
Amazon-un anbarlarında artıq 1 milyondan çox robot fəaliyyət göstərir
Elm & Texnologiya
02.07.2025
Emil Nəcəfov
Amazon tarixi bir texnoloji mərhələyə çatıb: onun anbarlarında 1 milyondan çox robot çalışır - bu, təxminən insan sayına bərabərdir. Ümumi 1.56 milyon əməkdaşın fonunda, Amazon-un qlobal çatdırılmalarının təxminən 75%-i artıq avtomatlaşdırılmış sistemlərin iştirakı ilə həyata keçirilir. ABŞ-da ən çox sayda işçi çalışdıran ikinci şirkət olan Amazon, logistika mərkəzlərini sürətlə transformasiya edir. Amazon-un ən mükəmməl yaradılışlarından biri Vulcan adlı robotdur. Bu robot toxunma həssaslığına malikdir və müxtəlif dərinlikdə və formada olan rəflərdən əşyaları çıxarmağa qadirdir. Amazon bəyan edib ki, Vulcan şirkətin logistika sisteminə inteqrasiya olunub və digər robotlar və insanlarla birgə çalışır. Mühəndislər operatorun iştirakı olmadan sifarişlərin robotlar arasında koordinasiyalı şəkildə ötürülməsinə nail olublar.

“Onlar robot texnologiyalarının tam inteqrasiyasına bir addım daha yaxınlaşıblar” - deyə konsaltinq şirkəti Interact Analysis-in tədqiqatçısı Rueben Scriven bildirib. Robotların sayının artması logistika səmərəliliyinin yüksəlməsinə, eyni zamanda insan resursundan asılılığın azalmasına səbəb olub. Bu, xüsusilə sifarişlərin yerinə yetirildiyi mərkəzlərdə kadr axını yüksək olan şəraitdə işin stabilləşdirilməsinə imkan verib. Avtomatlaşdırma vəzifələrin yenidən paylanmasına şərait yaradıb. Əvvəllər əməkdaşlar məhsulları qaldırır, dartır və əl ilə çeşidləyirdilərsə, indi robotları idarə edir, onların fəaliyyətini izləyir və diaqnostika aparırlar. Robotlar Amazon-un istehsal imkanlarını genişləndirməklə yanaşı, şirkətə işə qəbul tempini azaltmağa da imkan verir. The Wall Street Journal-ın analizinə əsasən, 2024-cü ildə bir anbarda orta hesabla 670 nəfər çalışıb. Bu, son 16 ilin ən aşağı göstəricisidir.

Eyni zamanda əmək məhsuldarlığı sürətlə artıb. Əgər 2015-ci ildə bir işçi ildə orta hesabla 175 bağlama emal edirdisə, 2024-cü ilə qədər bu rəqəm 3870-ə çatıb. Bu məlumatlar yüksək səmərəli avtomatlaşdırılmış logistika sisteminə keçidin sistemli şəkildə baş verdiyini göstərir. Amazon-un yeni anbarlarının bir qismi xüsusi olaraq sürətləndirilmiş çatdırılma - o cümlədən sifarişin verildiyi gün ərzində çatdırılma - üçün layihələndirilir. Şirkət nümayəndəsinin sözlərinə görə, bu obyektlərdə işçi sayı daha az olur və sifarişlərin yerinə yetirilmə müddətini qısaltmağa imkan verir. Logistika mərkəzlərinin arxitekturası elə qurulur ki, malların yerdəyişməsi minimuma endirilsin, çeşidləmə optimallaşdırılsın və marşrutlaşdırma sürətlənsin. Bu proseslərin hamısını isə avtonom robotlar həyata keçirir. Amazon, ABŞ ərazisində proseslərini avtomatlaşdıran yüzlərlə şirkət üçün nümunə rolunu oynayır.

Amazon-un baş direktoru Andy Jassy son çıxışında bildirib ki, şirkət logistika proseslərinə süni zəkanı fəal şəkildə tətbiq edir. Onun sözlərinə görə, məqsəd ehtiyatların yerləşdirilməsinin dəqiqliyini artırmaq, tələbatın proqnozlaşdırılmasını yaxşılaşdırmaq və robotların fəaliyyətinin səmərəliliyini yüksəltməkdir. Amazon rəsmi şəkildə təsdiqləyib ki, qarşıdakı illərdə əməkdaşların ümumi sayının azaldılması planlaşdırılır və bu azalma rəqəmsal həllərin tətbiqi ilə kompensasiya olunacaq. Amazon-un ən yüksək texnologiyalı obyektlərindən biri Luiziana ştatının Şrivport şəhərində yerləşir. Onun sahəsi təxminən 280 000 kvadrat metrdir. Bu məkanda 70-dən çox robotlaşdırılmış manipulyator avtomatik xətlərdə işləyir, milyonlarla məhsulu çeşidləyir, yığır və konsolidasiya edir. Robotlar arabaları müstəqil şəkildə yükləmə zonalarına aparır, sifarişləri kağız paketlərə yerləşdirir və göndərişə hazırlayırlar.

