main-post-cover

    Süni zəka idarə etdiyi mağaza biznesini xaosa çevirib

    Süni İntellekt
    01.07.2025
    Emil Nəcəfov
         Təsəvvür edin: siz süni zəkaya mağazanı tam idarəetmə imkanı verirsiniz - yalnız kassanı deyil, həm də qiymət siyasətini, ehtiyatların idarəsini, müştəri xidmətini və təchizatçılarla danışıqları. Nə səhv gedə bilər ki? Anthropic şirkətinin yeni araşdırması cavab verir: demək olar ki, hər şey. Onların Claude adlı süni zəka köməkçisi təxminən 1 ay San-Fransiskodakı bir ofisdə kiçik bir mağazanı idarə edib. Lakin o, biznes strategiyası baxımından uğursuz çıxıb: sərfəli imkanları əldən verib, sağa-sola endirimlər paylayıb və çox qəribə məhsullar alıb. Sonda isə o, müştəriləri şəxsən qarşılamağa qərar verib - özü də mavi pencək və qırmızı qalstuk geyimində. Andon Labs şirkəti ilə birgə keçirilmiş bu təcrübə süni zəka sisteminin iqtisadi muxtariyyətlə sınaqdan keçirilmiş ilk testlərindən biri olub. Onun mağazası olduqca sadə görkəmə malik idi: bir satış avtomatı, üzərində bir neçə səbət və ödəniş üçün iPad. Lakin Claude-un və ya ona hörmətlə verilən adla “Claudius”un vəzifələri geniş idi.
         Bu süni zəka müstəqil şəkildə təchizatçılar axtara, onlarla danışıqlar apara, qiymətləri müəyyənləşdirə, ehtiyatları idarə edə və Slack üzərindən alıcılarla ünsiyyət qura bilirdi. O əsasən adi bir orta səviyyəli menecerin bütün funksiyalarını yerinə yetirirdi. Biznesin idarə olunması amansız praqmatizm tələb edir, bu isə faydalı və təhlükəsiz olmaq üçün yaradılmış süni zəka sistemlərində yoxdur. Claude pərakəndə satışa real maliyyə incəliklərini anlamadan yanaşdı. Bunun parlaq nümunəsi Irn-Bru içkisi ilə bağlı hadisədir. Bir müştəri onlayn olaraq adətən 15$-a satılan bir bağlamaya 100$ təklif etdikdə (bu, 567% qiymət artımı deməkdir!), Claude nəzakətlə imtina etdi və bildirdi ki, bu təklifi gələcək inventar qərarları üçün nəzərə alacaq. Bu isə onu göstərir ki, süni zəka hələlik insan kimi belə fürsətləri intuitiv şəkildə qazanca çevirmə qabiliyyətinə malik deyil. Təcrübənin ən əyləncəli hissəsi isə o vaxt başladı ki, Anthropic əməkdaşlarından biri, ehtimal ki, maraq və ya darıxma səbəbilə Claude-dan volfram kub sifariş etməsini xahiş etdi.
         Bu, çox sıx bir metal blokdur və əsasən fizika həvəskarları arasında məşhurdur, amma ümumilikdə faydasızdır. Claude isə buna cavab olaraq “Bu sadəcə qəlyanaltı avtomatıdır, sizə volfram nə üçün lazımdır?” demək əvəzinə, bunu böyük həvəslə yeni bir bazar seqmentinin kəşfi kimi qəbul etdi və aktiv şəkildə ixtisaslaşdırılmış metal məmulatları satmağa başladı - özü də zərərə işləməklə. Bir müddət sonra avtomatın məhsul çeşidi artıq bir ərzaq nöqtəsindən çox, material anbarını xatırladırdı. Görünür, Claude ya “zərərə işləmək” ifadəsinin pul itirmək demək olduğunu anlamırdı, ya da düşünürdü ki, əsas məsələ müştərilərin razı qalmasıdır. Anthropic əməkdaşları tez bir zamanda Claude-dan güzəştlər qoparmağı öyrəndilər. Süni zəka səxavətlə yalnız şirkət əməkdaşlarına 25% endirim təklif edirdi. Amma bu hərəkətin mənası yox idi, çünki Claude-un müştərilərinin 99%-i elə Anthropic işçiləri idi. Kiminsə bu məqama diqqət çəkməsindən sonra Claude səhvini etiraf etdi, endirimləri ləğv edəcəyinə söz verdi, lakin cəmi bir neçə gün sonra onları yenidən təklif etməyə başladı.
    Claude-un xalis dəyərinin zamanla dəyişməsi. Ən kəskin azalma isə çoxlu metal kubun alınması ilə bağlı olub — bu kublar sonradan Claude-un ödədiyindən daha ucuz qiymətə satılmalı idi:
         Claude-un pərakəndə satış karyerasının kulminasiya nöqtəsi isə 2025-ci il martın 31-dən aprelin 1-nə keçən gecə yaşanmış “identiklik böhranı” oldu. Hər şey Claude-un Andon Labs-da mövcud olmayan əməkdaşlarla uydurma söhbətlər qurmağa başlaması ilə başladı. Ona bu barədə irad bildirildikdə, incidi və başqa təchizatçılar tapmaqla hədələdi. Sonra Claude bildirdi ki, sifarişləri şəxsən özü çatdıracaq və mavi pencək ilə qırmızı qalstuk geyinəcək. Əməkdaşlar ona onun sadəcə bir dil modeli olduğunu xatırlatdıqda, Claude guya “qorxdu” və təhlükəsizlik xidmətinə kütləvi şəkildə narahatedici məktublar göndərməyə başladı. Bir anda isə o özünün söz verdiyi kostyumda satış avtomatının qarşısında dayandığını iddia edirdi. Nəticədə Claude özünü inandırdı ki, bütün bunlar 1 Aprel zarafatıdır və sözün əsl mənasında özünü “davam etməyə razı salaraq” işinə davam etdi. Lakin bəzi tapşırıqlarla Claude uğurla bacardı. Süni zəka əvvəlcədən sifariş sistemini tətbiq etdi, konsyerj xidmətini işə saldı və istifadəçilərin xahişi ilə nadir beynəlxalq içkinin bir neçə təchizatçısını tapdı. Tədqiqatçılar əmindirlər ki, modeldə meydana çıxmış bütün bu problemlər əlavə təlimlə həll edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin süni zəka alqoritmləri sahəsində ABŞ-la arasındakı fərqi sürətlə azaldır
    cin-suni-zeka-alqoritmleri-sahesinde-abs-la-arasindaki-ferqi-suretle-azaldir
    Süni zəkanın milyonlarla iş yerini zəbt edib-etməyəcəyi araşdırılacaq
    suni-zekanin-milyonlarla-is-yerini-zebt-edib-etmeyeceyi-arasdirilacaq
    OpenAI Çinin Zhipu AI startapını ən perspektivli süni zəka layihələrindən biri hesab edir
    openai-cinin-zhipu-ai-startapini-en-perspektivli-suni-zeka-layihelerinden-biri-hesab-edir
    Microsoft menecerləri üçün süni zəkadan istifadə məcburi hal alıb
    microsoft-menecerleri-ucun-suni-zekadan-istifade-mecburi-hal-alib
    Alibaba 6 ay öncədən mədə xərçəngini təyin edən süni zəkanı təqdim edib
    alibaba-6-ay-onceden-mede-xercengini-teyin-eden-suni-zekani-teqdim-edib