main-post-cover

    Sam Altman: "Süni zəka məhsulları ucuzlaşdıracaq, lakin bərabərsizlikdən xilas etməyəcək"

    Süni İntellekt
    10.02.2025
    Emil Nəcəfov
         OpenAI şirkətinin CEO-su Sam Altman yeni essedə bildirib ki, şirkət süni zəkanı hər kəs üçün əlçatan etmək məqsədilə genişmiqyaslı investisiyalara və təcrübi yanaşmalara hazırdır. O, bir daha vurğulayıb ki, tezliklə ümumi süni zəka (AGI) ortaya çıxacaq və bu, iqtisadiyyatı köklü şəkildə dəyişəcək, elmi tərəqqini sürətləndirəcək və bir çox məhsulların qiymətini azaldacaq. Lakin o, eyni zamanda müəyyən risklər barədə xəbərdarlıq edib. Bunlara süni zəkanın yaratdığı imkanların qeyri-bərabər bölüşdürülməsi və kütləvi nəzarət üçün istifadəsi potensialı daxildir. Bu arada, OpenAI yeni investisiyalar cəlb etmək üçün danışıqlar aparır və şirkətin 40 milyard dollara qədər investisiya əldə etməsi gözlənilir.
         "Təcrübə göstərir ki, xüsusilə uzunmüddətli perspektivdə baxdıqda texnologiyanın inkişafı ilə sağlamlıq və iqtisadiyyat kimi vacib sahələr ümumilikdə yaxşılaşır. Lakin bərabərlik avtomatik olaraq texnoloji tərəqqi ilə gəlmir və burada yeni ideyalara ehtiyac var. Xüsusilə kapital və əmək arasındakı tarazlığın pozulmamasına nəzarət etmək vacibdir. Əgər kapitalın xeyrinə həddindən artıq fərq yaranarsa, buna qarşı tədbirlər görülməli olacaq. Biz hər kəsin süni zəkadan istifadə edə bilməsi üçün "hesablama büdcəsi" kimi qeyri-adi ideyalara açığıq. Lakin biz həm də inanırıq ki, süni zəkanın dəyərinin minimuma endirilməsi istənilən effekti verəcək" - OpenAI rəhbəri Sam Altman yazıb.
         Altman bir daha ümumi süni zəkanın yaxın zamanda ortaya çıxacağını vurğulayıb. O, AGI-ni insan səviyyəsində mürəkkəb məsələləri həll edə bilən sistem kimi təsvir edir. AGI-nin müxtəlif sahələrə təsiri fərqli olacaq. Bəzi sənaye sahələri demək olar ki, heç bir dəyişiklik hiss etməyəcək. Elm isə çox güman ki, indiki dövrlə müqayisədə xeyli sürətlə inkişaf edəcək. Uzunmüddətli perspektivdə məhsulların qiymətləri kəskin şəkildə azalacaq (hazırda süni zəkanın və enerjinin yüksək dəyəri bu prosesi ləngidir), lüks əşyaların və bəzi təbii resursların, məsələn, torpağın qiyməti isə əksinə, daha da arta bilər.
         Altman xəbərdarlıq edir ki, AGI mükəmməl olmayacaq və çox güman ki, insanların ciddi nəzarətinə ehtiyac duyacaq. Onun fikrincə, bu sistemlərin əsas üstünlüyü onların geniş miqyasda tətbiq edilə bilməsində olacaq. Aydındır ki, bu təşəbbüsü həyata keçirmək üçün böyük maliyyə resursları tələb olunur. Altman-ın sözlərinə görə, süni zəkanın inkişafı ilə investisiyaların miqyası birbaşa bağlıdır. Buna görə də, OpenAI hazırda 40 milyard dollara qədər investisiya cəlb etmək üçün danışıqlar aparır və tərəfdaşları ilə birlikdə 500 milyard dollara qədər vəsaiti genişmiqyaslı məlumat emalı şəbəkəsinin yaradılmasına yönəltməyi planlaşdırır.
