
Astronomlar Doqquzuncu planeti kəşf etdiklərini iddia edirlər
Elm & Texnologiya
21.06.2025
Emil Nəcəfov
Astronomlar hesab edirlər ki, onlar uzun illərdir alimlərin Neptunun orbitindən kənarda axtardıqları, çətin tapılan nəhəng Doqquzuncu planeti kəşf ediblər. Əgər bu kəşf təsdiqlənsə, bu, Günəş sisteminin necə formalaşıb inkişaf etdiyinə dair anlayışlarımızı tamamilə dəyişə bilər. Uzun illərdir astronomlar nəzəriyyəyə görə Günəş sisteminin kənarında, Neptunun orbitindən kənarda yerləşən Koyper qurşağında olmalı olan Doqquzuncu planetin axtarışındadırlar. Bu, bu günə qədər Günəşdən ən uzaq hesab olunan planetdir. arXiv preprint serverində dərc olunmuş araşdırmanın müəllifləri Doqquzuncu planetin axtarışında fərqli bir üsuldan istifadə ediblər. Onlar bu potensial planetin Günəş işığını əks etdirməsini izləmək əvəzinə, onun yaydığı istiliyi axtarıblar. Bu üsul nəticəsində Doqquzuncu planet ola biləcək iki namizəd obyekt aşkar edilib.

Astronomlar uzun müddətdir müşahidə ediblər ki, Neptunun orbitindən kənarda, Koyper qurşağında yerləşən kiçik buzlu obyektlər qeyri-adi şəkildə qruplaşıblar. Bu obyektlərin orbitləri elə bir şəkildə yerləşib ki, bu, sadəcə təsadüf ola bilməz. Buna görə də belə bir nəzəriyyə irəli sürülüb ki, bu buzlu obyektlərin Günəş ətrafında fırlanma trayektoriyasına nəhəng bir planetin güclü qravitasiya təsiri var. Hazırda Günəş sistemində 8 planetin mövcudluğu məlum olsa da, bu nəzəri nəhəng planet sadəcə olaraq Doqquzuncu planet adlandırılıb. Nəzəriyyəyə görə, bu planet Yer kürəsindən 5-10 dəfə böyük və kütləcə ağır olmalı, və Yerdən Günəşə olan məsafənin (150 milyon kilometr) 400-800 qatı qədər uzaqlıqda yerləşməlidir. Tədqiqatın müəllifləri bildirirlər ki, əgər bu planet həqiqətən mövcuddursa, bu qədər böyük məsafədə o, çox az miqdarda Günəş işığını əks etdirir.
Neptunun orbitindən kənarda yerləşən Koyper qurşağındakı məlum obyektlər. Ölçü astronomik vahidlərdə (AV) göstərilib. Günəş mərkəzdə yerləşir, Yupiter, Saturn, Uran və Neptun müvafiq olaraq J, S, U və N kimi göstərilib:

Buna görə də onu ənənəvi axtarış üsulları ilə aşkar etmək mümkün deyil. Məhz bu səbəbdən astronomlar qərara gəliblər ki, yeni planet istilik radiasiyası - yəni onun yaydığı istilik vasitəsilə axtarılmalıdır, çünki digər planetlər kimi o da istilik buraxır. Hətta Günəşdən bu qədər uzaq məsafədə olsa belə, Doqquzuncu planetin kifayət qədər istilik yayması və bunun aşkar edilə bilməsi ehtimalı var. Astronomlar Yaponiyaya məxsus AKARI kosmik teleskopunun məlumatlarından istifadə ediblər. Bu teleskop 2006-2011-ci illər arasında uzaq infraqırmızı diapazonda kosmosu müşahidə edib. Bu, uzaq və soyuq bir planetin istilik radiasiyasını aşkar etmək üçün ideal dalğa uzunluğudur. Astronomların sözlərinə görə, onlar arxiv məlumatlarında Doqquzuncu planetin yaymalı olduğu zəif istilik radiasiyasını müəyyən ediblər.
AKARI teleskopu:

