main-post-cover

    Nəsli kəsilmiş canavar növü yenidən həyata qaytarılıb (VİDEO)

    Elm & Texnologiya
    08.04.2025
    Emil Nəcəfov
         Qorxunc canavarlar (direwolf) məşhur “Game of Thrones” serialı sayəsində tanınıblar, lakin bu növ təxminən 12 500 il əvvəl məhv olub. İndi isə biotexnologiya şirkəti olan Colossal Biosciences-in gen mühəndisləri sayəsində bu möhtəşəm yırtıcılar yenidən dünyaya qayıdıb və “dünyada ilk diriltmə nümunəsi” kimi tarixə düşüblər. Nadir növlərin qorunmasına yönəlmiş biotexnoloji şirkət olan Colossal Biosciences alimləri, çoxdan məhv olmuş heyvan növlərini, o cümlədən mamontları, tilasinləri və dodo quşunu diriltmək səyləri ilə bütün dünyada tanınırlar. İndi isə alimlər dünyada ilk “uğurlu diriltmə” faktını açıqlayıblar. Onlara çoxdan nəsli kəsilmiş qorxunc canavar növünü (Aenocyon dirus) yenidən həyata qaytarmaq mümkün olub - ümumilikdə 3 balanın doğulduğu bildirilib.
         Tədqiqatçılar qeyd edirlər ki, onlar qədim DNT-ni istifadə edərək qorxunc canavarın genomunu bərpa edib və yalnız bu nəsli kəsilmiş növə xas olan gen variantlarını müəyyənləşdirməklə bu növü yenidən diriltməyə nail olublar. Bu genlər hal-hazırda yaşayan yaxın qohum növlərdə mövcud deyil. Növbəti mərhələdə alimlər müasir boz canavarların (Canis lupus) DNT-sini dəyişdirərək həmin unikal gen variantlarını əlavə ediblər. Bu DNT nüvəsiz boz canavar yumurtalarına yerləşdirilib və onlar laboratoriya şəraitində yetkinləşdirilib, daha sonra isə surroqat itlərin bətninə yerləşdirilib. Ümumilikdə tədqiqatçılar 3 surroqat itə 3 embrionu uğurla implantasiya ediblər və nəticədə Romul, RemKhaleesi adlandırılan üç qar bəyaz balanın dünyaya gəlməsinə nail olublar.
         Colossal şirkətinin baş direktoru Ben Lamm-ın sözlərinə görə, bu araşdırma zamanı komanda 13 000 illik bir diş və təxminən 72 000 illik bir kəllə sümüyündən DNT çıxarıb. Daha sonra bu DNT-dən istifadə edərək sağlam balalar yetişdirə biliblər. “Diriltmə” prosesi zamanı alimlər 1996-cı ildə qoyun Dollinin yaradılmasına səbəb olan üsula bənzər bir metodu tətbiq ediblər. Bu metodla ideal klon yaratmaq üçün klonlanacaq orqanizmdən bir hüceyrə çıxarılır və onun nüvəsində yerləşən genetik material ayrılır. Daha sonra bu genetik məlumat eyni növə aid donor heyvanın yumurta hüceyrəsinə yerləşdirilir, həmin yumurtanın öz nüvəsi isə əvvəlcədən çıxarılır. Nəticədə, yumurta hüceyrəsi klonlanacaq orqanizmin bərpası üçün lazım olan bütün genetik məlumatı özündə birləşdirir və bu hüceyrə inkişaf etməsi üçün surroqat ana heyvana köçürülür.
         Əsas problem ondan ibarətdir ki, qorxunc canavarlar sonuncu Buz dövrünün sonunda məhv olmuşdular. Bu səbəbdən Colossal şirkəti öz “qorxunc canavar hüceyrələrini” təxmini şəkildə bərpa etməli olub, bunun üçün fosil qalıqlarından əldə edilən məlumatları bir araya gətirib. Alimlər qorxunc canavara aid fosilləşmiş qalıqlardan genetik nümunələr götürüblər və onları müasir qohum növlərin - o cümlədən canavarlar, tülkülər və çaqqallarla - genomları ilə müqayisə ediblər. Nəticədə, yumurta hüceyrəsi donorları kimi boz canavarlar seçilib. Bu araşdırmalar nəticəsində alimlər 14 gen üzrə 20-yə yaxın fərqlər müəyyən ediblər. Bu genlər qorxunc canavarların fərqləndirici xüsusiyyətlərinə - iri ölçülərinə, ağ tüklərinə, böyük dişlərinə və xarakterik ulamalarına cavabdeh olub. Daha sonra komanda hazırda yaşayan boz canavarlardan qan nümunələri toplayaraq hüceyrələr əldə edib.
         Komanda CRISPR gen redaktə texnologiyasından istifadə edərək müəyyən edilmiş 14 gendə 20 dəyişiklik aparıb ki, bu genlərin ardıcıllığı qədim canavarların genetik ardıcıllığına uyğun olsun. Bu “qorxunc canavar hüceyrələri” yaradıldıqdan sonra onların nüvələri çıxarılıb və canlı boz canavar dişisinin yumurta hüceyrələrinə yerləşdirilib. Alimlər bu yumurta hüceyrələrinin laboratoriya şəraitində embrionlara çevrilməsinə imkan veriblər və nəticədə 45 embrion əldə olunub. Bu embrionlar boz canavarın texniki olaraq altnövü sayılan iki ev itinin bətninə köçürülüb. Nəticədə hər surroqat anada yalnız bir embrion uğurla inkişaf edib. 65 günlük hamiləlikdən sonra Romul və Rem 1 oktyabr 2024-cü ildə qeysəriyyə əməliyyatı ilə doğulublar. Üçüncü bala isə 3 ay sonra üçüncü surroqat anadan dünyaya gəlib. Alimlər həmçinin iki böyük balanın ilk addımlarını atdığı və ilk ulamasını etdiyi görüntüləri də ictimaiyyətlə bölüşüblər.
    Mənbə: Live Science
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Maqnit sahələri qalaktikamızın mərkəzində yeni ulduzların formalaşmasına imkan vermirlər
    maqnit-saheleri-qalaktikamizin-merkezinde-yeni-ulduzlarin-formalasmasina-imkan-vermirler
    Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər
    yer-menseli-bakteriyalar-gelecek-ay-bazalarinda-muhum-rol-oynaya-bilerler
    Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb
    erken-kainatda-superkutleli-qara-deliklerin-formalasmasini-izah-eden-nezeriyye-ireli-surulub
    James Webb erkən kainatda çoxlu sayda "ölü" qalaktika kəşf edib
    james-webb-erken-kainatda-coxlu-sayda-olu-qalaktika-kesf-edib
    Alimlər Marsda sağ qala biləcək canlı növünü təyin ediblər
    alimler-marsda-sag-qala-bilecek-canli-novunu-teyin-edibler