         Bununla yanaşı, Altman qeyd edib ki, müəyyən səviyyəli süni zəkanın istifadə dəyəri hər il 10 dəfə azalır. Bu o deməkdir ki, yeni və daha inkişaf etmiş süni zəka modellərinin yaradılması ucuzlaşmasa da, istifadəçilər getdikcə daha güclü sistemlərə çıxış əldə edirlər. Çin startapı DeepSeek-in təqdim etdiyi yüksək performanslı və sərfəli modellər bu tendensiyanı təsdiqləyirlər. Altman qeyd edib ki, OpenAI AGI təhlükəsizliyi ilə bağlı bəlkə də populyar olmayan qərarlar qəbul etməli olacaq. Daha güclü süni zəka inkişafı ilə şirkətin əsas məqsədi "hər bir insanın hüquq və imkanlarını genişləndirmək" olacaq.
         Bununla yanaşı, OpenAI süni zəkanın avtoritar hökumətlər tərəfindən kütləvi nəzarət və azadlıqların məhdudlaşdırılması üçün istifadə olunmasının qarşısını almağa çalışacaq. Altman düşünür ki, süni zəka iqtisadiyyatın və cəmiyyətin ayrılmaz hissəsinə çevriləcək və insanlar üçün hər şeyin "ağıllı" olması adi bir norma kimi qəbul ediləcək. Bununla yanaşı, o vurğulayıb ki, İnsanlara texnologiyanı idarə etmək üçün daha çox imkan verilməlidir və açıq mənbəli kodun istifadəsi daha geniş yayılmalıdır. Lakin bununla belə Altman əlavə edib ki, təhlükəsizlik və azadlıq arasında həmişə bir kompromis olacaq və bu reallıqla barışmaq lazım gələcək. Altman qeyd edib ki, OpenAI AGI səviyyəsinə çatdıqdan sonra da Microsoft ilə tərəfdaşlıq münasibətlərini davam etdirməyi planlaşdırır.
         Microsoft OpenAI-nin əsas tərəfdaşı və investoru olaraq qalacaq. Şirkətlər arasında belə bir razılaşma mövcuddur. AGI səviyyəsinə çatmaq, süni zəka sisteminin illik 100 milyard dollar gəlir əldə etməsi ilə müəyyən edilir Bu mərhələdən sonra OpenAI daha sərfəli investisiya şərtləri üzrə danışıqlar aparmaq imkanı qazanır. Lakin Altman açıq şəkildə bildirib ki, OpenAI uzunmüddətli perspektivdə Microsoft ilə əməkdaşlığı qorumaq niyyətindədir. Altman-ın bu açıqlaması Parisdə keçiriləcək AI Action Summit sammitindən öncə yayımlanıb. Hal-hazırda OpenAI yenidən strukturlaşma prosesindən keçir və gəlirə yönəlmiş kommersiya şirkətinə çevrilməyə çalışır. Məlumata görə, OpenAI 2029-cu ilə qədər illik 100 milyard dollar gəlir əldə etməyi hədəfləyir - bu, hazırda Target Nestle kimi nəhəng şirkətlərin illik satış həcminə bərabərdir.
    Mənbə: Sam Altman
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI 14 milyon dollara Super Bowl-da süni zəka reklamını sərgiləyib (VİDEO)
    openai-14-milyon-dollara-super-bowl-da-suni-zeka-reklamini-sergileyib-video
    Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 14.9 milyard dollarlıq investisiyanı elan edib
    seudiyye-erebistani-suni-zeka-sahesine-149-milyard-dollarliq-investisiyani-elan-edib
    Böyük İT şirkətlər bu il süni zəkaya 300 milyard dollardan çox investisiya yatıracaqlar
    boyuk-it-sirketler-bu-il-suni-zekaya-300-milyard-dollardan-cox-investisiya-yatiracaqlar
    SoftBank holdinqi OpenAI şirkətinə daha çox investisiya yatıracaq
    softbank-holdinqi-openai-sirketine-daha-cox-investisiya-yatiracaq
    DeepSeek artıq 15 milyondan çox aktiv istifadəçi kütləsinə sahibdir
    deepseek-artiq-15-milyondan-cox-aktiv-istifadeci-kutlesine-sahibdir