AKARI teleskopunun fərqli vaxtlarda əldə etdiyi məlumatları müqayisə edərək, astronomlar müəyyən hərəkət növünə malik iki obyekt aşkar ediblər. Bu obyektlər modelləşdirməyə əsasən Doqquzuncu planetin yerləşməli olduğu bölgədə tapılıb. Hər iki obyekt nəzəriyyəyə əsasən Doqquzuncu planetin yaymalı olduğu infraqırmızı işıq miqdarını buraxır. Bu, planetin mövcudluğunu tam sübut etməsə də, Günəş sisteminin kənarında yerləşən bu fərz edilən kütləvi dünyanın aşkarlanması yolunda mühüm addım sayılır. Alimlərin sözlərinə görə, bu obyektlərdən birinin həqiqətən Doqquzuncu planet olub-olmadığını, yoxsa hər ikisinin tamamilə fərqli astronomik obyektlər olduğunu müəyyən etmək üçün daha güclü teleskoplarla əlavə müşahidələr aparılmalıdır. Əgər Doqquzuncu planetin mövcudluğu təsdiqlənsə, bu, Günəş sisteminin necə formalaşıb inkişaf etdiyinə dair anlayışımızı kökündən dəyişəcək.
Mənbə: Universe Today
Linki kopyala
nine planet of the solar system
9th planet of the solar system
doqquzuncu planet
science news
elmi xeberler
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnsanlar tərəfindən süni yaradılmış ən yüksək temperatur Günəşdən 300 000 dəfə isti olub

İnsanlar tərəfindən süni yaradılmış ən yüksək temperatur Günəşdən 300 000 dəfə isti olub
2012-ci ildə CERN-dən olan fiziklər Böyük Adron Kollayderində (BAK) aparılmış təcrübə zamanı indiyədək süni yolla yaradılmış ən yüksək temperaturu qeydə alıblar. Söhbət, 5 trilyon dərəcə Selsi temperaturdan gedir.
11 milyon işıq uzaqlığındakı qalaktikanın detallı və çoxrəngli fotosu təqdim edilib

11 milyon işıq uzaqlığındakı qalaktikanın detallı və çoxrəngli fotosu təqdim edilib
Avropa Cənub Rəsədxanasının (ESO) astronomları kainatın ən detallı və çoxrəngli qalaktika görüntüsünü yaradıblar. Bu, Yer kürəsindən 11 milyon işıq ili uzaqlıqda yerləşən NGC 253 adlı qalaktikadır.
Ən qədim superkütləli qara dəliyin sirrinin mümkün cavabı tapılıb

Ən qədim superkütləli qara dəliyin sirrinin mümkün cavabı tapılıb
Astronomlar uzun müddətdir erkən kainatda nəhəng kütləyə malik qara dəliklərin necə yarandıqlarını anlamağa çalışırlar. Hazırkı nəzəriyyələrə görə, belə qara dəliklərin o dövrdə yaranmaları mümkün deyildi.
Donuz embrionlarında ilk dəfə insan ürəyi yetişdirilib

Donuz embrionlarında ilk dəfə insan ürəyi yetişdirilib
Heyvan və insan ximeraları gələcəkdə orqan transplantasiyası üçün insan orqanlarının yetişdirilməsi məqsədilə əlverişli rezervuarlar kimi yaradılır.
Havanın mikroplastikdən təmizlənməsi üsulu təklif edilib

Havanın mikroplastikdən təmizlənməsi üsulu təklif edilib
Tədqiqatçılar ətraf mühitdə toplanmış mikoplastiki havadan təmizləmək üçün sadə və effektiv bir üsul tapıblar. Təcrübə göstərib ki, “yaşıl damlar” təhlükəli hissəciklərin 97.5%-ni aradan qaldıra bilir.
Həftənin xəbərləri

