
Qara dəliklər bizləri tükənməz enerji mənbəyi ilə təmin edə bilərlər
Elm & Texnologiya
09.04.2025
Emil Nəcəfov
Qara dəliklər gələcəkdə bəşəriyyətin enerji problemlərini həll edə biləcək təmiz və demək olar ki, tükənməz enerji mənbəyi ola bilərlər. Fiziklər bu enerjinin hansı şəkildə əldə oluna biləcəyini izah ediblər. Qara dəliklər ətraflarında olan maddəni udduqda, kainatda məlum olan ən enerjili hadisələri - o cümlədən kvazarları yaradırlar. Alimlər hesab edirlər ki, fırlanan qara dəlikdən enerji çıxarmaq mümkündür və bu obyekt gələcəkdə bəşəriyyət üçün təmiz və sərhədsiz enerji mənbəyinə çevrilə bilər. Fırlanan qara dəliklərdən çıxarıla bilən enerji - onların fırlanmasını təmin edən kinetik enerjidir.

Belə qara dəliklər işıq sürətinə yaxın sürətlə fırlana bilirlər və kainatda heç bir obyekt bu qədər yüksək sürətlə hərəkət edə bilmir. Qara dəliklər fırlandıqda, onların nəhəng qravitasiyası fəzanı da ardınca sürükləyirlər. Yəni, qara dəliyi əhatə edən obyektlər və maddə yerində qala bilmir. Fiziklərin sözlərinə görə, enerjinin ən sadə forması hərəkətlə bağlı olan - yəni sürətdən asılı olan kinetik enerjidir. Fırlanan qara dəliyin fırlanma kinetik enerjisi mövcuddur və o, fəzanı öz ardınca çəkərək bu enerjini ətrafındakı obyektlərə ötürə bilir. Qara dəlikdən enerjinin çıxarılması mexanizmini kvazarlarda müşahidə etmək mümkündür.

Kvazarlar - Günəşdən milyonlarla və ya milyardlarla dəfə daha böyük kütləyə malik olan, qaz və toz buludu ilə əhatələnmiş (bu bulud akkresiya diski adlanır) superkütləli qara dəliklərdir. Akkresiya diski fırlandıqca, diskin müxtəlif hissələri bir-birinə sürtünür və milyonlarla dərəcə Selsi temperaturuna çataraq plazmaya çevrilir. Bu da böyük miqdarda şüalanmanın yaranmasına səbəb olur. Fırlanma prosesi zamanı akkresiya diskindəki material tədricən qara dəliyin dərinliklərinə doğru çəkilir. Qara dəliyin udmadığı material güclü maqnit sahələri vasitəsilə onun qütblərinə yönləndirilə bilər. Orada bu material işıq sürətinə yaxın sürətlərə qədər sürətlənir.

Bu maddə qara dəliyin hər bir qütbündən çıxan, "relativistik cərəyanlar" adlanan enerjili axınlar şəklində püskürür. Fırlanan qara dəlik öz enerjisini ətrafına ötürdükcə, bu enerjinin mənbəyi olan fırlanma enerjisi tükənməyə başlayır. Bu isə o deməkdir ki, qara dəlik getdikcə daha yavaş fırlanır və nəhayət tamamilə fırlanmağı dayandırır. Alimlər hesab edirlər ki, qara dəlikdən enerji çıxarmağın ən sadə forması kvazarların şüalanmasından birbaşa istifadə etməkdir. Lakin bu halda biz fırlanma enerjisini deyil, fırlanma nəticəsində yaranan istilik enerjisini çıxarmış oluruq. Qara dəliyin fırlanma enerjisini çıxarmaq isə daha mürəkkəb prosesdir.
Alimlər bunu başa salmaq üçün belə bir təsəvvür irəli sürürlər: Tutaq ki, bir karusel var və o, yalnız inersiya ilə fırlanır - yəni ilkin impuls aldıqdan sonra, fırlanma mənbəyi dayansa belə, hərəkətini davam etdirir. Əgər bu karuselə fırlanma istiqamətinə əks olan tərəfdən bir top atsaq, top əks istiqamətdə daha böyük sürətlə geri qayıdacaq. Nəticədə karusel fırlanma sürətinin bir hissəsini itirəcək. Bu o deməkdir ki, topun əlavə kinetik enerjisi karuselin fırlanma kinetik enerjisindən alınmışdır. Qara dəliklə də eyni şey baş verə bilər - əgər ona müəyyən istiqamətdə hissəcik axını yönəldilsə, bu zaman onun fırlanmasından enerji çıxarmaq mümkün olar.

