main-post-cover

    Google açıq internetin sürətli tənəzzülünü etiraf edib

    Elm & Texnologiya
    09.09.2025
    Emil Nəcəfov
         Google şirkəti ötən həftə ABŞ-da gedən məhkəmə prosesi çərçivəsində açıq internetin “sürətli tənəzzülünü” etiraf edib. Şirkət bildirib ki, hakimiyyətin tələb etdiyi reklam biznesinin məcburi bölünməsi bu prosesi yalnız sürətləndirəcək və gəlirini reklamlardan əldə edən nəşriyyatçılara zərər vuracaq. Bu açıqlama rəsmi məhkəmə sənədində qeyd olunub və şirkətin əvvəlki ictimai mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, Google bundan öncə dəfələrlə internetin “çiçəklənməsindən” bəhs etmişdi. Məhkəmədə Google-un reklam texnologiyaları sahəsində dominant mövqeyi ilə bağlı baxılacaq iş ərəfəsində təqdim edilən sənəddə şirkət ABŞ Ədliyyə Nazirliyinin reklam biznesinin bölünməsi tələbinin əsassız olduğunu arqument kimi göstərir. Google bildirir ki, sənaye artıq süni intellektin təsiri altında köklü dəyişikliklər mərhələsindədir.
         Süni intellekt reklam texnologiyalarını bütün səviyyələrdə transformasiya edir, açıq vebdən kənar reklam formatları isə - məsələn, Connected TV Retail Media (nəşriyyatçıların saytlarında birbaşa reklam yerlərinin satışı) - sürətlə məşhurluq qazanır. Google-un rəqibləri də investisiyalarını bu yeni istiqamətlərə yönəldirlər və şirkətin fikrincə, bazar qüvvələri tərəfindən yenidən qurulan bu sahəyə məhkəmənin müdaxiləsi məqsədəuyğun olmazdı. Bu etiraf son aylarda Google-un ictimai bəyanatları ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, baş direktor Sundar Pichai may ayında Decoder podkastında bildirib ki, axtarışa süni intellekt alətlərinin tətbiqindən sonra şirkət mütləq daha geniş mənbə və nəşriyyatçılara daha çox trafik yönləndirir. Biliklər üzrə baş vitse-prezident Nick Fox isə AI Inside podkastında “Google-un baxış bucağından veb inkişaf edir” deyə vurğulayıb.
         Google Search rəhbəri Liz Reid-in fikrincə isə, saytlar üzrə klik həcmi ötən illə müqayisədə “nisbətən sabit” qalıb, baxmayaraq ki, Vaşinqtondakı Pew Research mərkəzinin məlumatları göstərir ki, istifadəçilərin Google-dan süni intellekt cavabları alarkən linklərə keçmə meyli azalıb. Eyni zamanda Google-un mətbuat katibi Jackie Berte The Verge nəşrinə məktubunda “sürətli tənəzzül” ifadəsinin kontekstdən çıxarıldığını və guya yalnız açıq vebdəki banner reklamına aid olduğunu, bütövlükdə internetə şamil edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, şirkət sadəcə açıq olan bir həqiqəti qeyd edir - investisiyalar tədricən açıq vebdən Connected TV və Retail Media formatlarına keçir və nəticədə ənənəvi axtarış veb-reklamına ayrılan büdcələr azalır. Bununla yanaşı, bir çox rəqəmsal nəşriyyatçılar və müstəqil sayt sahibləri, xüsusilə axtarış alqoritminin yenilənməsindən və süni intellekt çat-botlarının məşhurlaşmasından sonra trafikin nəzərəçarpacaq dərəcədə azalmasından xəbər verirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    13 yaşadək smartfona sahib olmaq psixi sağlamlığa ciddi zərər vura bilər
    13-yasadek-smartfona-sahib-olmaq-psixi-saglamliga-ciddi-zerer-vura-biler
    İnsanabənzər Figure 02 robotu boşqab yumağı öyrənib (VİDEO)
    insanabenzer-figure-02-robotu-bosqab-yumagi-oyrenib-video
    Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib
    trump-google-ve-apple-in-avropa-terefinden-cerimelenmesine-ciddi-cavabin-verileceyi-ile-hedeleyib
    Texnoloji sahənin liderlərinin ümumi bazar dəyəri 21 trilyon dollara çatıb
    texnoloji-sahenin-liderlerinin-umumi-bazar-deyeri-21-trilyon-dollara-catib
    Yeni nəsil Tesla Optimus robotu görüntülənib
    yeni-nesil-tesla-optimus-robotu-goruntulenib