Bu sistemlərdən biri computer vision modulları və manipulyatorlardan istifadə edərək kiçik əşyaların dəqiq tutulmasını təmin edir. İnsan və robot arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədə sinxronlaşdırılıb. Məsələn, çeşidləyici robot lazım olan məhsulu əməkdaşa gətirir, o isə sifarişi əl ilə formalaşdırır. Digər robot isə rəflərdə çətin əlçatan əşyaları çıxarır, lakin bu proses insan nəzarəti altında baş tutur. Amazon-un məlumatına görə, bu mərkəzdə malların dövriyyə sürəti digər anbarlarla müqayisədə 25% daha yüksəkdir. Şirkət bəyan edib ki, dünya üzrə 700 000-dən çox əməkdaşını yeni rəqəmsal mühitdə işləmək üçün hazırlayıb. Hazırlıq proqramına ixtisasartırma kursları, mexatronika üzrə təcrübə proqramları, proqramlaşdırmanın əsasları və robotlaşdırılmış sistemlərin texniki xidməti daxildir.

Amazon-da yeni vəzifələr yaranır: robototexnika texnikləri, süni zəka operatorları, logistika alqoritmləri üzrə koordinatorlar və s. Amazon Robotics-in baş elmi əməkdaşı Yesh Dattatreya qeyd edib: “Siz əvvəllər mövcud olmayan tamamilə yeni peşələrin yaranmasını müşahidə edirsiniz”. Dattatreya Amazon-un San-Fransisko körfəzində yerləşən innovasiya laboratoriyasındakı komandaya rəhbərlik edir. Onlar səsli əmrləri tanıya bilən növbəti nəsil robotlar üzərində çalışırlar. Gələcəkdə bu robotlar mürəkkəb tapşırıqları yerinə yetirə biləcəklər, məsələn, operatorun əmri ilə yük dolu treyleri boşaltmaq. Bununla yanaşı, şirkət Agility Robotics tərəfindən hazırlanmış humanoid (insanabənzər) robotları da sınaqdan keçirir.

Əlləri, ayaqları və başı olan bu robotlar ilkin testləri qablaşdırma sahələrində keçiblər. Amazon vurğulayır ki, bu layihələr hələlik elmi-tədqiqat və təcrübi-konstruktor işləri (ETTKİ) mərhələsindədir. Amazon Robotics-in baş texnoloqu Tye Brady bildirib ki, şirkət işçiləri işə götürməyə davam edəcək və robotlar onları əvəz etmək üçün deyil, işlərini asanlaşdırmaq üçün yaradılır. Lakin Anbar İşçilərinin Hüquqlarını Müdafiə Mərkəzinin (Warehouse Worker Resource Center) icraçı direktoru Sheheryar Kaoosji bu prosesin uzunmüddətli nəticələrindən narahatdır. Onun sözlərinə görə, robotlar hələ ki, kiçik anbarlarda əmək strukturunu dəyişməyib, lakin avtomatlaşdırmanın yüksək səviyyəyə çatdığı iri Amazon mərkəzlərində işçi heyətinin əhəmiyyətli dərəcədə azaldılması tendensiyası müşahidə olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA GeForce RTX 5070 SUPER videokartı üzərində çalışır

NVIDIA GeForce RTX 5070 SUPER videokartı üzərində çalışır
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının yeni modeli üzərində çalışır.
Çinin qrafit bombaları bütöv şəhərləri elektrik enerjisindən məhrum edə bilər (VİDEO)

Çinin qrafit bombaları bütöv şəhərləri elektrik enerjisindən məhrum edə bilər (VİDEO)
Çinin dövlət televiziya kanalı CCTV Çin istehsalı olan yeni silahın - qrafit döyüş başlığına sahib raketin - animasiyalı videosunu nümayiş etdirib. Bu raket bütöv regionların enerji təchizatını iflic edə biləcək gücə malikdir.
Çində damar üzərindən uğurla beyin çipi implantasiya edilib

Çində damar üzərindən uğurla beyin çipi implantasiya edilib
Çinin Nankay Universitetindən olan alimlər dünyada ilk dəfə olaraq qan damarları vasitəsilə implantasiya edilmiş beyin-kompüter interfeysinin (BCI) uğurlu sınağını həyata keçiriblər.
Çində robotlar arasında futbol turniri keçirilib (VİDEO)

Çində robotlar arasında futbol turniri keçirilib (VİDEO)
Çinin paytaxtında unikal futbol turniri keçirilib və bu turnirdə humanoid (insanabənzər) robotlar iştirak ediblər. Hər hansı xarici müdaxilə olmadan, yalnız süni zəka tərəfindən idarə olunan robotlar çevik manevrlər edir, topu ələ keçirir və qapıya zərbələr endirirdilər.
2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq

2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq
Yalnız NVIDIA-nın qurucusu deyil, digər texnologiya nəhəngləri də robototexnika məhsulları bazarının böyüməsinə böyük ümidlər bəsləyirlər. TrendForce-un Economic Daily News-a istinadən verdiyi məlumata görə, TSMC rəhbərliyi proqnozlaşdırır ki, 2030-cu ilə qədər süni zəka funksiyalı 1.3 milyard robot istismarda olacaq.
Həftənin xəbərləri

