
Marsı həyat üçün münbit şəraitə çevirməyin yeni üsulu təklif edilib
Elm & Texnologiya
07.04.2025
Emil Nəcəfov
Marsın tədqiqi üçün robotlaşdırılmış və pilotlu missiyalardan istifadə etməklə bağlı bir çox plan mövcuddur. Bu missiyaların əsas məqsədi insanların Qırmızı planetdə yaşayıb-yaşaya bilməyəcəklərini müəyyənləşdirməkdir. Marsa yollanacaq gələcək insanlar üçün Yer planetinin ekoloji sistemlərini təqlid edən şərait yaradılmalıdır, yəni ikinci bir Yer qurulmalıdır. Alimlər bunun necə mümkün olacağını göstərən yeni bir üsul təklif ediblər. Tədqiqat müəlliflərinin fikrincə, ikinci Yeri yalnız lokal yaşayış mühitlərində deyil, bütün Mars planeti miqyasında yaratmaq mümkündür. Bu halda Qırmızı planet Yerə bənzəyən bir mühitə çevrilə bilər. Bu proses terraforminq — yəni planetin uyğun yaşayış mühitinə çevrilməsi - kimi tanınır.

Alimlər Marsın atmosferini dəyişdirmək üçün yeni üsul təklif ediblər. Qrafen və alüminiumdan hazırlanmış nanosəviyyəli aerozollar vasitəsilə atmosferi isitmək. Tədqiqat göstərir ki, Mars atmosferinin dinamikası və radiasiya prosesi süni aerozol istiləşməsini mümkün edir və bu, Qırmızı planetin terraforminq prosesində ilk addım ola bilər. Alimlərin sözlərinə görə, Marsın terraforminq prosesi bir-biri ilə əlaqəli 3 mərhələdən ibarətdir. Bu o deməkdir ki, bir mərhələdəki irəliləyiş digər mərhələlərdə də irəliləyişə səbəb olacaq. Bu mərhələlər atmosferin istiləşməsi, atmosferin qalınlaşması və qütb buz təbəqələrinin əriməsini əhatə edir.
Mars qızdırıldıqda, qütblərdəki buz təbəqələri əriyərək səthə maye su və atmosferə su buxarı buraxacaq. Həmçinin, qütblərdəki buz təbəqələrindəki çoxlu miqdarda quru buz (karbon qazı) sublimasiya olunaraq atmosferə əlavə karbon qazı daxil edəcək və bu da atmosferin daha da istiləşməsinə səbəb olacaq. Bu proses nəticəsində atmosfer təzyiqi təxminən 300 millibar səviyyəsinə çatacaq ki, bu da dəniz səviyyəsində Yer atmosfer təzyiqinin 30%-nə bərabərdir. Alimlərin fikrincə, bu səviyyə insanların yaşayış sahələrindən kənarda skafandr olmadan hərəkət etməsi üçün kifayət edəcək, baxmayaraq ki, onlara yenə də isti geyim və oksigen lazım olacaq.

Marsda temperaturu artırmaq üçün əvvəllər bir sıra həllər təklif olunmuşdu. Məsələn, atmosferə karbon qazı və ya metan əlavə etməklə bu məqsədə nail olmaq mümkündür. Lakin bu təkliflər ciddi resurs sərfiyyatı və əhəmiyyətli texnoloji nailiyyətlər tələb edir. Digər tərəfdən, aerozollar Mars atmosferinin temperaturunu artırmaq üçün iqtisadi cəhətdən daha səmərəli üsul hesab olunur. Buna baxmayaraq, hələ də bəzi suallar qalır: Mars atmosferinin dinamikası istər parnik qazları, istərsə də aerozollar səbəbilə baş verən istiləşmədən necə təsirlənir və bu təsir qarşılıqlı şəkildə necə işləyir?
Bu tədqiqatda alimlər Mars resurslarından yerində istehsal edilə bilən nanoölçülü hissəciklərin planetin atmosferini necə isidə biləcəyini araşdırıblar. Yeni model Mars səthində yerləşən iki mənbədən qrafen nanodiskləri və alüminium nanostabillərinin buraxılmasını nəzərdə tutur. Modelləşdirmə göstərib ki, aerozolların Mars tozu ilə qarşılıqlı təsiri onların bütün planet üzrə yayılmasına səbəb olacaq və bu da Mars atmosferinin qalınlaşmasına gətirib çıxaracaq. Alimlər həmçinin müəyyən ediblər ki, bu aerozollar 10 il ərzində Mars atmosferini 35 dərəcədən çox istiləşdirə bilər. Bu isə qütblərdəki buzlaqların əriməsinə səbəb olmaq üçün kifayət edəcək və əlavə istiləşmə yaradacaq.

