
Süni zəka infrastrukturunun əlçatan olmaması rəqəmsal, iqtisadi və siyasi bərabərsizliyi daha da dərinləşdirəcək
Süni İntellekt
25.06.2025
Emil Nəcəfov
Süni zəka qlobal innovasiyaların əsasına çevrilir, buna görə də ölkələrin inkişafı üçün təkcə istedad və ideyalar kifayət etmir. Süni zəka ilə işləmək üçün lazımi avadanlığın olması da vacibdir. Oksford Universiteti alimlərinin araşdırmasına görə, dünyada cəmi təxminən 30 ölkə ixtisaslaşdırılmış süni zəka əsaslı məlumat emalı mərkəzlərinə malikdir və onların əksəriyyəti əsasən planetin Şimal yarımkürəsində yerləşir. Məlumata görə, dünyanın qalan hissəsinin bu texnologiyalara çıxışı yoxdur. Hesabatda qeyd olunur ki, süni zəka əsaslı məlumat emalı mərkəzlərinin 90%-dən çoxu yalnız ABŞ və Çində fəaliyyət göstərir. ABŞ-ın texnoloji nəhəngləri - AWS, Microsoft və Google - dünyada ümumilikdə 87 böyük süni zəka məlumat emalı mərkəzinə nəzarət edir. Çin şirkətləri 39 belə mərkəzə, Avropa isə cəmi 6 mərkəzə malikdir.

Afrika, Cənubi Amerika və Rusiya isə xəritədə demək olar ki, nəzərəçarpacaq şəkildə göstərilməyib - baxmayaraq ki, Rusiyada süni zəka superkompüterləri mövcuddur. Bundan əlavə, HonKonq və Tayvan hesabatda ayrıca ölkələr kimi qeyd olunub. Hər halda, dünyanın 150-dən çox ölkəsində tam funksional süni zəka məlumat emalı mərkəzləri infrastrukturu ümumiyyətlə mövcud deyil və bu texnologiyalara çıxış olmadan onlar süni zəkanın mənimsənilməsi, elmi tədqiqatlar və iqtisadi inkişaf sahələrində geri qalmaq riski ilə üz-üzədirlər. Daha bir mühüm amil isə texnoloji suverenlikdir. Bir çox ölkələr xarici İT nəhənglərinin gücünə məcburi şəkildə bel bağlayır, bu isə həm baha başa gəlir, həm də həmin resurslar başqa yurisdiksiyalarda yerləşir.

Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyanın bir sıra regionlarından olan startaplar və tədqiqatçılar üçün bu, ciddi problemdir. Microsoft-un prezidenti Brad Smith-in sözlərinə görə, süni zəka dövrü Afrikanın geri qalmasını daha da dərinləşdirə bilər. Məsələn, Keniyada Qhala kimi startaplar afrika dillərində süni zəka modelləri hazırlayırlar, lakin yerli məlumat emalı mərkəzləri olmadığından xarici serverlərdə hesablama gücü icarəyə götürməyə məcburdurlar. Müqayisə üçün, yalnız Harvard Universitetinin Kempner İnstitutu bütün Afrika üzrə süni zəka obyektlərindən daha böyük hesablama gücünə malikdir. Bu cür bərabərsizlik texnologiya baxımından zəif olan ölkələr üçün acı nəticələrə gətirib çıxarır. Məsələn, Argentinada alimlər ən istedadlı tələbələrin hesablama resurslarına çıxış əldə etmələri üçün mütəmadi olaraq ABŞ və Avropa Birliyinə köçdüklərindən şikayətlənirlər.

Problem təkcə texniki deyil, çünki süni zəka məlumat emalı mərkəzlərinə çıxış olmadan ölkələr innovasiyalardan, investisiyalardan və istedadlardan məhrum olurlar. Bəzi ölkələr ABŞ-ın təzyiqi ilə üzləşməmək üçün Çinlə əməkdaşlıqdan imtina edirlər. Amma bunun əksi də doğrudur - Afrikada bəzi siyasətçilər mövcud məlumat mərkəzlərinin Çin sürətləndiricilərini yerləşdirmək üçün yenidən qurulması ilə bağlı Huawei şirkəti ilə danışıqlar aparırlar, məqsəd isə ABŞ-ın NVIDIA şirkətindən asılılıqdan qurtulmaqdır. Tədqiqatçıların qeyd etdiklərinə görə, yaxın gələcəkdə hesablama texnologiyası istehsalçıları neft təchizatçılarına bənzər təsir gücünə malik ola bilərlər.

