main-post-cover

    Marsın uzaq keçmişdəki halına geri qaytarılması üçün yeni üsul təklif edilib

    Elm & Texnologiya
    09.08.2024
    Emil Nəcəfov
         Günəş sistemində insanların Yer kürəsindən başqa yaşaya biləcəkləri digər bir planeti seçmək lazım gəlsə Mars bu mövzuda ən yaxşı seçim olar. Hal-hazırda Mars soyuq səhra şəraitinə sahibdir. Lakin son illərdə aparılan araşdırmalara əsasən uzaq keçmişdə bu planetin səthində sudan təşkil edilmiş çaylar və göllər mövcud olub. Bununla belə temperatur göstəricisə də olduqca yüksək olub. Məhz bunun hesabına su planetin səthində maye şəklində mövcud ola bilib. İndi isə alimlər Marsın yenidən həyat üçün münbit şəraitə sahib olması istiqamətində süni yaradılmış tozdan istifadə etməyi təklif edirlər.
        Onilliklər ərzində alimlər və fantastika janrının yazıçıları Marsa isti iqlimin geri qaytarılması üzrə çoxlu sayda ideyanı nəzərdən keçiriblər. Bunun üçün Marsın terraformalaşdırılması lazımdır. Məhz bu halda o, insanların məskunlaşması üçün münbit şəraitə sahib ola biləcək. Bu mövzuda təklif edilən konsepsiyaların əsaslarında Mars atmosferinin böyük həcmdə parnik qazı ilə təmin edilməsi fikri dayanır. Bu fikirə əsasən Mars atmosferini böyük həcmdə parnik qazı ilə təmin edəndən sonra planetdə yaranacaq yüksək temperatur planetin səthinin alt hissəsində buz şəklində yerləşən suyun əriməsinə səbəb olacaq.
         Bu prosesin baş verməsi üçün hətta Mars atmosferində çoxlu sayda nüvə silahının partladılması təklifi də edilmişdi. Lakin alimlər aparmış olduqları yeni araşdırma çərçivəsində Mars iqlimini daha isti edəcək sadə üsulu təklif ediblər. Onların təklif etdikləri sadə üsul Mars səthində suyun formalaşmasına və planetin uzaq keçmişdəki halına geri qayıtmasına imkan verə bilər. Onların fikirlərinə əsasən Mars atmosferini böyük həcmdə süni toz ilə zənginləşdirmək lazımdır. Atmosferə buraxılması nəzərdə tutulan toz isə kiçik ölçülü metal qəliblərdən təşkil edilməlidir. Hər bir metal qəlibin uzunluğu təqribi olaraq 9 metrin milyonda birinə bərabər olmalıdır.
         Bu ölçü heç də təsadüfi seçilməyib. Belə ki, o, metal qəliblərdən təşkil edilmiş zərrəciklərin istiliyi Mars səthinə əks etdirəcəklərinə zəmanət verir. Alimlər tərəfindən aparılmış kompüter modelləşdirməsinə əsasən əgər Mars atmosferinə hər saniyə 30 litr həcmində toz buraxılsa, bu, növbəti onilliklər ərzində Mars səthində temperatur göstəricisini 30 dərəcə Selsi və ya ondan yüksək göstəriciyə kimi qaldıracaq. Lakin bunun üçün inanılmaz dərəcədə çoxlu miqdarda toz lazımdır. Alimlərin sözlərinə əsasən Marsın terraformalaşdırılması üçün olan ideyaların təkmilləşdirilməsi mümkündür. Onlar düşünürlər ki, bu baxımdan Marsın terraformalaşdırılması prosesi daha öncə düşünüldüyü kimi elə də qəliz deyil.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Marsda edilmiş yeni kəşf qədim bioloji həyat növünə işarə edir
    marsda-edilmis-yeni-kesf-qedim-bioloji-heyat-novune-isare-edir
    Gələcək Mars uçuşlarında iştirak edəcək insanlar üçün daha bir ciddi problem aşkar edilib
    gelecek-mars-ucuslarinda-istirak-edecek-insanlar-ucun-daha-bir-ciddi-problem-askar-edilib
    Marsda yaşaya bilən səhra mamırı tapılıb!
    marsda-yasaya-bilen-sehra-mamiri-tapilib
    Marsda buz kəşf edilib!
    marsda-buz-kesf-edilib
    Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
    marsda-kesf-edilen-cuxur-planetin-tedqiqi-ucun-onemli-ola-biler