Bu istiləşmə atmosfer sirkulyasiyasını ikiqat artıracaq: İsti və rütubətli hava ekvator yaxınlığında yüksələcək, soyuyacaq və yüksək enliklərdə aşağı enəcək. Günəş işığı ilə işıqlanan bölgələrlə qütb bölgələri arasındakı böyük temperatur fərqləri səthə yaxın küləklərin sürətini 2 qat artıracaq. Alimlər həmçinin müəyyən ediblər ki, nanodisklərin və nanostabillərin ölçüsünü dəyişməklə, ehtiyacdan asılı olaraq, daha çox və ya daha az istiləşmə əldə etmək mümkündür. Alimlərin fikrincə, Mars atmosferi kifayət qədər sıxlaşıb daha yüksək temperaturları saxlaya bilənə qədər aerozolların buraxılması davamlı olmalıdır. Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, süni aerozollar Marsın terraforminqində effektiv birinci addım ola bilər.
Mənbə: Universe Today
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb

Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb
Marsda fəaliyyətdə olmuş Ingeniuty adlı kiçik pilotsuz vertolyot öz nümunəsində göstərdi ki, uçan aparatların Marsda hava kəşfiyyatı üçün yaxşı perspektivləri var.
Alimlər Marsda sağ qala biləcək canlı növünü təyin ediblər

Alimlər Marsda sağ qala biləcək canlı növünü təyin ediblər
Tədqiqatçılar Marsın sərt şəraitində yaşaya biləcək bir Yer mənşəli həyat forması müəyyən ediblər ki, bu da gələcəkdə insanların Qırmızı Planetdə koloniyalar qurmalarına potensial olaraq kömək edə bilər.
Marsda qədim bioloji həyata işarə edən molekullar aşkar edilib

Marsda qədim bioloji həyata işarə edən molekullar aşkar edilib
Marsda ilk dəfə ən iri karbon molekulları aşkarlanıb. Bu, böyük ehtimalla planetdə qədim həyatın izləri ola bilər. Alimlər planetimizdəki laboratoriyada Mars şəraitini imitasiya edərək oxşar kimyəvi prosesləri yenidən qurublar və bənzər nəticə əldə ediblər.
Elon Musk potensial şəhərcik üçün artıq Marsda uyğun ərazini seçib

Elon Musk potensial şəhərcik üçün artıq Marsda uyğun ərazini seçib
Elon Musk bildirib ki, ilk insan Marsa 2029-cu ildə ayaq basa bilər və iki onillik ərzində planetdə bir milyona qədər insan yaşaya bilər. Onun fikrincə, Qırmızı Planetdə Yer infrastrukturunu təkrarlayan bir şəhər tikilməlidir - elə bir şəhər ki, Yer kürəsindən yardım almadan özünü resurslarla təmin edə bilsin.
Marsda səthaltı okeanın mövcudluğuna dair sübutlar əldə edilib

Marsda səthaltı okeanın mövcudluğuna dair sübutlar əldə edilib
Alimlər 2018-2022-ci illərdə Marsda fəaliyyət göstərmiş NASA-nın InSight aparatının seysmik məlumatlarını yenidən təhlil ediblər. Nəticələr göstərib ki, Marsın səthindən 10-20 km dərinlikdə planetar ölçüdə bir okean əmələ gətirə biləcək böyük miqdarda maye su mövcuddur.
Həftənin xəbərləri

