
Elon Musk-a məxsus xAI şirkətinin aylıq xərci 1 milyard dollar təşkil edir
Tech-Biznes
18.06.2025
Emil Nəcəfov
Elon Musk-a məxsus xAI şirkəti hər ay 1 milyard dollar xərcləyir. Bu, şirkətin qabaqcıl süni zəka modellərinin yaradılması üçün çəkdiyi xərclərin gəlirlərini xeyli üstələdiyini göstərir. Bloomberg-in mənbələrinə əsasən, bu xərc sürəti süni zəka sahəsinin nə qədər böyük maliyyə tələbatına malik olduğunu aydın şəkildə ortaya qoyur. Maliyyə balanssızlığını kompensasiya etmək üçün xAI 9.3 milyard dollar vəsait cəlb etməyə çalışır. Bu vəsaitin bir hissəsi borc, digər hissəsi isə səhmdar kapitalı şəklindədir. Şirkət bu məbləğin yarıdan çoxunu artıq qarşıdakı 3 ay ərzində xərcləməyi planlaşdırır. Grok çat-botunun arxasında duran xAI ümumilikdə 2025-ci ildə 13 milyard dollar xərcləməyi nəzərdə tutur. Lakin fond toplama səyləri hələlik xərcləri qarşılamaqda çətinlik çəkir. Bu vəziyyətin səbəblərindən biri də süni zəka şirkətlərinin müasir məlumat mərkəzləri (Data Center) yaratmaq və böyük dil modellərinin (LLM) öyrədilməsi üçün sürətləndirici çiplər almaq kimi böyük xərclərlə qarşılaşmalarıdır.

Carlyle Group ekspertlərinin məlumatlarına görə, 2030-cu ilə qədər süni zəka infrastrukturu tələbatını qarşılamaq üçün 1.8 trilyon dollardan çox vəsait xərclənəcək. CreditSights şirkətinin mütəxəssisləri də bu fikirdədir ki, bu sahədə fəaliyyət göstərənlər çox pul yandıracaqlar, çünki bu sahə son dərəcə rəqabətlidir. Bununla belə, Musk-ın şirkəti hələlik OpenAI və ya Anthropic qədər gəlir əldə edə bilmir. Bu şirkələrin heç biri dəqiq maliyyə göstəricilərini açıqlamasa da, Bloomberg daha əvvəl xəbər vermişdi ki, OpenAI 2025-ci ildə 12.7 milyard dollar gəlir gözləyir. Halbuki xAI investorlarına bu il cəmi 500 milyon dollar, gələn il isə 2 milyard dollardan çox gəlir əldə etməyi planlaşdırdığını bildirib. xAI-nin güclü tərəfi odur ki, onun rəhbəri, dünyanın ən varlı adamı olan Elon Musk, layihələr gəlir gətirməyə başlamazdan xeyli əvvəl öz şəxsi vəsaitlərini nəhəng futuristik layihələrə yatırmağa hazır olduğunu dəfələrlə göstərib.

İnsan səviyyəsində rəqabət apara biləcək super ağıllı süni zəka yaratmağa çalışan xAI şirkəti hesab edir ki, onun özünəməxsus üstünlükləri var və bu, ona gec-tez rəqiblərini yaxalamağa imkan verəcək. Bəzi şirkətlər hələ də çipləri və digər hesablama resurslarını icarəyə götürsə də, xAI infrastrukturun böyük hissəsini özü maliyyələşdirir və həmçinin sürətləndirici çiplər almış X sosial şəbəkəsinin resurslarından da istifadə edir. Elon Musk-ın sözlərinə görə, xAI yeni çip alışlarını davam etdirəcək. xAI və X şirkətlərinin bir müddət əvvəl birləşməsindən sonra süni zəka bölməsinin rəhbərləri ümid edirlər ki, digər süni zəka şirkətləri kimi kənardan böyük məlumat bazaları almağa pul ödəmək əvəzinə, sosial şəbəkənin mesaj arxivindən istifadə edərək modelləri öyrədə biləcəklər. Nəticə etibarilə, xAI optimist şəkildə 2027-ci ilə qədər gəlirli şirkətə çevriləcəyinə ümid edir.

