main-post-cover

    Elon Musk, OpenAI şirkətini 97.4 milyard dollara almağı təklif edib

    Tech-Biznes
    11.02.2025
    Emil Nəcəfov
         The Wall Street Journal-ın məlumatına görə, Elon Musk investorlar qrupuna rəhbərlik edərək OpenAI-nin qeyri-kommersiya bölməsini 97.4 milyard dollara almaq üçün təklif irəli sürüb. Media bu addımı "Silikon Vadisində süni zəka sahəsində ən gərgin rəqabətin dramatik eskalasiyası" kimi qiymətləndirib. Satınalma təklifi bazar ertəsi səhər OpenAI-nin idarə heyətinə təqdim edilib. Bu təklif Elon Musk-ın rəhbərlik etdiyi güclü investor koalisiyası tərəfindən irəli sürülüb və Musk-ın xAI süni zəka şirkətini, Valor Equity Partners vençur şirkətini, Hollywood maqnatı Ari Emanuel-i, Palantir-in həmtəsisçisi Joe Lonsdale-i və 8VC fondu kimi iri vençur investorlarını əhatə edir.
         Bu təklif OpenAI üçün dönüş nöqtəsində irəli sürülüb. Bir müddət əvvəl şirkətin rəhbəri Sam Altman, OpenAI şirkətini kommersiya təşkilatına çevirmək prosesini başlatmışdı. Son məlumata görə, OpenAI dəyəri 340 milyard dollar qiymətləndirilən şirkət kimi 40 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Yanvar ayının sonunda ABŞ-ın 500 milyard dollarlıq süni zəka layihəsi olan "Stargate" elan edildi və OpenAI onun əsas iştirakçılarından biri oldu. Elon Musk üçün bu təklif, OpenAI-nin kommersiya təşkilatına çevrilməsinə qarşı mübarizədə ən cəsarətli addım sayılır.
         Musk hesab edir ki, OpenAI öz ilkin missiyasına - süni zəkanın təhlükəsiz və açıq şəkildə inkişafına xəyanət edib. Bu səbəbdən o, hazırda OpenAI-yə qarşı məhkəmə iddiası qaldırıb. Xatırladaq ki, Elon Musk 2015-ci ildə Sam Altman ilə birgə OpenAI-i təsis etmişdi. Lakin 2019-cu ildə Musk OpenAI-dan ayrılmışdı. "OpenAI-nin bir vaxtlar olduğu açıq mənbəli (open-source), təhlükəsizliyə yönəlmiş və xeyirxah güc kimi fəaliyyətinə qayıtmasının vaxtı çatıb" - deyə Elon Musk vəkil Marc Toberoff vasitəsilə The Wall Street Journal-a açıqlama verib. "Biz bunun baş verməsini təmin edəcəyik" - deyə o, əlavə edib.
         Bu təklif OpenAI-nin kommersiya şirkətinə çevrilməsi planlarını xeyli çətinləşdirir, çünki Musk-ın komandası daha yüksək qiymət təklif edilərsə, onu qarşılamağa və ya hətta üstələməyə hazır olduqlarını bildirib. Bu isə artıq investorlarla danışıqlar aparan Sam Altman üçün mürəkkəb vəziyyət yaradır. Mediada bu satınalma xəbəri yayıldıqdan qısa müddət sonra, Altman X (keçmiş Twitter) platformasında belə bir paylaşım edib: "Xeyr, təşəkkürlər, amma əgər istəyirsinizsə, biz Twitter-i 9.74 milyard dollara ala bilərik". OpenAI-dən rəsmi açıqlama istənildikdə, şirkət yalnız Altman-ın bu paylaşımına istinad edib. Elon Musk-ın nümayəndələri isə hələlik təkliflə bağlı rəsmi şərh verməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI öz süni zəka çipinin istehsalına artıq bu il start verə bilər
    openai-oz-suni-zeka-cipinin-istehsalina-artiq-bu-il-start-vere-biler
    Sam Altman: "Süni zəka məhsulları ucuzlaşdıracaq, lakin bərabərsizlikdən xilas etməyəcək"
    sam-altman-suni-zeka-mehsullari-ucuzlasdiracaq-lakin-berabersizlikden-xilas-etmeyecek
    OpenAI 14 milyon dollara Super Bowl-da süni zəka reklamını sərgiləyib (VİDEO)
    openai-14-milyon-dollara-super-bowl-da-suni-zeka-reklamini-sergileyib-video
    Böyük İT şirkətlər bu il süni zəkaya 300 milyard dollardan çox investisiya yatıracaqlar
    boyuk-it-sirketler-bu-il-suni-zekaya-300-milyard-dollardan-cox-investisiya-yatiracaqlar
    SoftBank holdinqi OpenAI şirkətinə daha çox investisiya yatıracaq
    softbank-holdinqi-openai-sirketine-daha-cox-investisiya-yatiracaq