Rəqəmsal bərabərsizliyi aradan qaldırmaq üçün Hindistan öz suveren süni zəka infrastrukturunun yaradılmasını subsidiyalaşdırır, Braziliya oxşar məqsədlər üçün 4 milyard dollar ayırmaq niyyətindədir, Avropa Birliyi isə bu sahəyə 200 milyard avro investisiya yatırmağa hazırlaşır. Afrikada yerli biznes 500 milyon dollar dəyərində 5 məlumat emalı mərkəzinin tikintisi layihəsini irəli aparır, lakin bu belə tələbatın yalnız kiçik bir hissəsini ödəyə biləcək. Əvvəllər rəqəmsal bərabərsizlik telefon xətlərinə və ya internetə qeyri-bərabər çıxışla ifadə olunurdusa, indi söhbət süni zəka infrastrukturuna və onun komponentlərinin paylanmasına kimin nəzarət etdiyindən gedir. Bu uçurum təkcə texnoloji deyil, həm də iqtisadi və hətta siyasi xarakter daşıyır.
Mənbə: Tech Republic
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google robotlar üçün internetsiz çalışa bilən süni zəka modelini təqdim edib

Google robotlar üçün internetsiz çalışa bilən süni zəka modelini təqdim edib
Google DeepMind internetə qoşulmadan işləyə bilən robotlar üçün Gemini Robotics adlı süni zəka modelinin yeni versiyasını təqdim edib. Yeni versiya Gemini Robotics On-Device adlanır. Bu, "görmə - dil - hərəkət" (VLA) tipli modeldir və mart ayında təqdim olunmuş versiya ilə eyni imkanlara malikdir.
Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb

Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb
Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir.
Çin süni zəka sahəsində yüzlərlə innovasiya söz verib

Çin süni zəka sahəsində yüzlərlə innovasiya söz verib
Çin hakimiyyəti süni zəka sahəsində milli infrastrukturun inkişafına olduqca ciddi diqqət yetirir. Buna görə də bazar iştirakçıları qarşısında növbəti 18 ay ərzində DeepSeek-in təqdimatı ilə müqayisə oluna biləcək təsirə malik yüzdən çox texnoloji sıçrayış həyata keçirmək vəzifəsi qoyulub.
Çinin MiniMax şirkəti aşağı qiymətə başa gəlmiş M1 süni zəka modelini təqdim edib

Çinin MiniMax şirkəti aşağı qiymətə başa gəlmiş M1 süni zəka modelini təqdim edib
Bu artıq adi bir praktika halını alıb. Hər bir neçə aydan bir Çindən olan az tanınan bir şirkət böyük dil modeli (LLM) təqdim edir və bu, qabaqcıl süni zəka alqoritmlərinin təlim və istismar xərcləri ilə bağlı təsəvvürləri alt-üst edir.
Öz məqsədləri üçün süni zəka modelləri aldatma, şantaj və hiyləgərliyə əl atacaqlar

Öz məqsədləri üçün süni zəka modelləri aldatma, şantaj və hiyləgərliyə əl atacaqlar
Anthropic şirkəti böyük dil modellərinin (LLM) davranışı ilə bağlı aparmış olduğu tədqiqatın nəticələrini dərc edib. Şirkət mütəxəssisləri müəyyən ediblər ki, simulyasiya olunmuş test ssenarilərində yeni və inkişaf etmiş LLM-lər getdikcə daha çox təhlükəsizlik tədbirlərini aşmağa çalışır, aldatma, şantaj kimi üsullara əl atır və hətta korporativ sirləri oğurlamağa cəhd edirlər.
Həftənin xəbərləri