Müqayisə üçün, OpenAI-nin gəlirə çıxma hədəfi 2029-cu ildir. Musk-ın məşhurluğu, ABŞ hakimiyyəti ilə yaxın əlaqələri və bu optimist proqnozlar investorları cəlb edir. xAI-nin bazar dəyəri 2024-cü ilin sonunda 51 milyard dollar olduğu halda, 2025-ci ilin birinci rübünün sonuna artıq 80 milyard dollara yüksəlib. Şirkətə investisiya qoyanlar arasında Andreessen Horowitz, Sequoia Capital və VY Capital kimi nüfuzlu investorlar var. Hazırda xAI öz nəhəng xərclərini qarşılamaq üçün kifayət qədər vəsait toplamağa çalışır. Mütəxəssislərin sözlərinə görə, 2023-cü ildə qurulduğu vaxtdan 2025-ci ilin iyun ayına qədər şirkət ümumilikdə 14 milyard dollar səhm kapitalı cəlb edib. Bu məbləğin yalnız 4 milyard dolları 2025-ci ilin birinci rübünün əvvəlində mövcud idi, qalan vəsaitin isə ikinci rübdə xərclənməsi planlaşdırılırdı. Hazırda şirkət 4.3 milyard dollar dəyərində növbəti səhm maliyyələşdirmə raundunu yekunlaşdırmaq üzrədir və gələn il əlavə olaraq 6.4 milyard dollar cəlb etməyi planlaşdırır.

Bu məbləğə əlavə olaraq, şirkətin 5 milyard dollarlıq borc cəlb etməsi də nəzərdə tutulur. Gözlənilir ki, bu korporativ borc vəsaiti xAI-nin məlumat mərkəzlərinin inkişafını maliyyələşdirməkdə istifadə olunacaq. Şirkət, həmçinin avadanlıq istehsalçılarından birindən 650 milyon dollarlıq endirim əldə etməyə ümid edir. Bloomberg-in məlumatına görə, artıq ilk əlamətlər görünür ki, xAI ilkin şərtlərlə investisiya cəlb etməkdə çətinliklərlə qarşılaşıb. İnvestorlar əvvəlcə ehtiyatlı davranıblar, lakin şirkət sövdələşmənin şərtlərini onların xeyrinə dəyişdikdən və əlavə maliyyə məlumatları təqdim etdikdən sonra investisiya marağı artmağa başlayıb. xAI üçün borc vəsaitlərinin cəlb ediləsinə cavabdeh olan Morgan Stanley isə bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk Beynəlxalq Kosmik Stansiyanı tez zamanda okeanda batırmağı təklif edib

Elon Musk Beynəlxalq Kosmik Stansiyanı tez zamanda okeanda batırmağı təklif edib
Elon Musk Roskosmos-un Beynəlxalq Kosmik Stansiyanı (BKS) hermetikliyin itirilməsindən qorumaq üçün stansiyanın çatlayan gövdəsini mütəmadi olaraq hermetik vasitə ilə işləməsinə inanmaqdan imtina edir.
Trump administrasiyası SpaceX-in bütün dövlət müqavilələrinə yenidən nəzər yetirəcək

Trump administrasiyası SpaceX-in bütün dövlət müqavilələrinə yenidən nəzər yetirəcək
Məlumata əsasən Trump administrasiyası Elon Musk-ın rəhbəri olduğu SpaceX şirkəti ilə bağlanmış bütün dövlət müqavilələri üzrə hesabat toplamağa davam edir. Bu göstəriş ABŞ prezidenti Donald Trump tərəfindən, Musk-la yaşadığı açıq mübahisədən sonra verilib.
SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər

SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər
Mənbələrin verdikləri məlumata əsasən bu ilin sonunadək Airbus, Thales və Leonardo şirkətləri əsasında Avropanın kosmik sahədə fəaliyyət göstərən bir monopolist qurumunun yaradılması üzrə danışıqlar başa çata bilər.
Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır

Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır
Adi bir izləyici üçün görünə bilər ki, Elon Musk sərvətini yerinə yetirilməyən vədlər üzərindən qazanıb. Lakin bu ay Tesla şirkətinin həyatında vacib bir hadisə baş verəcək.
NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
Keçən həftə ABŞ-ın NASA agentliyinin və Pentaqonun rəsmiləri SpaceX ilə rəqabət aparan şirkətləri öz daşıyıcı raketlərini və kosmik aparatlarını daha sürətlə inkişaf etdirməyə çağırıblar. Bu çağırış SpaceX-in sahibi Elon Musk ilə ABŞ prezidenti Donald Trump arasında yaşanmış münaqişədən sonra edilib.
Həftənin xəbərləri

