main-post-cover

    İki dəfə partlamış ilk supernova kəşf edilib

    Elm & Texnologiya
    04.07.2025
    Emil Nəcəfov
         Nəzəri və praktik cəhətdən yaxşı öyrənilmiş Ia tipli supernovalar (digər adı ilə ağ cırtdanlar) proseslərə daha dərindən baxıldıqda göründüyü qədər sadə deyillər. Modelləşdirmə nəticəsində ağ cırtdanlarda daha əvvəl məlum olmayan bir termonüvə partlayışı mexanizmi - ikiqat detonasiya üsulu - aşkar edilib. Bu kəşf mühümdür, çünki belə supernovalar kainatda məsafələrin ölçülməsi üçün istifadə olunan “standart şamlar” sayılır. İndi isə bu ölçü alətində qüsur aşkar olunub. Bütün ağ cırtdanlar (ölü ulduzların soyumuş nüvələri) heç də Ia tipli supernovaya çevrilmir. Onların nüvəsi əsasən karbonoksigenden ibarətdir, lakin bu elementlərin birgə sıxlığı termonüvə reaksiyasını başlatmaq üçün kifayət etmir. Ağ cırtdanda termonüvə reaksiyası yalnız o, kritik kütləni (təxminən Günəşin 1.4 qatını) keçəndə başlaya bilər. Bu da ya ulduza maddənin yığılması zamanı, ya da başqa bir ağ cırtdanla toqquşma nəticəsində baş verir.
         Qeyd edək ki, kainatda belə cüt sistemlər çoxluq təşkil edir. Təkrar termonüvə reaksiyasının işə düşməsi, yəni Çandrasekar həddinin - kritik kütlənin - aşılması zəncirvari reaksiyaya və nəticədə termonüvə partlayışına səbəb olur. Bundan sonra ağ cırtdan atomlarına qədər parçalanır. Belə ulduzların bütün fiziki xüsusiyyətləri təxminən eyni olduğuna və kainatda termonüvə reaksiyasının başlama şərtləri hər yerdə eyni olduğuna görə, Ia tipli supernovaların parlaqlığı da kosmosun istənilən nöqtəsində sabit qalır. Bu parlaqlığa əsaslanaraq supernovaya və onun ətrafındakı obyektlərə - məsələn, həmin supernovanın yerləşdiyi qalaktikaya qədər olan məsafəni müəyyən etmək mümkündür. Problem ondadır ki, Ia tipli supernovalar o qədər çoxdur ki, onların yalnız iki mexanizmlə - ulduzların birləşməsi və ulduza maddə axını ilə baş verdiyini demək çətindir.
         Modelləşdirmə göstərib ki, başqa bir mexanizm də mümkündür. Bu, ikiqat detonasiya üsuludur. Ağ cırtdanın soyumuş nüvəsini partlayışa təhrik edən hansısa bir amil olmalıdır - məsələn, termonüvə bombasında olduğu kimi sıxılan bir örtük vasitəsilə. Ağ cırtdanın nüvəsinin xarici hissəsində artıq miqdarda helium yığıla bilər və bu, termonüvə reaksiyasına səbəb ola bilər. Həmçinin əlavə helium hələ ağ cırtdana çevrilməmiş qonşu ulduzdan da alınaraq bu qatda toplana bilər. Hər iki halda məqam eynidir - ağ cırtdanın nüvəsinin xarici qatında termonüvə reaksiyasını işə sala biləcək maddənin kritik kütləsi toplanır və bu da partlayışa - ilkin detonasiya prosesinə səbəb olur. İçəriyə doğru yönəlmiş bu partlayış ulduzun nüvəsini sıxır və burada daha ağır elementlərdən ibarət termonüvə reaksiyasını işə salır - bu, ikinci detonasiya olur. Modellər göstərir ki, birinci və ikinci detonasiya nəticəsində prosesin ilkin mərhələlərində kalsium sintezi baş verir.
         Daha sonra digər elementlərin sintezi başlayır, lakin kalsium qatları kifayət qədər aydın şəkildə formalaşmalıdır ki, onları müşahidə vasitələrimizlə aşkar etmək mümkün olsun. Bundan əlavə, elə bir supernova axtarmaq məntiqli olardı ki, onun partlayışı kifayət qədər uzun müddət əvvəl baş vermiş olsun. Beləliklə, iki kalsium qatı kosmosda bir-birindən uzaqlaşmış və fərqləndirilə biləcək qədər ayrı düşmüş olar. İki dəfə partlamış supernovanın aşkar edilməsi üçün perspektivli namizəd kimi SNR 0509-67.5 obyektinə baxılır. Bu obyekt bizə yaxın yerləşən Böyük Magellan Buludunda yerləşir. Bu qalıqların yaşı təxminən 300 ildir. Avropa Cənub Rəsədxanasının (ESO) astronomları bu supernovanın qalıqlarını Çox Böyük Teleskopdakı MUSE spektrometri ilə müşahidə ediblər. Məlumatların təhlili partlayış nöqtəsindən uzaqlaşan iki aydın kalsium ionu qatı olduğunu göstərib.
         Bu, Ia tipli supernovalarda daha əvvəl məlum olmayan partlayış mexanizmi - ikiqat detonasiya - üçün ilk praktiki təsdiq olub. Bu kəşf aydın şəkildə bütün o ölçmələrə təsir edir ki, orada məsafənin müəyyən edilməsi üçün Ia tipli supernovalardan istifadə olunur. Əgər partlayış ikiqat detonasiya nəticəsində baş veribsə, bu zaman baş verən hadisənin parlaqlığı daha aşağı olacaq, çünki partlayan ağ cırtdanın kütləsi daha azdır. Bu isə obyektin əslində olduğundan daha uzaqda görünməsinə səbəb olacaq. Daha da əhəmiyyətlisi, belə bir partlayış yaxınlıqda yerləşən başqa bir ağ cırtdanı da partlada bilər və əgər onlar bir-birinə kifayət qədər yaxın olublarsa, bu iki obyekti ayırd etmək mümkün olmayacaq. Bu isə əksi istiqamətdə səhv yaradar, çünki belə hadisənin parlaqlığı adi haldan daha yüksək olar. Elə bil alimlər böyük bir sirrin cavabını tapıblar, amma bu kəşf artıq məlum olan hadisələrə daha da çox qarışıqlıq gətirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ultrasəs texnologiyası siçanlarda xərçəng xəstəliyini müalicə edib
    ultrases-texnologiyasi-sicanlarda-xerceng-xesteliyini-mualice-edib
    Günəş sistemində üçüncü ulduzlararası obyekt aşkar edilib
    gunes-sisteminde-ucuncu-ulduzlararasi-obyekt-askar-edilib
    Qocalmanın təkcə sənaye cəmiyyətindəki iltihab ilə əlaqəli olduğu məlum olub
    qocalmanin-tekce-senaye-cemiyyetindeki-iltihab-ile-elaqeli-oldugu-melum-olub
    Yeni müşahidələr “kosmik saplar” adlı fərziyyəni təsdiqləyir
    yeni-musahideler-kosmik-saplar-adli-ferziyyeni-tesdiqleyir
    Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş
    kainatda-orqanik-molekullarin-miqdari-gozlenildiyinden-daha-cox-imis