main-post-cover

    OpenAI CEO-su Sam Altman süni zəka sahəsinə 5 trilyon dollar sərf etməyi planlaşdırır

    Süni İntellekt
    19.02.2025
    Emil Nəcəfov
         OpenAI hələ geniş şəkildə reklam edilən “Stargate” layihəsi üçün 500 milyard dollar belə cəlb etməyib. Lakin şirkətin rəhbəri Sam Altman artıq gələcəkdə nə qədər vəsait xərcləyəcəyini düşünməyə başlayıb. The Times nəşrinin podkastlarından birində çıxış edərkən, Altman bu məbləğin 5 trilyon dollara çata biləcəyini ehtimal edib. O, yalnız ABŞ-da deyil, digər ölkələrdə də yeni "Stargate” layihələrinin həyata keçirilə biləcəyini istisna etmir. Bundan əlavə, dünya üzrə müxtəlif infrastruktur şirkətlərini satın almağı da nəzərdən keçirir. Bu süni zəka meqa layihəsi ABŞ-ın yeni prezidenti Donald Trump-ın vəzifəyə başlamasından sonra elan edilib.
         Layihə OpenAI, Oracle, SoftBank, eləcə də ərəb şirkəti MGX və digər tərəfdaşlar arasında əməkdaşlığı nəzərdə tutur. Yaxın vaxtlarda bu layihəyə 10 milyardlarla dollar investisiyanın qoyulması planlaşdırılır. Bununla belə, Elon Musk layihə üçün lazımi maliyyənin tapılacağına dair şübhələrini artıq ifadə edib. Çin şirkəti DeepSeek-in iqtisadi və effektiv modellərinin ortaya çıxması, “Stargate” miqyasında nəhəng infrastrukturun tikintisinin zəruriliyini sual altına qoydu. Buna baxmayaraq, Blackstone Brookfield kimi şirkətlər yeni məlumat mərkəzlərinin tikintisinin vacibliyinə şübhə etmirlər. Altman da bu layihəyə inamını qoruyur.
         Onun sözlərinə görə, hazırda “Stargate” üçün 500 milyard dollar xərcləmək inanılmaz dərəcədə böyük görünə bilər, lakin bir neçə ildən sonra bu məbləğ o qədər də böyük hesab edilməyəcək və 5 trilyon dollar tamamilə real rəqəm ola bilər. “Stargate” layihəsinin 4 il ərzində həyata keçirilməsi planlaşdırılır. Şirkətlər Texasdakı əsas obyektə əlavə olaraq, 16 ştatda data mərkəzlərinin tikintisi variantlarını araşdırırlar. Ümumilikdə 5-10 kampusun inşası nəzərdə tutulur və hər birinin gücü 1 giqavat və ya daha çox olacaq. Altman, “Stargate” layihəsini Avropada da həyata keçirmək istədiyini bildirib və bu istiqamətdə qitədə ümidverici danışıqlar apardığını qeyd edib.
         Bundan əlavə, dünyanın müxtəlif ölkələrindən nümayəndələrin yeni “Stargate” mərkəzlərinin inşasını müzakirə etmək üçün onunla əlaqə saxladıqlarını vurğulayıb. Altman-ın sözlərinə görə, o, bu kimi layihələri müzakirə etməyə hazır olduğunu bildirib və qarşı tərəfdən 100-800 milyon dollar arasında sərmayə qoymağa hazır olmalarını gözləyib. Lakin bəzi hökumətlərin həqiqətən də əhəmiyyətli infrastruktur klasterlərinə investisiya yatırmağa maraqlı olduqlarını anlayanda təəccüblənib. Bununla belə, Altman etiraf edir ki, data mərkəzlərinin tikintisi prosesində yüksəlişlər və enişlər olacaq. Ancaq belə bir eniş dövründə OpenAI-nin öz taleyinin necə olacağı hələ aydın deyil.
         Şirkət hələ ki mənfəət əldə etmir və ona çəkilən xərclər artıq inanılmaz səviyyəyə çatıb. 2024-cü ildə Altman süni zəka layihələrinin bütün ekosisteminə - enerji infrastrukturundan və data mərkəzlərindən tutmuş çiplərin hazırlanması və istehsalına qədər nəzarət əldə etmək üçün 7 trilyon dollara qədər sərmayə cəlb etməyi planlaşdırırdı. Müqayisə üçün, bəzi məlumatlara görə, ABŞ İkinci Dünya Müharibəsinə (inflyasiya nəzərə alınmaqla) 4 trilyon dollar xərcləyib, NVIDIA-nın ümumi dəyəri təxminən 3.5 trilyon dollar, TSMC-nin isə cəmi 871 milyard dollar aralığındadır. Bundan əlavə, Altman hələ Joe Biden-in dövründə ABŞ hökumətinə süni zəka layihələri üçün ölkə daxilində 5 giqavat gücündə data mərkəzləri şəbəkəsinin qurulması ideyasını irəli sürmüşdü.
    Mənbə: The Times
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Böyük dil modellərinin məlumatları insan beyni kimi emal etdikləri məlum olub
    boyuk-dil-modellerinin-melumatlari-insan-beyni-kimi-emal-etdikleri-melum-olub
    Meta geberativ süni zəka mövzusunda LlamaCon adlı konfransını keçirəcək
    meta-geberativ-suni-zeka-movzusunda-llamacon-adli-konfransini-kecirecek
    Keçmiş OpenAI texniki direktoru Mira Murati öz süni zəka startapını təsis edib
    kecmis-openai-texniki-direktoru-mira-murati-oz-suni-zeka-startapini-tesis-edib
    OpenAI şirkət strukturunda qorunma mexanizmi üzərində çalışır
    openai-sirket-strukturunda-qorunma-mexanizmi-uzerinde-calisir
    Elon Musk təkmilləşdirilmiş Grok-3 süni zəka çat-botunu təqdim edib
    elon-musk-tekmillesdirilmis-grok-3-suni-zeka-cat-botunu-teqdim-edib