bu isə çox çətin bir vəzifədir. Bundan əlavə, başqa bir ciddi maneə də var: Əgər skalyaronlar həqiqətən mövcuddursa və Böyük partlayışdan sonra yaranıbsa, bu, Eynşteyn-in Ümumi Nisbilik Nəzəriyyəsinə düzəliş etməyi tələb edə bilər.
    Mənbə: Live Science
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qeyri-adi "isti Neptun" kəşf edilib
    qeyri-adi-isti-neptun-kesf-edilib
    103 günlük körpədə koronavirus aşkar edilib
    103-gunluk-korpede-koronavirus-askar-edilib
    NASA-nın yeni kosmik teleskopu Böyük partlayışın sirrini açmağa yardımçı olacaq
    nasa-nin-yeni-kosmik-teleskopu-boyuk-partlayisin-sirrini-acmaga-yardimci-olacaq
    Yuxusuzluq orqanizmdə iltihab reaksiyasını dərhal işə salır
    yuxusuzluq-orqanizmde-iltihab-reaksiyasini-derhal-ise-salir
    Günəşdən 36 milyard dəfə daha ağır olan qara dəlik kəşf edilib
    gunesden-36-milyard-defe