
Elon Musk-ın siyasi aktivliyi Starlink üçün təhlükə yarada bilər
Tech-Biznes
05.02.2025
Emil Nəcəfov
Starlink-in gəlirləri sürətlə artmağa davam edir. Son 2 il ərzində onun gəlirləri demək olar ki, üç dəfə artıb. Quilty Space analitik şirkətinin məlumatına görə, 2024-cü ildə peyk internet xidməti SpaceX-ə 7.8 milyard dollar gəlir qazandırıb və bu məbləğin 60%-i fərdi istifadəçilərdən daxil olub. Payload analitikləri isə daha yüksək rəqəm - 8.2 milyard dollar göstərirlər. 2025-ci ildə dövriyyənin 12 milyard dollara çatacağı, sərbəst pul axınının isə 2 milyard dollara yüksələcəyi gözlənilir. Lakin Elon Musk-ın siyasətə artan marağı vəziyyəti təhlükə altına qoya bilər. Starlink xidmətlərinin mövcud olduğu ölkələrdə həm investorlar, həm də hökumətlər bundan narazıdır.
2025-ci ilin əvvəlindən etibarən Musk artıq 4 siyasi qalmaqala səbəb olub. Starlink peyk interneti bazarının ən böyük oyunçusuna çevrilib. 2023-cü ildə onun xidmətlərindən 4.6 milyon insan istifadə edib. Müqayisə üçün, əvvəlki liderlər Hughes və ViaSat şirkətləri öz zirvə dövrlərində maksimum 2.2 milyon müştəriyə sahib olublar. 2025-cü ildə Starlink-in istifadəçi sayının daha 3 milyon artacağı gözlənilir. İstehlakçı seqmentindən əlavə, Starlink 75 000 dəniz gəmisinə, 300 kruiz laynerinə, həmçinin aviasiya şirkətlərinə və ABŞ Müdafiə Nazirliyi də daxil olmaqla dövlət qurumlarına xidmət göstərir. SpaceX-in texnoloji həlləri Starlink-ə geostasionar peyk şəbəkələrini üstələməyə imkan verib.

Şirkət aşağı Yer orbitində 7 000-dən çox peykdən ibarət qruplaşma yerləşdirməyə nail olub. Bu, daha aşağı siqnal gecikməsini və məlumatın yüksək ötürülməsi sürətini təmin edir. Yaxın gələcəkdə Starship raketi vasitəsilə üçüncü nəsil peyklərin buraxılması, eləcə də yerüstü terminallara ehtiyac olmadan mobil cihazların birbaşa qoşulması texnologiyasının tətbiqi planlaşdırılır. Maliyyə uğurlarına baxmayaraq, Starlink siyasi risklərlə üzləşir. SpaceX-in sahibi Elon Musk, ABŞ və beynəlxalq siyasətdə fəal iştirak edir ki, bu da həm dəstək, həm də tənqid doğurur. Financial Times-ın məlumatına görə, United Airlines, Oracle və Apple kimi bir sıra böyük şirkətlər Musk-ın biznes imperiyası ilə əməkdaşlığa başlayıb ki, bu da Donald Trump administrasiyası ilə əlaqələri gücləndirməyə xidmət edir.

2025-ci ilin əvvəlindən Elon Musk bir neçə siyasi qalmaqala səbəb olub. Yanvar ayında ABŞ prezidentinin andiçmə mərasimi çərçivəsində onun etmiş olduğu əl jesti bəzi insanlar tərəfindən nasist salamı kimi qəbul edilib və bu, cəmiyyətdə geniş müzakirələrə yol açıb. Həmin ay Musk Britaniya siyasətçilərini, o cümlədən baş nazir Keir Starmer və müdafiə naziri Jess Phillips də daxil olmaqla bir sıra rəsmiləri tənqid edən tvitlər yayımlayıb. Sahibkar onları uşaq istismarına dair işlərə qarşı laqeydlikdə ittiham edib. Fevral ayının əvvəlində Elon Musk Almaniya partiyası olan Alternativ für Deutschland-ı ölkənin yeganə ümidi adlandırıb. Bu bəyanat Almaniya kansleri Olaf Scholz tərəfindən sərt tənqid edilib və o, Musk-ın Almaniya siyasətinə müdaxiləsindən narazılığını ifadə edib.

