
Yenilənmiş Siri OpenAI və ya Anthropic-in süni zəka modeli əsasında çalışa bilər
Proqram Təminatı
02.07.2025
Emil Nəcəfov
Apple, Siri adlı ağıllı səsli köməkçisinin yeni funksiyalarını özünün hazırladığı modellər deyil, Anthropic və ya OpenAI-nin süni zəka platformaları əsasında qurmaq imkanını araşdırır. Bu barədə Bloomberg-in insayderi Mark Gurman şəxsi mənbələrinə istinadən məlumat verib. Məlumata görə, şirkət artıq həm Anthropic, həm də OpenAI ilə bu məsələ üzrə əlaqə yaradaraq onlardan xüsusi versiya modellərini Apple üçün öyrətməyi xahiş edib. Bu modellər sınaq mərhələsində Apple-ın bulud infrastrukturu üzərindən işə salına bilər. Əgər Apple bu istiqamətdə fəaliyyətini davam etdirərsə, bu, şirkətin strateji yanaşmasında radikal dəyişikliyin baş verəcəyini göstərəcək. Belə ki, hazırda istifadəçilərə təqdim edilən süni zəka funksiyalarının əksəriyyəti Apple-ın özünün Foundation Models ailəsinə əsaslanır. Siri-nin daha ağıllı versiyasının 2026-cı ildə təqdim olunması planlaşdırılır və köməkçinin Anthropic Claude və ya OpenAI ChatGPT modellərinə keçidi, Apple-ın generativ süni zəka sahəsində - son onilliklərin ən vacib texnologiyasında - ciddi şəkildə yarışa qatıldığını göstərəcək.

Hal-hazırda Siri internet axtarışlarını ChatGPT vasitəsilə həyata keçirə bilir, lakin onun əsas funksiyaları hələ də Apple-ın öz həllərinə əsaslanır. Siri 2011-ci ildə təqdim olunub və bu günə qədər süni zəka ilə işləyən məşhur çat-botlardan əhəmiyyətli dərəcədə geri qalıb. Apple-ın onu yenilənmiş formada təqdim etməyə dair cəhdləri isə hələlik uğursuz olub. Buna texniki problemlər və gecikmələr səbəb olub. Başlanğıcda Apple ağıllılaşdırılmış Siri versiyasını 2025-ci ilin əvvəlində təqdim etməyi planlaşdırırdı, lakin sonradan buraxılış müddəti qeyri-müəyyən vaxta qədər təxirə salındı. Siri-yə xarici modellərin inteqrasiyası imkanlarını araşdıran layihə üzərində işlər yalnız indi başlayıb və bu modellərin tətbiqi ilə bağlı hələ yekun qərar verilməyib. Bloomberg mənbələrinin qeyd etdiklərinə görə, Apple-ın öz modellərinə əsaslanan alternativ Siri layihəsi isə fəal şəkildə inkişaf etdirilməkdədir.

Siri-yə xarici süni zəka sistemlərinin inteqrasiyası məsələsi Siri bölməsinin rəhbəri Mike Rockwell və proqram təminatı üzrə inkişaf bölməsinin rəhbəri Craig Federighi tərəfindən irəli sürülüb. Bu məsələ, süni zəka sahəsində gecikmələr səbəbilə vəzifəsindən uzaqlaşdırılan keçmiş süni zəka rəhbəri John Giannandrea əvəz olunduqdan sonra onlara həvalə olunub. Daha əvvəl Vision Pro cihazına cavabdeh olan Rockwell mart ayında Siri sahəsinə rəhbər təyin edildi. Vəzifəyə başladıqdan sonra o, yeni komandasına tapşırıq verdi ki, Apple-ın öz modellərini Anthropic Claude, OpenAI ChatGPT və ya Google Gemini kimi xarici modellərlə əvəzləsələr, Siri istifadəçi sorğularını daha yaxşı cavablandıra bilib-bilmədiyini qiymətləndirsinlər. Bir neçə test mərhələsindən sonra Rockwell və şirkətin digər rəhbərləri Siri üçün ən perspektivli texnologiyanın Anthropic-ə məxsus Claude modeli olduğunu qənaətinə gəliblər.

Nəticədə, Apple-ın vitse-prezidenti Adrian Perica Anthropic ilə Claude modelinin istifadəsinə dair danışıqlara başlayıb. Bloomberg mənbələrinin bildirdiklərinə görə, Apple-ın süni zəka bölməsi qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərir, çünki şirkət rəhbərliyi hələ də gələcəkdə hansı istiqamətlərdə irəliləyəcəyini araşdırır. 2026-cı il üçün artıq çox milyardlıq büdcə təsdiqlənib və bu, Apple-ın öz modellərinin bulud əsaslı versiyasını işə salmağı nəzərdə tutur. Lakin şirkətin gələcək planları ilə bağlı aydınlıq hələ də yoxdur. Federighi, Rockwell və digər rəhbərlər qısamüddətli perspektivdə üçüncü tərəf həllərinin daha optimal seçim olduğunu düşünməyə başlayıblar. Onlar hesab edirlər ki, Apple Siri üçün hələ tam yetkin olmayan öz modellərini tətbiq etməyə məcbur deyillər, xüsusilə də xarici tərtibatçılarla əməkdaşlıq etmək imkanı varsa. Üstəlik, bu yanaşma artıq digər şirkətlər tərəfindən də tətbiq olunur.

