main-post-cover

    Asteroidin Yer kürəsi ilə toqquşması ehtimalı sıfıra enib

    Elm & Texnologiya
    25.02.2025
    Emil Nəcəfov
         Astronomlar 2024 YR4 asteroidi üzərində müşahidələrini davam etdirirlər, çünki əvvəlki məlumatlara görə, onun Yerə çırpılma ehtimalı var idi. New York Times-ın yazdığına görə, NASA-nın son açıqlamasında bu ehtimalın sıfıra endiyi bildirilib. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının naviqasiya mühəndisi Davide Farnocchia qeyd edib: "Mən təxmin edirdim ki, biz daha çox məlumat topladıqca təhlükənin azalacağı məlum olacaq”. Astronomlar 2024 YR4 asteroidini ilk dəfə 27 dekabrda aşkar ediblər. Həmin vaxt hesablamalar göstərirdi ki, onun Yerə toqquşma ehtimalı 1%-dən çoxdur. Bu, məlum olan yeganə iri asteroid idi ki, bu qədər yüksək toqquşma ehtimalına malik idi.
         Alimlər obyekt haqqında daha çox məlumat topladıqca, yanvar və fevral aylarında 2024 YR4 asteroidinin Yerə toqquşma ehtimalı artmağa davam edib - 1.2%-dən başlayaraq ötən həftənin çərşənbə axşamı 3.1%-lik pik həddə çatıb. Bu rəqəm kiçik görünə bilər, lakin NASA-nın bu ölçüdə və ya daha böyük bir obyekt üçün qeydə aldığı ən yüksək toqquşma ehtimalı idi. 2024 YR4 asteroidinin eni 40-100 metr arasındadır. O, potensial olaraq bütöv bir şəhəri Yer üzündən silə biləcək qədər böyükdür. Erkən trayektoriya hesablamaları göstərirdi ki, asteroid böyük şəhərlərə, o cümlədən Hindistanın Mumbay və Nigeriyanın Laqos şəhərləri üzərində havada partlaya bilər.
         Lakin 3.1%-lik proqnoz verildikdən 1 gün sonra, 2024 YR4 asteroidinin Yerə çırpılma ehtimalı azalmağa başladı. 19 fevralda 1.5%-ə, növbəti gün isə 0.3%-ə düşdü. NASA-nın sondan əvvəlki rəsmi açıqlamasında asteroidin Yerə düşmə ehtimalının 0.004%-ə, yəni 25 000-də 1-ə endiyi bildirilib. Alimlər indi bildirirlər ki, 2024 YR4 asteroidinin Yerə çırpılma ehtimalı 59 000-də 1-ə düşüb. Son 2 ay ərzində astronomlar asteroid haqqında daha çox məlumat topladıqca toqquşma ehtimalı əhəmiyyətli dərəcədə dəyişib. Yerüstü teleskoplardan əldə edilən yeni məlumatlar asteroidin uçuş trayektoriyasını daha dəqiq müəyyən etməyə kömək edib.
         Alimlər təsdiqləyiblər ki, bu kosmik daş Yer üçün təhlükə yaratmır. NASA-nın mühəndisi Davide Farnocchia qeyd edib: "Bu, tamamilə normal və gözlənilən bir vəziyyətdir. Yeni bir asteroid kəşf etdikdə bu tip dəyişikliklər adi elmi prosesin bir hissəsidir”. Baxmayaraq ki, Yer potensial təhlükədən xilas olub, NASA bildirir ki, 2024 YR4-ün Aya çırpılma ehtimalı təxminən 1.7%-dir. Əgər bu baş versə, Ay səthində yeni bir krater yarana bilər. NASA bütün dünyadakı teleskoplar vasitəsilə asteroidin hərəkətini izləməyə davam edir, o cümlədən Arizona ştatındakı Lowell Discovery teleskopu və Kanar adalarında yerləşən Nordic Optical Telescope. Aprel ayının sonuna qədər 2024 YR4 asteroidinin müşahidəsi mümkündür, lakin bundan sonra 2028-ci ilə qədər görünməz olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dünya okeanında temperaturun artmasına baxmayaraq onun buxarlanması daha ləng gedir
    dunya-okeaninda-temperaturun-artmasina-baxmayaraq-onun-buxarlanmasi-daha-leng-gedir
    124 işıq ili uzaqlığında Yupiterə bənzər ekzoplanet kəşf edilib
    124-isiq-ili-uzaqliginda-yupitere-benzer-ekzoplanet-kesf-edilib
    Süni zəka vasitəsilə ən yüngül və dözümlü material hazırlanıb
    suni-zeka-vasitesile-en-yungul-ve-dozumlu-material-hazirlanib
    "Kalkulyator-insan": 14 yaşlı yeniyetmə 1 gündə riyaziyyat üzrə 6 dünya rekorduna imza atıb
    kalkulyator-insan-14-yasli-yeniyetme
    Günəş sistemində daha bir obyektin səthaltı okeana sahib olduğu güman edilir
    gunes-sisteminde-daha-bir-obyektin-sethalti-okeana-sahib-oldugu-guman-edilir