Bir qədər sonra Musk ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID)-i bioloji silah tədqiqatlarını, o cümlədən COVID-19-u maliyyələşdirməkdə ittiham edib. O, agentliyi cinayətkar təşkilat adlandırıb və onun bağlanmasının vacibliyini bəyan edib. Bu addımlar artıq Starlink-in digər ölkələrdəki fəaliyyətinə mənfi təsir göstərir. Məsələn, Kanada hökuməti 15 000 ədəd uzaq yaşayış evi və müəssisəni internetə qoşmağı nəzərdə tutan 100 milyon dollarlıq müqaviləni ləğv etməyə qərar verib. Ontario Proqressiv-Konservativ Partiyasının lideri Doug Ford bildirib: "Musk, ailələri, gəlirləri və biznesləri dağıtmaq istəyən Trump-ın komandasının bir hissəsidir. O, zəhmətkeş insanları dolanışıq vasitələrindən məhrum etmək istəyir və mən bunu qəbul etməyəcəyəm”.
SpaceX hələ də özəl şirkət olaraq qalır və buna görə də onun maliyyə hesabatları ictimaiyyət üçün əlçatan deyil. Bununla belə, müstəqil qiymətləndirmələr göstərir ki, Starlink artıq mənfəət əldə edir və iddialı layihələri maliyyələşdirə bilər. "İndi bizdə sübut var ki, Starlink biznesi kifayət qədər sərbəst pul axını yarada bilər və hətta Marsda koloniya qurmaq kimi təşəbbüsləri maliyyələşdirməyə qadirdir” – deyə Quilty Space şirkətinin icraçı direktoru Chris Quilty bildirib. Starlink-in gələcəyi təkcə texnoloji inkişafdan deyil, həm də siyasi sabitlikdən asılıdır. İstifadəçilərin və gəlirlərin artması şirkətin mövqeyini gücləndirir, lakin Elon Musk-ın siyasi proseslərə müdaxiləsi bəzi ölkələrin bazarlarında məhdudiyyətlərə səbəb ola bilər. Bu isə qeyri-müəyyənlik yaradır və layihənin uzunmüddətli perspektivlərinə təsir edə bilər.
Mənbə: Arstechnica
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla il ərzində 10 000 ədəd Optimus robotu istehsal etməyə hazırdır

Tesla il ərzində 10 000 ədəd Optimus robotu istehsal etməyə hazırdır
Tesla-nın CEO-su Elon Musk, şirkətin son rüb üzrə maliyyə nəticələrinin təqdim edilməsinə həsr edilmiş mətbuat konfransında şirkətin bu il 10 000 ədəd insanabənzər Optimus robotunu istehsal etməyə mənəvi cəhətdən hazır olduğunu bəyan edib.
TikTok-un Elon Musk tərəfindən alınması nəzərdən keçirilir

TikTok-un Elon Musk tərəfindən alınması nəzərdən keçirilir
Hələ keçən ilin aprel ayında Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti 19 yanvar tarixinə kimi TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmalıdır.
Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib

Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib
Elon Musk-ın Neuralink şirkəti təqribi olaraq 1 il bundan öncə öz beyin implantını Noland Arbaugh adlı ilk pasientə implantasiya etmişdi.
ABŞ dövlət qurumları OpenAI şirkətinə qarşı olan məhkəmə iddiasında Elon Musk-ın tərəfini tutublar

ABŞ dövlət qurumları OpenAI şirkətinə qarşı olan məhkəmə iddiasında Elon Musk-ın tərəfini tutublar
ABŞ-ın tənzimləyici orqanları süni zəka sahəsində fəaliyyət göstərən OpenAI şirkətinin kommersiya məqsədli şirkətə çevrilməsi prosesinin qadağan olunmasını tələb edən Elon Musk-ın tərəfini tutublar. Söhbət, ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyasından (FTC) gedir.
X-də (keçmiş Twitter) ödənişli qeydiyyat planlaşdırılır

X-də (keçmiş Twitter) ödənişli qeydiyyat planlaşdırılır
Elon Musk sahibi olduğu X (keçmiş Twitter) sosial şəbəkəsi ilə bağlı təcrübələr aparmağa davam edir. Bu dəfə Musk sözügedən sosial şəbəkədəki paylaşımlarda tarixlərin aradan qaldırmağa hədəflənib.
Həftənin xəbərləri