Amma burada böyük bir problem var. Qara dəlikdən enerji əldə etmək üçün bəşəriyyət inanılmaz dərəcədə inkişaf etmiş, çox yüksək texnologiyalara malik bir sivilizasiyaya çevrilməlidir. Digər bir problem isə budur ki, fırlanan qara dəlikdən enerji çıxarmaq üçün belə obyektlərdən biri bizim yaxınlığımızda olmalıdır. Lakin məlum olduğu qədərilə, nə Günəş sistemində, nə də onun yaxınlığında qara dəlik yoxdur. Buna görə də insanlar bu obyektlərin enerjisindən istifadə etmək istəsələr, ulduzlararası səyahət etməyə məcbur olacaqlar. Fiziklər deyirlər ki, bu yalnız çox uzaq bir gələcəkdə mümkün ola bilər.
Mənbə: Space.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Saturnun peyki Titanda mikroblar mövcud ola bilər

Saturnun peyki Titanda mikroblar mövcud ola bilər
Alimlərin fikrincə, Saturnun peyki olan Titanın üzərində inkişaf etmiş biosfer mövcud ola bilər, çünki orada xüsusilə metandan ibarət qlobal üzvi maddələr okeanı mövcuddur.
Nəsli kəsilmiş canavar növü yenidən həyata qaytarılıb (VİDEO)

Nəsli kəsilmiş canavar növü yenidən həyata qaytarılıb (VİDEO)
Qorxunc canavarlar (direwolf) məşhur “Game of Thrones” serialı sayəsində tanınıblar, lakin bu növ təxminən 12 500 il əvvəl məhv olub. İndi isə biotexnologiya şirkəti olan Colossal Biosciences-in gen mühəndisləri sayəsində bu möhtəşəm yırtıcılar yenidən dünyaya qayıdıb və “dünyada ilk diriltmə nümunəsi” kimi tarixə düşüblər.
Maqnit sahələri qalaktikamızın mərkəzində yeni ulduzların formalaşmasına imkan vermirlər

Maqnit sahələri qalaktikamızın mərkəzində yeni ulduzların formalaşmasına imkan vermirlər
Kainatda demək olar ki, bütün kimyəvi elementlər, o cümlədən həyatın yaranmasından asılı olan elementlər ulduzlardan əmələ gəlib. Bununla belə, onilliklərdir aparılan tədqiqatlara baxmayaraq, ulduzların yaranması prosesinin bəzi aspektləri hələ də aydın deyil.
Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər

Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər
Əgər hər şey plana uyğun getsə, yaxın gələcəkdə insanlar Ayda ilk bazaları inşa etməyə başlayacaqlar. Bu bazalar gələcəkdə insanların daimi yaşayacağı şəhərlərin təməli olacaqlar. Alimlər hesab edirlər ki, bu bazaları və şəhərləri Ay səthini örtən toz - ay reqoliti - vasitəsilə hazırlanan kərpiclərdən inşa etmək mümkündür.
Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb

Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb
Amerikalı astrofiziklər erkən kainatda - mövcud elmi qanunlara əsasən hələ yaranmamalı olan dövrdə - superkütləli qara dəliklərin formalaşmasını izah edən bir nəzəriyyə irəli sürüblər.
Həftənin xəbərləri

