main-post-cover

    Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər

    Elm & Texnologiya
    07.04.2025
    Emil Nəcəfov
         Əgər hər şey plana uyğun getsə, yaxın gələcəkdə insanlar Ayda ilk bazaları inşa etməyə başlayacaqlar. Bu bazalar gələcəkdə insanların daimi yaşayacağı şəhərlərin təməli olacaqlar. Alimlər hesab edirlər ki, bu bazaları və şəhərləri Ay səthini örtən toz - ay reqoliti - vasitəsilə hazırlanan kərpiclərdən inşa etmək mümkündür. Tədqiqat müəllifləri müəyyən ediblər ki, əgər bu kərpiclər zədələnərsə, Yer mənşəli bakteriyalar onların bərpasına kömək edə bilərlər. Ayda tikinti materiallarının yerli resurslardan hazırlanması, gələcək bazaların və şəhərlərin inşaat xərclərini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Hindistanlı alimlərin fikrincə, Ayda tikinti üçün kərpicləri oraya gətirməkdənsə, yerli reqoliti istifadə edərək birbaşa Ayda istehsal etmək daha məqsədəuyğundur.
         Onlar artıq laboratoriyada ay reqoliti imitasiya olunmaqla belə kərpiclərin hazırlanması üzrə təcrübələr aparıblar. Bu təcrübələr zamanı həmçinin torpaqda yaşayan Sporosarcina pasteurii adlı Yer mənşəli bakteriyalardan istifadə olunub. Bu bakteriyalar öz həyat fəaliyyətlərinin tullantılarını və kalsiumu kalsium karbonat kristallarına çevirə bilirlər. Əgər bu bakteriyalar quar bitkisinin toxumlarından əldə edilən quar saqqızı ilə qarışdırılarsa, həmin kristallar ay reqoliti hissəciklərini bir-birinə bağlayaraq kərpic formasını yarada bilərlər. Alimlər həmçinin ay kərpiclərinin bişirilmə yolu ilə hazırlanmasına dair təcrübələr də aparıblar.
         Bu üsulda ay reqoliti imitatoru polivinilspirt (suda həll olan polimer) ilə qarışdırılaraq çox yüksək temperaturda sobada qızdırılır. Bu üsulla alınan kərpiclər bakteriyalarla hazırlanmış kərpiclərdən daha möhkəm çıxıb, lakin Ayda şərtlər kifayət qədər sərtdir. Ay kərpicləri +121 dərəcə Selsidən –133 dərəcə Selsiyə qədər temperatur fərqlərinə tab gətirə bilməlidir ki, bu da materiala güclü istilik yükü yaradır. Həmçinin, bu kərpiclər kosmik şüalanma və mikrometeoridlərin bombardmanına məruz qalacaqlar. Bu təsirlər nəticəsində kərpiclərdə çatlar əmələ gələ, onlar parçalana bilə və nəticədə Ay bazası zamanla dağılma riski ilə üz-üzə qala bilər. Buna görə də Hindistanlı alimlər Sporosarcina pasteurii bakteriyalarından istifadə edərək, kərpiclərdəki çatları doldurub onları yenidən möhkəmləndirə biləcək hermetik maddə hazırlamaq qərarına gəliblər.
         Alimlər ay reqoliti imitatorundan kərpiclər hazırlayıb onları bişirmə yolu ilə formalaşdırıblar, daha sonra isə bu kərpiclərə müxtəlif zədələr yetiriblər. Sonra alimlər Sporosarcina pasteurii bakteriyaları, quar saqqızı və reqoliti imitasiya edən qarışığı kərpiclərin üzərinə töküblər və qarışığın kərpiclərin içinə süzülərək bütün çatları doldurması üçün onları bir neçə gün tərk ediblər. Bakteriyalar çatları effektiv şəkildə dolduran kalsium karbonat yaradıb, biopolimerlər isə qarışığın kərpiclərlə birləşməsinə kömək edərək onların yenidən bərkiməsini təmin ediblər. Alimlər müəyyən ediblər ki, bu üsulla kərpiclərin möhkəmliyinin 54%-ə qədərini bərpa etmək mümkün olub.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb
    erken-kainatda-superkutleli-qara-deliklerin-formalasmasini-izah-eden-nezeriyye-ireli-surulub
    James Webb erkən kainatda çoxlu sayda "ölü" qalaktika kəşf edib
    james-webb-erken-kainatda-coxlu-sayda-olu-qalaktika-kesf-edib
    Alimlər Marsda sağ qala biləcək canlı növünü təyin ediblər
    alimler-marsda-sag-qala-bilecek-canli-novunu-teyin-edibler
    Torlu qişanın zədələnməsi halında görmə qabiliyyətinin bərpası dərmanı hazırlanıb
    torlu-qisanin-zedelenmesi-halinda-gorme-qabiliyyetinin-berpasi-dermani-hazirlanib
    Daha öncə Yer üçün təhlükəli olan asteroidin Ay ilə toqquşma ehtimalı var
    daha-once-yer-ucun-tehlukeli-olan-asteroidin-ay-ile-toqqusma-ehtimali-var