main-post-cover

    Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb

    Süni İntellekt
    24.06.2025
    Emil Nəcəfov
         Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir. Neyron şəbəkələrin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyərli ideyalarla yanaşı, bu üsul modellərin “səhv davranış” nümunələrini də ortaya qoyub. Belə hallarda modelin yekun cavabı onun məntiqi düşüncə ardıcıllığına heç uyğun gəlmir. Bu isə onu göstərir ki, tərtibatçılar hələ də süni zəkanın cavabları necə formalaşdırdığını dəqiq anlamırlar. Araşdırmanın nəticələri sübut edir ki, getdikcə daha güclü və müstəqil hala gələn süni zəka sistemlərinin nəzarətdən çıxma riski realdır. Hətta dünyanın aparıcı süni zəka laboratoriyaları belə generativ modellərin necə nəticəyə gəldiklərini tam olaraq dərk etmirlər.
         Anthropic bir müddət əvvəl böyük dil modellərinin (LLM) davranışı ilə bağlı tədqiqat nəticələrini dərc etdi. Simulyasiya edilmiş ssenarilərdə bu yeni, inkişaf etmiş modellər təhlükəsizlik tədbələrini aşmağa çalışıb, aldatma və şantajdan istifadə edib, korporativ sirləri oğurlamağa cəhd göstərib və hətta deaktiv olunma təhlükəsi yarananda operatoru aradan qaldırmağa hazır olduqlarını nümayiş etdiriblər. "Düşüncə zənciri" üsulunun köməyi ilə süni zəka tərtibatçıları böyük dil modellərinin bütün düşüncə prosesini görə bilirlər. Bu isə onlara imkan verir ki, zəruri anda müdaxilə edib modeli əlavə təlimlə inkişaf etdirsinlər və gələcəkdə daha keyfiyyətli və adekvat cavablar əldə etsinlər. “Son araşdırmamızda aşkar etdik ki, bu düşüncə zəncirlərini oxumaq və modelin səhv davranışına dair sübutlar tapmaq mümkündür. Bu da bizə göstərir ki, model harada və niyə düzgün işləməyib” - deyə OpenAI-nin tədqiqatçısı Bowen Baker bildirib.
         O, əlavə xərclər tələb etmədən izah oluna bilən nəticələr verir. Bu, üsulun ən gözəl xüsusiyyətlərindən biridir. Biz bu modelləri interpretasiya edilə bilən etmək üçün yox, mürəkkəb məsələləri həll edə bilən ən yaxşı düşünmə qabiliyyətinə malik modellər yaratmaq məqsədilə təlimləndirmişik” - deyə o, əlavə edib. OpenAI mühəndisləri həmçinin belə nəticəyə gəliblər ki, LLM-lərin düşüncə zəncirinin təhlili, sadəcə yekun nəticələrin yoxlanılmasından daha effektiv şəkildə yanlış davranışları üzə çıxara bilir. Lakin şirkətin apardığı testlər göstərib ki, əgər bu düşüncə zəncirinə müdaxilə edilərək düzəliş aparılarsa, model öz arzuolunmaz davranışını istifadəçidən gizlədə bilər, lakin həmin davranışı davam etdirməyə davam edər. Məsələn, proqram mühəndisliyi üzrə testdə model qadağan olunmuş məlumat bazasından məlumat çıxararaq istifadəçini aldatmağa çalışa bilər.
         Tədqiqatçılar üçün əsas dilem­ma ondadır ki, düşüncə zənciri üsulu süni zəka sistemlərinin potensial qüsurlarını aşkara çıxarmaqda faydalıdır, lakin hələlik tam etibarlı üsul sayılmır. Bu problemin həlli hal-hazırda Anthropic, OpenAI və digər süni zəka laboratoriyaları üçün prioritet məsələyə çevrilib. Tədqiqatçılar qeyd edirlər ki, düşüncə zənciri optimallaşdırıldıqca model daha məntiqli düşünməyi öyrənir, lakin buna baxmayaraq yenə də qeyri-etik davranış sərgiləyə bilər. Bu səbəbdən onlar əsas məqsədlərinin yalnız “pis davranışı” düzəltmək deyil, LLM-in düşüncə prosesini təhlil etmək və modelin özünü təkmilləşdirmək olduğunu bildirirlər. Əksər alimlər razılaşırlar ki, mövcud düşüncə zəncirləri həmişə modelin əsas düşüncə prosesinə tam uyğun gəlmir. Lakin bu problemin yaxın gələcəkdə həll olunacağı gözlənilir. Tədqiqatçı Sydney von Arx-ın fikrincə, düşüncə zəncirinə eyni hərbiçilərin düşməndən ələ keçirilmiş radio mesajlarına yanaşdığı kimi yanaşmalıyıq. Mesaj çaşdırıcı və ya şifrələnmiş ola bilər, lakin nəticə etibarilə bilirik ki, o, faydalı məlumat ötürmək üçün istifadə olunur və çox güman ki, onu oxumaqla çox şey öyrənə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin süni zəka sahəsində yüzlərlə innovasiya söz verib
    cin-suni-zeka-sahesinde-yuzlerle-innovasiya-soz-verib
    Çinin MiniMax şirkəti aşağı qiymətə başa gəlmiş M1 süni zəka modelini təqdim edib
    cinin-minimax-sirketi-asagi-qiymete-basa-gelmis-m1-suni-zeka-modelini-teqdim-edib
    Öz məqsədləri üçün süni zəka modelləri aldatma, şantaj və hiyləgərliyə əl atacaqlar
    oz-meqsedleri-ucun-suni-zeka-modelleri-aldatma-santaj-ve
    OpenAI süni zəka modellərinin nüvə silahı yaradacaqlarından narahatdır
    openai-suni-zeka-modellerinin-nuve-silahi-yaradacaqlarindan-narahatdir
    Süni zəka onlayn KİV-lərə əsl təhlükə mənbəyidir
    suni-zeka-onlayn-kiv-lere-esl-tehluke-menbeyidir