
Alimlər erkən kainatda 5 qalaktikanın toqquşma hadisəsini aşkar ediblər
Elm & Texnologiya
04.09.2025
Emil Nəcəfov
Əsasən alimlər iki qalaktikanın toqquşmasını və birləşməsini müşahidə edə bilirlər, lakin bir neçə qalaktikanın birləşməsi olduqca nadir hadisədir. Xüsusilə söhbət erkən kainatdan gedirsə. Hesab olunur ki, məlum kainatda bütün qalaktikaların təxminən 20-30%-i birləşmə prosesindədir və tədricən yeni qalaktikaya çevrilir. Lakin bu, əsasən iki qalaktikanın birləşməsinə aiddir. Çoxqalaktikalı birləşmələrin isə cəmi 1%-dən az olduğu düşünülür. Buna görə də belə hadisə çox nadirdir. Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə eyni anda 5 qalaktikanın birləşməsini aşkar edə biliblər. Bu hadisə erkən kainatda, Böyük partlayışdan 800 milyon il sonra, yəni 13 milyard il əvvəl baş verib. 5 qalaktikadan ibarət bu sistem lokal kainatda tanınmış Stefan Kvintetini xatırladır və James Webb Kvinteti adını alıb. Hər bir qalaktika ayrıca ELG1, ELG2, ELG3, ELG4 və ELG5 adlandırılıb.

Alimlərin sözlərinə görə, bir neçə qalaktikanın eyni anda toqquşub birləşməsini aşkar etmək ehtimalı olduqca azdır, belə bir birləşməni erkən kainatda müşahidə etmək isə böyük şans hesab olunur. Xatırladaq ki, astronomlar kainatın çox uzaq keçmişini məhz milyardlarla işıq ili məsafə qət etmiş işıq sayəsində görə bilirlər. Nəzərə alsaq ki, James Webb Kvinteti qalaktikalarının birləşməsi Böyük partlayışdan 800 milyon il sonra baş verib, kainatın yaşı isə 13.8 milyard ildir, deməli, həmin qalaktikalardan gələn işıq bizə 13 milyard il yol qət edərək çatıb. Buna görə də astronomlar onları milyardlarla il əvvəl olduqları kimi görürlər. Onlarla sonradan nə baş verdiyi isə yalnız əldə olunmuş məlumatlara əsaslanan ehtimaldır. 5 qalaktika üzərində aparılmış müşahidələr göstərdi ki, bu, həqiqətən qarşılıqlı əlaqədə olan bir sistemdir. Yəni bütün 5 qalaktika bir-birini qravitasiya ilə cəlb edir və ulduzlararası qaz mübadiləsi başlayır.

Astronomların sözlərinə görə, nəticə etibarilə James Webb Kvinteti bir nəhəng qalaktikaya çevrilməli idi. Alimlərin hesablamalarına görə, bu proses Böyük partlayışdan 1-1.5 milyard il sonra baş verməli idi. Astronomlar müəyyən ediblər ki, 5 qalaktikadan ibarət bütün sistemin kütləsi Günəşin kütləsindən təxminən 10 milyard dəfə çoxdur. Onlar aşkar ediblər ki, sistemdəki iki əsas qalaktika bir-birindən təxminən 43 000 işıq ili məsafədə yerləşir, ən uzaq qalaktika cütlüyü isə təxminən 60 000 işıq ili məsafədədir. Müqayisə üçün, Süd Yolu qalaktikasının diametri 100 000 işıq ilidir. Tədqiqat göstərdi ki, bu qalaktikalarda yeni ulduzların aktiv yaranması prosesi gedir. Üstəlik, ulduzlar həmin dövr üçün kainat tarixində gözləniləndən daha sürətlə formalaşır. James Webb Kvinteti lokal kainatda mövcud olan Stefan Kvintetinə bənzəyir. Bu sistemdə 4 qalaktikanın birləşməsi baş verir. Sistem “kvintet” adlandırılıb, çünki şəkillərdə başqa bir qalaktika da görünür, lakin o, birləşmədə iştirak etmir.

