main-post-cover

    Alimlər 50 ildən çox çalışa bilən atom batareyası hazırlayıblar

    Elm & Texnologiya
    14.03.2025
    Emil Nəcəfov
         Çinin Qansu əyalətində yerləşən Lançjou Şimal-Qərb Pedaqoji Universitetinin alimləri karbon-14 (¹⁴C) izotopu əsasında işləyən atom batareyası hazırladıqlarını elan ediblər. Batareya 50 il müddətində enerji itirmədən işləyə bilir. O, ürək stimulyatorları, kosmik aparatlar və ekstremal şəraitdə işləyən cihazlar üçün nəzərdə tutulub. İstehsalçılar bu batareyanın Çində karbon-14 izotopu ilə işləyən ilk nüvə enerjisi mənbəyi olduğunu bildirirlər. Bu texnologiya ölkədə muxtar enerji mənbələrinin inkişafına ciddi təsir göstərə bilər. Çin uzun müddət karbon-14 izotopunu Kanada, Cənubi Afrika, Avstraliya və Rusiyadan idxal edirdi.
         Lakin keçən il Çin tədqiqatçıları yerli reaktorlardan birində bu izotopun istehsalına başlayıblar. Bu isə ölkənin bahalı xarici alışlardan asılılığını aradan qaldıracaq. Batareyanın maksimal çıxış gücü 433 nanovat təşkil edir. ¹⁴C izotopunun radioaktiv çürüməsi zamanı elektronlar və pozitronlar əmələ gəlir. Elektronlar radioaktiv materialla yarımkeçirici keçidlərin sərhədində tutulur və bu proses nəticəsində elektrik cərəyanı yaranır. Karbon-14 izotopu ölü orqanizmlərdə toplanır və radiokarbon tarixləndirmədə geniş istifadə olunur. Onun yarımparçalanma dövrü 5730 ildir. Hesablamalara görə, Çin istehsalı olan ¹⁴C atom batareyası 50 il işlədikdən sonra gücünün cəmi 5%-ni itirəcək.
         Bu isə onun 100 ildən çox fasiləsiz işləyə biləcəyini göstərir. Bu xüsusiyyət xüsusilə uzaq kosmik missiyalar üçün böyük əhəmiyyət kəsb edir. Alimlər laboratoriya şəraitində atom batareyasının -100 dərəcə Selsi temperaturda soyudulmasını və 200 dərəcə Selsi temperaturda qızdırılmasını sınaqdan keçiriblər. Hər iki halda batareya nominal cərəyan səviyyəsini təmin edərək fasiləsiz işləyib. Sınaqlar zamanı bu enerji mənbəyi dörd aydan çox fasiləsiz olaraq LED lampanı işıqlandırıb. Atom batareyasının hazırlanmasında Beita Pharmatech şirkətinin mütəxəssisləri iştirak ediblər.
         Bu şirkət karbon-14 izotopunu elmi və tibbi məqsədli dərman preparatlarının istehsalında istifadə edir. Bu təcrübəyə əsaslanaraq, universitet əməkdaşları atom batareyalarının sənaye miqyasında istehsalı üçün robotlaşdırılmış istehsal xətti yaratmağı planlaşdırırlar. Karbon-14 izotopu insan üçün nisbətən təhlükəsiz hesab olunur. Bu tip atom batareyaları insan orqanizminə yerləşdirilən implantlar və ürək stimulyatorları üçün ömürlük enerji mənbəyi ola bilər. Müasir enerji mənbələri isə cəmi 15 il işləməyə hesablanıb. Çin alimləri karbon-14 əsasında batareya hazırlamağa çalışan yeganə tədqiqatçılar deyil. 2024-cü ilin sonunda Böyük Britaniya tədqiqatçılarının da oxşar layihə üzərində işlədiyi barədə məlumatlar yayılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    BeeFree Agro startapı mal-qaranın otarılması və idarə olunması üçün dronların istifadəsinə start verib
    beefree-agro-startapi-mal-qaranin-otarilmasi-ve-idare-olunmasi-ucun-dronlarin-istifadesine-start-verib
    4 aya Marsa uçmaq: Raketlər üçün termonüvə mühərriki təqdim edilib (VİDEO)
    4-aya-marsa-ucmaq-raketler-ucun-termonuve-muherriki-teqdim-edilib-video
    Tesla və BYD-nin batareyaları müqayisə edilib
    tesla-ve-byd-nin-batareyalari-muqayise-edilib
    İnsanabənzər Atlas robotu Hyundai şirkətinin zavodunda işə başlayıb
    insanabenzer-atlas-robotu-hyundai-sirketinin-zavodunda-ise-baslayib
    Çində insanlar və robotlar üçün marafon keçiriləcək
    cinde-insanlar-ve-robotlar-ucun-marafon-kecirilecek