main-post-cover

    Hakerlərin fidyə tətbiqlərindən gəlirləri aşağı düşüb

    Təhlükəsizlik
    06.02.2025
    Emil Nəcəfov
         2024-cü ildə fidyə tətbiqləri ilə həyata keçirilən haker hücumlarının sayı artıb, lakin buna baxmayaraq, cinayətkarlar bloklanmış məlumatlara girişi bərpa etmək üçün əvvəlki illərlə müqayisədə daha az fidyə əldə edə biliblər. Bu barədə Chainalysis analitik şirkətinin apardığı araşdırmada qeyd olunur. Chainalysis-in məlumatına görə, 2024-cü ildə zərərçəkmiş şirkətlər fidyə tətbiqi hücumlarına görə hakerlərə ümumilikdə 814 milyon dollar ödəyib. Bu məbləğ 2023-cü illə müqayisədə 35% azdır - həmin il bu rəqəm rekord həddə, 1.25 milyard dollara çatmışdı. Həmçinin 2022-ci ildən bəri ilk dəfə fidyə tətbiqlərindən gələn gəlirlərin azaldığı müşahidə olunub. Bu azalmaya aşağıdakı amillər səbəb olub:
    - Hüquq-mühafizə orqanlarının kibercinayətkarlığa qarşı mübarizəsinin güclənməsi
    - Xüsusi xidmət orqanları arasında beynəlxalq əməkdaşlığın daha effektiv təşkil edilməsi
    - Zərərçəkmiş təşkilatların, məlumatlarını itirmək riski olsa belə, böyük məbləğlər ödəməkdən imtina etmələri.
         Bundan əlavə, hakerlər tərəfindən tələb olunan fidyə məbləğləri reallıqda əldə etdikləri məbləğlərdən 53% yüksək olub. 2024-cü ilin əvvəlində bir neçə ölkənin hüquq-mühafizə orqanları tərəfindən LockBit adlı haker qruplaşmasına qarşı keçirilmiş server müsadirə əməliyyatlarından sonra, bu fidyə virusundan istifadə edərək əldə edilən ödənişlər ilin ikinci yarısında 79% azalıb. Xatırladaq ki, LockBit-in əsas tərtibatçılarından biri, 51 yaşlı Rostislav Panev, 2024-cü ilin avqustunda İsraildə həbs edilib.
         Hazırda onun ABŞ-a ekstradisiyası gözlənilir. Fidyə proqramları ilə bağlı hadisələrə reaksiya verən Coveware şirkətinin baş direktoru Lizzie Cookson, Chainalysis-ə bildirib ki, LockBit və BlackCat/ALPHV qruplaşmalarının çökdürülməsindən sonra bazar hələ də bərpa olunmayıb. O qeyd edib ki, hazırkı fidyə tətbiq ekosistemi əsasən yeni başlayan qruplarla doludur və onlar adətən kiçik və orta biznesə hücum etməyə fokuslanırlar. Bu isə fidyə məbləğlərinin daha kiçik olmasına səbəb olur.
         2024-cü ilin birinci yarısında hakerlər tərəfindən əldə edilmiş fidyə məbləğləri əvvəlki ilin eyni dövrü ilə təxminən eyni səviyyədə qalıb - təxminən 459.8 milyon dollar. Bu da illik hesablamada 2.38% artım deməkdir. Bu məbləğə fidyə tətbiq hücumları tarixində rekord sayılan 75 milyon dollarlıq ödəniş də daxildir. Bu məbləğ Dark Angels haker qruplaşmasına məlumatların bərpası üçün ödənilib. Lakin 2024-cü ilin ikinci yarısında zərərçəkmiş şirkətlər fidyə ödəməkdən daha çox imtina etməyə başlayıblar. Bu da hakerlərin gəlirlərinin ilin birinci yarısı ilə müqayisədə 34.9% azalmasına səbəb olub.
    Mənbə: Chainalysis
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hakerlər məlumatların oğurlanması üçün PDF fayllardan istifadə edirlər
    hakerler-melumatlarin-ogurlanmasi-ucun-pdf-fayllardan-istifade-edirler
    Google Play və App Store-da məlumatları oğurla bilən virus aşkar edilib
    google-play-ve-app-store-da-melumatlari-ogurla-bilen-virus-askar-edilib
    2024-cü ilin əsas mobil təhlükələri açıqlanıb
    2024-cu-ilin-esas-mobil-tehlukeleri-aciqlanib
    Şimali Koreya hakerləri internetdə çoxlu sayda zərərli proqram təminatını yayıblar
    simali-koreya-hakerleri-internetde-coxlu-sayda-zererli-proqram-teminatini-yayiblar
    Google keçən il Android üçün 2.36 milyon zərərli tətbiqi bloklayıb
    google-kecen-il-android-ucun-236-milyon-zererli-tetbiqi-bloklayib