Astronomların sözlərinə görə, həm James Webb Kvinteti, həm də Stefan Kvinteti qalaktikaları birləşdirən materiya körpülərinə malikdir. Tədqiqat göstərir ki, James Webb Kvintetinin böyük kütləsi və qalaktikalarda yeni ulduzların yaranma sürəti 5 qalaktikanın bir neçə yüz milyon ildən sonra iri, “sakit” qalaktikaya çevrilə biləcəyinə işarə edir. “Sakit” qalaktikalar dedikdə yeni ulduzların formalaşmasının dayandığı qalaktikalar nəzərdə tutulur. Əvvəllər astronomlar erkən kainatda belə qalaktikalardan bir neçəsini aşkar ediblər, lakin onların niyə bu qədər erkən mərhələdə yeni ulduzların yaranmasını dayandırdıqları hələ də aydın deyil. Əslində onlar “ölü” qalaktikalara çevriliblər ki, bu tip obyektlər lokal kainatda da müşahidə olunur. Əgər 5 aktiv qalaktika ölü qalaktikaya çevrilirsə, James Webb Kvinteti erkən kainatda ulduz yaranması davam edən kiçik qalaktikaların birləşməsi yolu ilə iri, sakit qalaktikaların necə sürətlə formalaşa biləcəyini potensial olaraq izah edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ilkin qara dəliyin mövcudluğuna dair sübut aşkar etmiş ola bilərlər

Alimlər ilkin qara dəliyin mövcudluğuna dair sübut aşkar etmiş ola bilərlər
Erkən kainatda aşkar edilmiş kiçik qırmızı işıq ləkəsi superkütləli qara dəliklərin yaranma yolunun mövcudluğuna dair ilk birbaşa sübut ola bilər. Astronomlar James Webb kosmik teleskopunun əvvəllər aşkar etdiyi sirli “kiçik qırmızı nöqtələr”dən birinin kütləsini ölçüblər.
Alimlər ağır elementlərə sahib olmayan "təmiz" qalaktikanı kəşf etmiş ola bilərlər

Alimlər ağır elementlərə sahib olmayan "təmiz" qalaktikanı kəşf etmiş ola bilərlər
Alimlər hesab edirlər ki, onlar ağır kimyəvi elementlərin olmadıqları bir qalaktika kəşf ediblər. Onun mövcudluğu Böyük partlayış nəzəriyyəsinin əsas proqnozlarını təsdiqləyir. James Webb kosmik teleskopunun köməyi ilə astronomlar ilk dəfə AMORE6 adlanan qalaktikanı aşkar ediblər.
Potensial yadplanetlilərin axtarışı mövzusunda yeni üsul təklif edilib

Potensial yadplanetlilərin axtarışı mövzusunda yeni üsul təklif edilib
İtalyan alimlər yadplanetli həyatın axtarışı üçün yeni yanaşma təklif ediblər. Onlar hesab edirlər ki, ekzoplanetlərin atmosferlərində müəyyən metalların mövcudluğu həyatın mümkün varlığına işarə edə bilər.
Yer kürəsinin geoloji tarixində riyazi qanunauyğunluqlar aşkar edilib

Yer kürəsinin geoloji tarixində riyazi qanunauyğunluqlar aşkar edilib
Planetimizin tarixi sarsıntılarla doludur. Nisbətən sabit dövrlər kəskin və gözlənilməz fəlakətlərlə əvəzlənib, bu da ciddi dəyişikliklərə səbəb olub. Lakin əlamətlər göstərir ki, bu keçidlər göründüyü qədər də qeyri-proqnozlaşdırılan deyil. Yeni araşdırmaya görə, geoloqların Yer tarixində əsas geoloji fəsilləri ayırd etmək üçün istifadə etdikləri hadisələr gizli iyerarxik struktura tabe olur və bu, keçmiş və gələcək sarsıntılara işıq tuta bilər.
Qaranlıq materiyanın mövcudluğunu şübhə altına atan yeni fərziyyə irəli sürülüb

Qaranlıq materiyanın mövcudluğunu şübhə altına atan yeni fərziyyə irəli sürülüb
10 illərlə elm hesab edirdi ki, kainatımızın böyük hissəsi bizim üçün görünməz olaraq qalır. Söhbət 2 görünməz komponentdən gedir: qaranlıq materiya və qaranlıq enerji. Ottava Universitetinin fizika professoru Rajendra Gupta qaranlıq materiya və qaranlıq enerji olmadan kainatı izah etməli olan alternativ nəzəriyyə irəli sürüb.
Həftənin xəbərləri

