
ABŞ-ın yeni Ay proqramının uğursuz olma riski var
Elm & Texnologiya
11.02.2025
Emil Nəcəfov
Aerospace Safety Advisory Panel (ASAP) tərəfindən illik hesabat dərc olunub. ASAP 1968-ci ildə NASA rəhbərliyinin və ABŞ Konqresinin məlumatlılığını artırmaq məqsədilə yaradılıb. Panelin tövsiyələri dəyişən şəraitdə ən optimal qərarların qəbul edilməsinə kömək edir. Son hesabat ABŞ-ın əsas kosmik proqramlarının mürəkkəb vəziyyətdə olduğunu əks etdirir və bu proqramların icrasının uğursuzluğa uğrama riski getdikcə artır. "Xüsusilə “Artemis” proqramının hazırlanması, inteqrasiyası və icrası ilə bağlı risklər ciddi narahatlıq doğurur". Hesabatda bildirilib ki, NASA-nın Mars və daha uzaq kosmik bölgələrin araşdırılması ilə bağlı səlahiyyətləri olduqca mürəkkəbdir və böyük qeyri-müəyyənliklərlə müşayiət olunur. Bu, Günəş sisteminin mənimsənilməsi üçün əsas strateji elementdir.

Ay - gələcək missiyalar üçün texnologiyaların sınaq mərkəzi, baza və tramplin rolunu oynayır. Lakin ASAP xəbərdarlıq edir ki, bütün bu planlar hazırda risk altındadır. ASAP məsləhətçiləri, Ay proqramı ilə bağlı risklərdən əlavə, aşağı orbitdə həyata keçirilən kommersiya layihələrində, xüsusən də özəl kosmik stansiyalara keçidlə bağlı ciddi problemlərin olduğunu qeyd ediblər. Hesabatda bildirilib ki, NASA bu sahədə bir sıra mühüm aspektlərə nəzarət etmir, bu da ciddi narahatlıq doğurur. Bundan əlavə, kosmosda tibbi təminat və insan sağlamlığı ilə bağlı suallar açıq qalır, büdcə proqramlarının qeyri-sabit maliyyələşdirilməsi isə vəziyyəti daha da gərginləşdirir.
Agentlik bütün bu məsələlərə eyni anda nəzarət edə bilmir və bu problem həll olunmalıdır. “Artemis” proqramı bütün əsas istiqamətlərdə çətinliklərlə üzləşir. İnsanların Aya çatdırılması və eniş modulu ilə bağlı demək olar ki, bütün əsas elementlər hələ də test edilməyib. Bunlara orbital yanacaq tankerlərinin buraxılması, çəkisizlik mühitdə kriogen yanacağın saxlanması, orbital yanacaq doldurma, Ay səthinə eniş və digər kritik aspektlər daxildir. Üstəlik, NASA hətta tam hazır vəziyyətdə olan 450 kq-lıq VIPER Ay gəzinti aparatını belə, Ayın səthinə necə çatdıracağını bilmir.

Belə olduğu halda, insanın Aya qaytarılması ilə bağlı daha irimiqyaslı layihənin icrası necə mümkün olacaq? Hesabatda astronavtları Ay orbitinə çatdırmaq üçün nəzərdə tutulmuş Orion kosmik gəmisinə xüsusi diqqət yetirilib. Məlum olduğu kimi, Orion-un istilik qoruyucu örtüyündə texnoloji qüsur aşkarlanıb. “Artemis 2” missiyası üçün bu problem olduğu kimi saxlanılıb, lakin yerə daxil olma trayektoriyası elə tənzimlənib ki, istilik yükü minimuma endirilsin. “Artemis 3” missiyası üçün yeni istilik qoruyucu örtük hazırlanması planlaşdırılır, lakin bu texnologiya hələ heç bir testdən keçməyib.
Bu ilin sonlarında ASAP bu problemi NASA ilə daha ətraflı müzakirə edəcək. Hələlik, məsələni həll etmək üçün kifayət qədər vaxt var. NASA-nın insanları Aya qaytarma planı 2027-ci ilin ortalarına təxirə salınıb. ASAP NASA-nın təhlükəsizlik prinsiplərinə sadiqliyini yüksək qiymətləndirib. Xüsusilə, Boeing Starliner kosmik gəmisində baş vermiş nasazlıq zamanı agentliyin riskə getməyərək onu pilotsuz rejimdə Yerə qaytarması xüsusi qeyd olunub. ASAP bunu ötən ilin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib.

