main-post-cover

    Metakainatın uğursuzluğundan sonra Zuckerberg növbəti innovasiyanı vəd edir

    Süni İntellekt
    04.07.2025
    Emil Nəcəfov
         Bu həftə Meta-nın rəhbəri Mark Zuckerberg daxili xidməti qeyddə yaxın gələcəyə dair baxışını bölüşüb. O bildirib ki, hər kəs üçün fərdi süperzəka insanlıq üçün yeni dövrün başlanğıcı olacaq. Bu, ilhamverici səslənsə də, cəmi 4 il əvvəl o, oxşar sözləri metakainat konsepsiyası haqqında da demişdi - lakin həmin ideya uğursuzluqla nəticələndi. Ars Technica nəşri Meta-nın bu iki irimiqyaslı layihəsi arasında paralellər aparıb. Orada 2021-ci ildəki təqdimat xatırladılıb. Həmin vaxt sosial şəbəkənin baş direktoru və qurucusu metakainat adlı virtual məkan haqqında danışırdı. Bu məkan elə bir yer olmalı idi ki, təsəvvür edə biləcəyiniz demək olar hər şeyi edə biləsiniz və bu da internetin növbəti versiyasının təməli olacaqdı. Zuckerberg o zaman bu ideyaya o qədər inanırdı ki, tanınmış Facebook brendindən imtina edərək şirkətə Meta adını verdi.
         O, sosial əlaqələrin, əyləncənin, oyunların və iş həyatının daha təbii və daha parlaq olacağı daha heyrətamiz bir internetdən rəngarəng şəkildə danışırdı. Çoxlu vədlər verilmişdi - məsələn, metakainat daxilində teleportasiya, hansı ki, vebsaytda keçidə klikləməklə eyni olacaq. Göz oxşayan videolarda göstərilirdi ki, bir qadın öz avatarı vasitəsilə metakainatda dostuna Tokio şəhərində canlı konsertə virtual olaraq qoşulur, daha sonra isə konsertdən sonrakı əyləncədə qrupun virtual məhsullarını alır. Bütün bunlar isə real həyatda evdən çıxmadan baş verir. Zuckerberg danışırdı ki, 100 minlərlə yaradıcı virtual və hətta real mühitə yerləşdirilə biləcək virtual məhsulların satışı ilə gəlir əldə edə biləcək. Amma 4 il keçməsinə baxmayaraq, vəd olunanların demək olar ki, heç biri gerçəkləşməyib. Hətta bu sahəyə maraq göstərən həvəskarlar da metakainatdakı təcrübələrini məyusedici və tənha bir təcrübə kimi təsvir edirlər.
         Meta-nın tərtibatçıları metakainat ilə işləmək üçün alətlərin əlverişsiz, kodun isə çox mürəkkəb olduğunu bildirirlər. Son 4 ilin aralıq nəticəsi: virtual reallıqla (VR) bağlı 60 milyard dollarlıq zərər. Bəlkə də bu ideyanın inkişafına, vaxtilə Zuckerberg-in təqdim etdiyi, yüngül və rahat virtual reallıq cihazlarının bazara çıxması təkan verə bilər. Amma hələlik bu cihazların qiyməti 10 000$ aralığındadır və belə bahalı texnologiyanın geniş tətbiqi real görünmür. Görünür ki, indi Mark Zuckerberg-i vaxtilə metakainatın ilhamlandırdığı kimi, süni zəka ilhamlandırır. O, yenidən istifadəçi təcrübəsində inqilab və internetdə əsaslı dəyişikliklər vəd edir, insanların bir-biri ilə qarşılıqlı əlaqəsinin yeni formalarından və virtual mühitdə sosial əlaqələrin genişlənməsindən danışır - bu dəfə süni zəkanın hesabına. Zuckerberg-in fikrincə, süni zəka bolluq dünyasının yaranmasına səbəb ola bilər, burada hər kəsin istənilən şeyi yaratmaq üçün fövqəlinsani alətləri olacaq. O, yenidən yaradıcılığın çiçəklənməsindən və müxtəlifliyin genişlənməsindən danışıb.
         Doğrudur, Meta-nın məhsullarında süni zəkanın tətbiqi bu gün metakainatla müqayisədə daha uğurlu görünür. Belə ki, Zuckerberg iddia edir ki, artıq hər ay 1 milyard insan şirkətin süni zəka məhsullarından istifadə edir və tərtibatçılar bu alətləri daha fəal şəkildə tətbiq edirlər. Buna baxmayaraq, Ars Technica nəşrinin fikrincə, süni zəkanın geniş yayılmasına skeptik yanaşmaq üçün əsaslı səbəblər var. Müasir modellər hələ də faktları təhrif edir, məntiqi səhvlərə yol verir və ən sadə tapşırıqlarla belə bacarmırlar. Metakainat təcrübəsi göstərir ki, bu böyük iddia - süni zəkaya böyük ümidlərin bağlanması - da nəticədə məyusluğa çevrilə bilər. Bir zamanlar hər yerdə holoqramlar vəd olunmuşdu, amma Horizon Worlds-da boş otaqlardan başqa bir şey alınmadı, yüksək səviyyəli immersiya vəd olunmuşdu, lakin istifadəçilər narahat idarəetmə qurğuları və çox məhdud tətbiqlərlə qarşılaşdılar. Fərdi süni superzəka uğrunda yarışın necə nəticələnəcəyi hələ ki, məlum deyil. Çat-botlara olan misilsiz kütləvi marağa baxmayaraq, hələlik heç bir zəmanət yoxdur ki, ultra-fərdiləşdirilmiş dialoqlar növbəti baha başa gələn, metakainatın uğursuzluğuna bənzər bir təcrübəyə çevrilməyəcək.
    Mənbə: Ars Technica
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsan qərarlarını proqnozlaşdıran süni zəka hazırlanıb
    insan-qerarlarini-proqnozlasdiran-suni-zeka-hazirlanib
    Ağciyərlərdəki şişləri həkimlərdən daha dəqiq təyin edən süni zəka hazırlanıb
    agciyerlerdeki-sisleri-hekimlerden-daha-deqiq-teyin-eden-suni-zeka-hazirlanib
    Meta süni zəka botlarına birinci yazmağı və özlərini xatırlatmağı öyrədib
    meta-suni-zeka-botlarina-birinci-yazmagi-ve-ozlerini-xatirlatmagi-oyredib
    Şirkət rəhbərləri artıq süni zəka səbəbilə işçi ixtisarlarını gizlətmirlər
    sirket-rehberleri-artiq-suni-zeka-sebebile-isci-ixtisarlarini-gizletmirler
    Süni zəka gizli diskriminasiyanı təyin etməyi öyrənib
    suni-zeka-gizli-diskriminasiyani-teyin-etmeyi-oyrenib