Məsələn, Samsung Galaxy AI paketindəki tətbiqlər Google Gemini modelləri ilə işləyir, Amazon Alexa+ köməkçisi isə Anthropic texnologiyalarına əsaslanır. Gələcəkdə Apple öz texnologiyalarını təkmilləşdirdikcə, son məhsulların işləməsi üçün nə qədər vacib olduğunu nəzərə alaraq, intellektual mülkiyyətinə sahib olduğu süni zəka modellərindən istifadə edəcək. Hazırda şirkət süni zəkadan aktiv şəkildə istifadə edəcək masaüstü robot və ağıllı eynəklər kimi cihazlar üzərində işləyir. Bu sahədə mövqeyini gücləndirmək istəyən Apple, Perplexity şirkətini almaq imkanını nəzərdən keçirib və OpenAI-nin keçmiş texniki direktoru Mira Murati tərəfindən təsis edilmiş Thinking Machines Lab startapı ilə qısa danışıqlar aparıb. Apple öz süni zəka modellərinin hazırlanmasını təxminən 100 nəfərlik komanda ilə həyata keçirir.

Bu komandaya 2021-ci ildə Google-dan şirkətə qoşulan və hazırda hələ də John Giannandrea-ya dolayı şəkildə tabe olan görkəmli mühəndis Ruoming Pang rəhbərlik edir. Şirkət rəhbərliyinin xarici süni zəka modellərinin Apple məhsullarına inteqrasiya olunması ilə bağlı mümkün qərarı bu bölmədə narazılıqla qarşılanıb. Onların fikrincə, bu yanaşma Apple-ın süni zəka sahəsindəki uğursuzluqlarında, heç olmasa qismən, bu komandanın məsuliyyət daşıdığı təəssüratını yaradır. Bəzi əməkdaşlar artıq Meta və OpenAI kimi şirkətlərə keçmək barədə düşünməyə başlayıblar. Meta xüsusilə istedadlı mühəndislərə illik 10 milyon dollardan 40 milyon dollara qədər əmək haqqı təklif edib. Halbuki Apple-da onlar ya bu məbləğin yarısını, ya da ümumiyyətlə bazar ortalamasından daha az maaş alırlar.

Keçən həftə Apple-da 8 il çalışmış böyük dil modelləri üzrə aparıcı elmi əməkdaş Tom Gunter şirkətdən ayrıldı. Həmçinin şirkət demək olar ki, MLX - Apple-ın ən son çipləri üçün machine learning modellərinin hazırlanmasına yönəlmiş açıq sistem - üzrə məsul olan bölməsini də itirəcəkdi. Bu bölmənin mühəndisləri rəhbərliyə istefa təhdidi ilə müraciət ediblər. Rəhbərlik onları saxlamaq üçün qarşılıqlı təkliflər irəli sürüb və hazırda həmin komanda fəaliyyətini davam etdirir. Anthropic və OpenAI ilə aparılmış danışıqlar zamanı iPhone istehsalçısı Claude və ChatGPT-nin xüsusi versiyalarını tələb edib. Bu versiyalar Apple Private Cloud Compute serverlərində işləyə bilməlidir. Bu serverlərdə yüksək performanslı Mac çipləri istifadə olunur və Apple hesab edir ki, modellərin öz infrastrukturunda işə salınması istifadəçi məxfiliyini qorumağa kömək edəcək.

