main-post-cover

    Çin hakimiyyəti süni zəka mütəxəssislərinə ABŞ-a yollanmamağı məsləhət görür

    Süni İntellekt
    04.03.2025
    Emil Nəcəfov
         Çin hakimiyyəti aparıcı sahibkarlara və süni zəka sahəsində ixtisaslaşmış mütəxəssislərə ABŞ-a səfərlərdən çəkinməyi tövsiyə edib. Pekin süni zəkanı həm iqtisadiyyat, həm də milli təhlükəsizlik baxımından prioritet sahə kimi görür. Çin rəhbərliyi narahatdır ki, xaricə gedən süni zəka mütəxəssisləri ölkənin real nailiyyətləri barədə məxfi məlumatları açıqlaya bilərlər. Bundan əlavə, hakimiyyət bu mütəxəssislərin ABŞ tərəfindən saxlanılaraq iki ölkə arasındakı danışıqlarda "vasitə" kimi istifadə edilə biləcəyindən ehtiyatlanır. Belə hallar Donald Trump-ın ilk prezidentliyi dövründə Huawei ilə bağlı artıq baş vermişdi.
         Süni zəka ABŞ və Çin arasındakı texnoloji rəqabətin yeni cəbhəsinə çevrilib. Çinli DeepSeek Alibaba şirkətləri ABŞ-ın OpenAI Google şirkətlərinə meydan oxuyur, Pekin isə qabaqcıl sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət maraqlarına uyğun hərəkət etmələri üçün təzyiqləri artırır. Bu proses iki ölkənin texnoloji icmaları arasında onsuz da mövcud olan uçurumu daha da dərinləşdirir. Əsasən ABŞ-ın Çin yarımkeçirici sənayesinə qarşı tətbiq etdiyi sanksiyalar fonunda bu bölünmə daha da güclənib. Artan geosiyasi gərginlik şəraitində Çin öz iqtisadiyyatını möhkəmləndirməyə və texnologiya sektorunu tamamilə müstəqil etməyə çalışır.
         Çin texnologiya mərkəzlərinin, o cümlədən Şanxay, Pekin və Çjetszyan (Şanxay yaxınlığında yerləşən və Alibaba, DeepSeek kimi şirkətlərin fəaliyyət göstərdiyi bölgə) hakimiyyət orqanları texnologiya sahəsində çalışan rəhbərlərə ABŞ-a və onun müttəfiqi olan ölkələrə səfərlərdən çəkinməyi tövsiyə edir. Birbaşa qadağa mövcud olmasa da, süni zəka və robototexnika kimi strateji sahələrdə çalışan rəhbərlərə səfərlər yalnız zəruri olduqda tövsiyə edilir. Buna baxmayaraq, xaricə getmək qərarına gələn şəxslər səfər planlarını hakimiyyətə əvvəlcədən bildirməli və qayıtdıqdan sonra harada olduqları və kimlərlə görüşdükləri barədə hesabat verməlidirlər.
         Məsələn, DeepSeek şirkətinin qurucusu Liang Wenfeng fevral ayında Parisdə keçirilmiş süni zəka sammitinə dəvət alsa da, iştirakdan imtina edib. Keçən il isə süni zəka sahəsində fəaliyyət göstərən digər böyük bir startapın rəhbəri hakimiyyətlə danışıqdan sonra ABŞ-a planlaşdırdığı səfəri ləğv edib. Fevralın 17-də Çin lideri Xi Jinping ölkənin ən iri sahibkarları ilə görüş keçirib və onlara texnologiyaların inkişafı zamanı "milli borc hissini" qorumağın vacibliyini xatırladıb. Görüşdə DeepSeek şirkətinin rəhbəri Liang Wenfeng və insanabənzər robotlar istehsal edən Unitree Robotics-in qurucusu Wang Xingxing də iştirak ediblər.
         Çin hakimiyyəti yerli sahibkarların ABŞ və ya tanınmış amerikalılarla açıq əlaqələrinin dövlətin rəsmi siyasətinə zidd ola biləcəyindən narahatdır. Bu cür əlaqələr hakimiyyətin diqqətini cəlb edə, narazılıq yarada və sahibkarın hökumətə qarşı hərəkət etdiyi düşüncəsinə səbəb ola bilər. Buna baxmayaraq, bir çox Çin texnologiya şirkətləri ABŞ ilə əməkdaşlığını davam etdirir. Məsələn, Unitree Robotics və digər Çin şirkətləri Las Veqasda keçirilən CES sərgisində iştirak ediblər. Daha bir problem "beyin axınıdır" - son illərdə çox sayda varlı çinli xaricə köç edib, bu da ölkənin innovasiya potensialına təsir edə bilər. Bununla belə, Pekin bu yay öz süni zəka sammitini təşkil edəcək və bu tədbirdə dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin iştirakını alqışlayacağını bəyan edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft tibbi süni zəka assistenti Dragon Copilot-u anons edib
    microsoft-tibbi-suni-zeka-assistenti-dragon-copilot-u-anons-edib
    Çində süni zəka kardioloqu təqdim edilib
    cinde-suni-zeka-kardioloqu-teqdim-edilib
    Müxtəlif sahələrdə mətnlərin süni zəka vasitəsilə tərtib edilməsi tendensiyası sürətlə artır
    muxtelif-sahelerde-metnlerin-suni-zeka-vasitesile-tertib-edilmesi-tendensiyasi-suretle-artir
    DeepSeek gəlirdən çox ümumi süni zəkanın yaradılmasına istiqamətlənib
    deepseek-gelirden-cox-umumi-suni-zekanin-yaradilmasina-istiqametlenib
    Britaniyadakı tələblərin demək olar hamısı təhsildə süni zəkadan istifadə edir
    britaniyadaki-teleblerin-demek-olar-hamisi-tehsilde-suni-zekadan-istifade-edir