main-post-cover

    Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub

    Elm & Texnologiya
    14.11.2024
    Emil Nəcəfov
         Aparılmış son araşdırmalara əsasən atmosferdə olan mikroplastik hissəciklər havanı çirkləndirməklə yanaşı buludların formalaşmasına təkan verərək iqlimə və havaya təsir göstərirlər. Bu, havada mikroplastik hissəciklərin olması faktorunun iqlim şərtlərini necə dəyişməsi sualını ortaya çıxarır. Buludların formalaşması üçün buxar formasında olan rütubət toz və ya bioloji fraqmentlər kimi çox kiçik hissəciklərin üzərinə çökməli və su damcıları və ya buz kristallarına çevrilməlidir. Aparılmış yeni tədqiqata əsasən mikroplastik hissəciklər adi temperatur şəraitindən 5-10 dərəcə Selsi daha yüksək temperaturda buz kristallarının formalaşmasına təkan verərək eyni prosesi həyata keçirə bilirlər.
         Nəticədə güman etmək olar ki, atmosferdəki mikroplastik hissəciklər daha öncə bunun üçün mümkün hesab edilməyən şərtlər çərçivəsində də buludların formalaşmasına təkan verə bilərlər. Havadakı müxtəlif hissəciklərin maye formasında su ilə qarşılıqlı əlaqələri nəticəsində buzun formalaşması prosesi atmosferdə daimi olaraq baş verən prosesdir və bu proses yağıntılara və iqlim şərtlərinə təsir göstərir. Atmosferin yuxarı layları su damcılarından, buz kristallarından və ya onların birləşmələrindən təşkil edilmiş buludlardan ibarətdir. 0 dərəcə Selsidən -38 dərəcə Selsiyə kimi temperatur diapazonunda buz kristalları adətən mineral toz hissəcikləri və ya bakteriyalar kimi bioloji hissəciklər ətrafında formalaşırlar.
         Məlum olub ki, mikroskopik ölçülərdən 5 mm-ə qədər olan mikroplastik hissəciklər də kondensasiya nüvəsi rolunda çıxış edə bilirlər. Öz böyük olmayan ölçüləri sayəsində mikroplastik hissəciklər külək vasitəsilə uzaq məsafələrə kimi yayıla bilirlər. Nəticədə onlara Antarktida və Everest zirvəsi kimi yerlərdə də rast gəlmək olur. Buludlardakı buz hissəcikləri iqlimə böyük təsir göstərirlər. Belə ki, bir çox yağıntı növü məhz buz hissəciklərindən formalaşır. Atmosferin ən yuxarı laylarında soyuq buludlar özlərində donmuş rütubət hissəciklərini birləşdirirlər. Buz formalaşmağa başlayan zaman o öz ətrafındakı damcılarda olan su buxarını udaraq ölçüsünü və kütləsini artırır. Nəticədə bu buz kristalları Yer kürəsinin səthinə yağıntılar formasında çökürlər.
         Buzun formalaşmadığı halda isə buludlar sadəcə olaraq buxarlanırlar. Biz bilirik ki, su buz halına 0 dərəcə Selsi temperatur şəraitində keçid edir. Lakin əslində bu, su molekullarının birləşə biləcəkləri mikrohissəciklərin olduqları halda baş verir. Mikrohissəciklərin olmadıqları halda su hətta -38 dərəcə Selsi temperatur şəraitində belə maye halında qalacaq. Məhz toz və ya mikroplastik kimi kiçik hissəciklərin hesabına su buz halına keçid edə bilir. Buludlar iqlimin tənzimlənməsi prosesində mühüm rol oynayırlar. Onlar Günəş şüalarını əks etdirərək planetin səthindəki temperaturu aşağı salır və ya əksinə istiliyi saxlayaraq parnik effektinin yaranmasına təkan verirlər. Buludun tərkibində olan su və buz miqdarı onun əks etdirmə bacarığına bilavasitə təsir göstərir.
         Buna görə də mikroplastik hissəciklərin təsirləri altında su və buz nisbətinin dəyişimi iqlimə təsir göstərə bilər. Mikroplastik hissəciklərin buz kristallarının formalaşmasına təkan verib-verməmələrini təyin etmək üçün mütəxəssislər atmosferdə geniş yayılmış 4 növ plastik materialı yoxlayıblar. Aşağı sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid polietilen tereftalat. Bu materiallar həm adi vəziyyətdə həm də onlara ultrabənövşəyi şüalanmanın, ozonun oksigenin təsir olunmasından sonrakı vəziyyətdə test ediliblər. Qeyd etmək lazımdır ki, ultrabənövşəyi şüalanma, ozon və oksigen atmosferdə geniş yayılmış faktorlardır və onlar mikroplastikin kimyəvi tərkibini dəyişə bilərlər.
         Mütəxəssislər mikroplastiki su damcısına yerləşdirərək onu ləng şəkildə soyutmağa başlayıblar və bu komponentlərin donma anını müşahidə ediblər. Hissəciklərin aparılmış kimyəvi analizi nəticəsində təyin edilib ki, müşahidə edilmiş plastiklərin əksəriyyətində su damcısının 50%-i artıq -22 dərəcə Selsi temperaturda donmağa başlayıb. Aparılmış müşahidə onu göstərib ki, ultrabənövşəyi şüalanma, ozon və oksigen bu prosesin aktivliyini aşağı salıblar. Lakin bununla belə plastik materiallar buzun formalaşması prosesini davam etdiriblər.
         Mikroplastik hissəciklərin iqlimə necə təsir göstərdiklərini araşdırmağa davam etmək üçün buludların formalaşdıqları yüksəkliklərdə onların hansı miqdarda olduqlarını dəqiq şəkildə təyin etmək lazımdır. Bundan əlavə olaraq mikroplastik hissəciklərin mineral toz və bioloji fraqmentlər kimi digər hissəciklərlə nisbətlərini təyin etmək vacibdir. Bu məlumatlar mikroplastik hissəciklərin buludların formalaşması prosesinə təsirlərini proqnozlaşdırmağa imkan verəcək modelləri yaratmağa yardımçı olacaqlar.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
    bu-il-200-milyon-tondan-cox-plastik-tullanti-formalasacaq
    Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
    mikroplastik-tullantilar-probleminin-miqyasi-dusunulduyunden-daha-boyuk-ola-biler
    Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
    beyinde-mikroplastikin-yigilmasi-altsheymer-xesteleyine-sebeb-ola-biler
    Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
    alimler-icmeli-sudan-mikroplastikleri-temizlemeyin-cox-asan-yolunu-kesf-edibler
    Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
    mikroplastik-hisseciklere-rast-gelinen-yerlerin-siyahisi-teqdim-edilib