Şirkət hətta bu ideyanın mümkünlüyünü yoxlamaq üçün daxili sınaqlar da keçirib. Apple Intelligence funksiyalarının digər hissələri üçün isə istifadəçi cihazlarındakı resurslar kifayət edir - məsələn, yazışma xülasələrinin hazırlanması və Genmoji şəkillərinin yaradılması kimi tapşırıqlar üçün daha az gücə malik modellər istifadə olunur. Bu il ərzində şirkət lokal modellərə üçüncü tərəf tətbiq tərtibatçıları üçün də çıxış imkanı açmağı planlaşdırır, lakin bulud resurslarının istifadəsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən hələlik bu barədə konkret qərar yoxdur. Apple hələlik özünün hazırladığı lokal süni zəka modellərindən imtina etməyi planlaşdırmır, lakin şirkətin mühəndisləri narahatdırlar ki, Apple bulud əsaslı xarici sistemlərdən sonra lokal modelləri də dəyişdirməyi düşünə bilər.
Ötən il OpenAI artıq Apple-a onun cihazlarında işləmək üçün xüsusi modellər öyrətməyi təklif etmişdi, lakin o zaman Apple bu təklifə maraq göstərməmişdi. 2024-cü ilin dekabr ayından etibarən ChatGPT artıq Siri üçün məlumat axtarışı və Writing Tools funksiyası çərçivəsində mətn yazılması məqsədilə istifadə olunur. iOS 26-da isə ChatGPT platforması şəkil generasiyası və cihaz ekranındakı şəkillərin analizi üçün tətbiq olunacaq. Hazırda Apple və Anthropic əməkdaşlığın maliyyə şərtləri ilə bağlı razılığa gələ bilməyiblər - startap hər il artırılmaq şərtilə çox milyardlıq ödəniş tələb edib.

Buna görə də Apple, əgər üçüncü tərəf tərtibatçıları ilə işləmək strategiyası həyata keçirilərsə, OpenAI və ya digər şirkətlərlə əməkdaşlığı nəzərdən keçirməyə başlayıb. Əgər Apple bu cür tərəfdaşlıq sazişi imzalasa, 2018-ci ildə Google-dan Apple-a keçmiş və şirkət daxilində süni zəka modellərinin özünün hazırlamasını dəstəkləyən John Giannandrea-nın nüfuzu daha da azalacaq. Hazırda o, həm Siri layihəsindən, həm də robototexnika sahəsindən uzaqlaşdırılıb. Core ML və App Intents - yəni tətbiqlərə süni zəka funksiyalarının inteqrasiyası üçün çərçivələr - artıq Craig Federighi-nin tabeliyinə keçib. Kod yazma prosesini Xcode mühitində asanlaşdırmaq üçün nəzərdə tutulmuş böyük dil modeli layihəsi isə ləğv olunub - həmin funksiyanın bundan sonra ChatGPT və ya Claude əsasında çalışması planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka idarə etdiyi mağaza biznesini xaosa çevirib

Süni zəka idarə etdiyi mağaza biznesini xaosa çevirib
Təsəvvür edin: siz süni zəkaya mağazanı tam idarəetmə imkanı verirsiniz - yalnız kassanı deyil, həm də qiymət siyasətini, ehtiyatların idarəsini, müştəri xidmətini və təchizatçılarla danışıqları. Nə səhv gedə bilər ki? Anthropic şirkətinin yeni araşdırması cavab verir: demək olar ki, hər şey.
Süni zəkanın milyonlarla iş yerini zəbt edib-etməyəcəyi araşdırılacaq

Süni zəkanın milyonlarla iş yerini zəbt edib-etməyəcəyi araşdırılacaq
Claude adlı süni zəka modelinin yaradıcısı olan Anthropic şirkəti süni zəkanın iqtisadiyyata və əmək bazarına təsirini araşdırmaq üçün Economic Futures adlı proqramı işə salıb. Bu təşəbbüs yalnız potensial riskləri, o cümlədən işsizliyin artmasını qiymətləndirməyə deyil, həm də qarşıdakı dəyişikliklərə uyğunlaşmaq üçün tədbirlər hazırlamağa kömək edəcək.
OpenAI Çinin Zhipu AI startapını ən perspektivli süni zəka layihələrindən biri hesab edir

OpenAI Çinin Zhipu AI startapını ən perspektivli süni zəka layihələrindən biri hesab edir
ChatGPT-nin yaradıcıları süni zəka sistemlərinin hazırlanmasında şübhəsiz ki, kifayət qədər təcrübəyə malikdirlər, buna görə də OpenAI-nin bu sahədəki rəyləri yüksək qiymətləndirilir.
Apple 7 ədəd AR/VR cihaz üzərində çalışır

Apple 7 ədəd AR/VR cihaz üzərində çalışır
Apple şirkəti virtual və artırılmış reallıqla bağlı 7 cihaz üzərində çalışır. Bu barədə tanınmış analitik Ming-Chi Kuo məlumat verib və bildirib ki, bu məhsullardan birincisi 2025-ci ilin sonuna qədər bazara çıxacaq.
Apple iPhone prosessoru vasitəsilə çalışacaq ucuz MacBook üzərində çalışır

Apple iPhone prosessoru vasitəsilə çalışacaq ucuz MacBook üzərində çalışır
Apple şirkəti ucuz və kompakt MacBook modelini təqdim etməyi planlaşdırır. Bu modelin əsasını isə keçən il təqdim edilmiş iPhone 16 Pro-da istifadə edilən Apple A18 Pro prosessoru təşkil edəcək.
Həftənin xəbərləri

