
Məhvolma prosesindəki ulduzun məlumatları musiqiyə çevrilib (VİDEO)
Elm & Texnologiya
13.05.2025
Emil Nəcəfov
NASA bir neçə kosmik teleskop tərəfindən toplanan məlumatlar əsasında yaradılmış üç musiqi kompozisiyasını dərc edib. Yeni səsləndirmələr (sonifikasiya) Chandra kosmik rentgen teleskopu, James Webb kosmik teleskopu və rentgen polarimetriyasını araşdırmaq üçün nəzərdə tutulmuş Imaging X-Ray Polarimetry Explorer (IXPE) kosmik aparatı tərəfindən əldə olunmuş məlumatlardan hazırlanıb. Sonifikasiya prosesi fərqli məlumatlara musiqi notlarının təyin edilməsini nəzərdə tutur. Bu sayədə kosmik müşahidələrin nəticələri səsə çevrilə bilir və nəticədə kosmosu sözün əsl mənasında “eşitmək” mümkün olur. Hazırlanmış bu 3 yeni audio kompozisiya, qara dəliklərin inkişafının müxtəlif mərhələlərini əks etdirən 3 kosmik obyektin müşahidəsi zamanı toplanmış məlumatlar əsasında yaradılıb.
Birinci melodiyada yeni qara dəliyin mümkün yaranması əks olunub. WR 124 adlı böyük kütləli ulduz öz xarici qatlarını sürətlə atır və bu proses nəticəsində onun ətrafında qaz və tozdan ibarət bir dumanlıq əmələ gəlir. WR 124 - Volff-Rayet sinfinə aid olan ulduzdur və Yer kürəsindən 28 min işıq ili uzaqlıqda, Ox bürcündə yerləşir. Bu parlaq və kütləvi ulduz həyat dövrünün sonuna yaxınlaşır və onun mövcudluğu güclü partlayışla sona çata bilər. Bu partlayışdan sonra həmin məkanda qara dəliyin yaranması ehtimal olunur. İkinci fonoqram SS 433 obyektinin müşahidə məlumatlarına əsaslanır. Bu obyekt Günəşə bənzər bir ulduzun daha ağır bir yoldaş - neytron ulduzu və ya qara dəlik ətrafında dövr etdiyi ikili sistemdir.
Rentgen şüalanmasındakı dalğalanmalar sonifikasiya zamanı müxtəlif ton və musiqi alətlərinin səslərinə çevrilir. Eyni zamanda, su damcılarının zəngi fon plandakı parlaq ulduzları əks etdirir, simli alətlərdəki dartınma səsləri isə bu sistemin ulduzlararası toz və qaz buludunun içindəki yerini göstərir. Üçüncü kompozisiya isə Yer kürəsindən 12 milyon işıq ili uzaqda, Sentavr bürcündə yerləşən linzavari Sentavr A qalaktikasının müşahidə məlumatları əsasında hazırlanıb. Bu qalaktikanın mərkəzində superkütləli qara dəlik yerləşir. Bu fonoqramda rentgen şüalanması külək səsinə bənzər səslərlə ifadə olunur, görünən şüalanmanın məlumatları isə ulduz və qalaktikanın quruluşunu əks etdirən simli musiqi alətləri ilə təqdim edilir. Bu struktur kompozisiyanın final hissəsində əksini tapır.
Mənbə: NASA
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda səthaltı su 20 km dərinlikdə yerləşə bilər

Marsda səthaltı su 20 km dərinlikdə yerləşə bilər
Geofiziklərdən ibarət beynəlxalq qrup Qırmızı planetin öyrənilməsində mühüm bir irəliləyiş əldə edib. Belə ki, NASA-nın InSight missiyasının seysmometrinin məlumatlarından istifadə edərək alimlər Marsın səthinin 5-20 kilometr dərinliyində geniş bir maye su ehtiyatının mövcudluğunu təsdiqləyiblər.
Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
Səudiyyə Ərəbistanında regionun iqliminə bilavasitə təsir göstərə biləcək bir neçə irimiqyaslı tikinti layihəsinə start verilib. Bu barədə Financial Times nəşrinin dərc etdiyi müsahibədə bir iqlim mütəxəssisi xəbərdarlıq edib.
Alimlər bədən daxilində orqanizmlərin 3D çapına nail olublar

Alimlər bədən daxilində orqanizmlərin 3D çapına nail olublar
Bir gün həkimlər işləyən orqanların, məsələn, döyünən ürəyin içində birbaşa 3D-plastırlar çap edə biləcək və ya dərmanları bədənin yalnız seçilmiş sahələrinə çatdırmağa başlayacaqlar.
Elon Musk insanlıq üçün qurtuluş həllini təklif edir

Elon Musk insanlıq üçün qurtuluş həllini təklif edir
Milyarder və SpaceX şirkətinin qurucusu Elon Musk insanlığı məhv olmaqdan xilas etmək üçün onu Marsa köçürmək planını irəlilətməkdə davam edir.
Gələcək indiki zamana təsir göstərə bilər

Gələcək indiki zamana təsir göstərə bilər
Alimlər retrosəbəblik (retrocause) adlanan hadisəni araşdırıblar və ehtimal edirlər ki, gələcəkdə verdiyimiz qərarlar keçmiş hadisələrə təsir göstərə bilər.
Həftənin xəbərləri