Baxmayaraq ki, “Starliner” proqramı ilə bağlı hələ də çoxlu suallar qalır. Aydın görünür ki, Starliner hazırda NASA sertifikatına layiq deyil. Onun tam təkmilləşdirilməsi isə xeyli vaxt və əlavə maliyyə vəsaiti tələb edəcək. Bu da NASA üçün əlavə çətinliklər yaradır. SpaceX ilə bağlı vəziyyət fərqlidir. ASAP NASA və SpaceX-i “uğurun yaratdığı eyforiya” təhlükəsi barədə xəbərdar edib. SpaceX hazırda uğurlu bir dövr yaşayır - uçuş missiyalarının sayı artır və şirkət getdikcə daha çox müqavilə əldə edir. Lakin məsləhətçilər xəbərdarlıq edirlər ki, bu, nəzarətsiz nəticələrə səbəb ola bilər. Hesabatda qeyd edilir: “NASA və SpaceX tez dəyişən əməliyyat mühitinin, sağlam və məntiqli qərarlar qəbul etməyə, dərin analiz aparmağa və tədbirləri diqqətlə həyata keçirməyə mane olmamasına diqqət yetirməlidir.”

Nəhayət, ASAP daha bir ciddi problemi vurğulayır - Konqresin vaxtında və qəti maliyyələşdirmə ayırmaqda aciz qalması səbəbindən büdcə qeyri-müəyyənliyinin davam etməsi. "Bu qeyri-müəyyənlik NASA-nın yüksək texnologiyalı missiyaları planlaşdırmaq və həyata keçirmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Büdcə qeyri-müəyyənliyi inkişaf prosesində riskləri artıra, gələcəkdə əməliyyat çətinlikləri yarada, vacib işlərdən diqqəti yayındıra, qeyri-səmərəliliyə səbəb ola və missiyaların təhlükəsizliyinə və uğuruna birbaşa təsir edən kritik qərarların təxirə salınmasına gətirib çıxara bilər". Bu fikirlər ASAP hesabatında yer alıb. Yeni hesabat NASA-nın icraçı administrasiyası vəzifəsini müvəqqəti icra edən Janet Petro-ya, ABŞ Senatının vitse-prezidenti və sədri J.D. Vance-ə, eləcə də ABŞ Nümayəndələr Palatasının spikeri Mike Johnson-a təqdim edilib.
Mənbə: Space.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib

Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib
Astronomlar LEDA 1313424 adlı yeni qalaktikanı kəşf ediblər. Bu qalaktika indiyə qədər müşahidə olunanlardan tamamilə fərqlənir. Onun mərkəzindən suya atılmış daşın yaratdığı dalğalar kimi doqquz ədəd halqa-spiral qolu yayılır, halbuki əksər qalaktikalarda bu cür strukturlar adətən iki və ya üç olur.
Günəşə ən çox yaxınlaşan kosmik aparat sağ çıxmağı bacarıb!

Günəşə ən çox yaxınlaşan kosmik aparat sağ çıxmağı bacarıb!
NASA, Günəşə ən çox yaxınlaşan kosmik aparat olan Parker Solar Probe-un sağlam olduğunu və yerə siqnal göndərdiyini açıqlayıb.
Marsın Yerə bənzər valehedici qış mənzərəsi görüntüləri paylaşılıb!

Marsın Yerə bənzər valehedici qış mənzərəsi görüntüləri paylaşılıb!
ESA-nın Mars Express orbiti və NASA-nın Mars Reconnaissance Orbiter-i ilə əldə edilən görüntülər Marsın valehedici qış mənzərələrini sərgiləyib.
NASA ilk dəfə Günəşə çox yaxın bir məsafədən uçuş həyata keçirib!

NASA ilk dəfə Günəşə çox yaxın bir məsafədən uçuş həyata keçirib!
NASA-nın kosmik aparatı Günəşə indiyə qədər ən yaxın uçuşunu həyata keçirib. Agentliyə məxsus Parker Solar Probe aparatı, Günəşə cəmi 6.1 milyon kilometr məsafəyə qədər yaxınlaşıb.
NASA gələcək Mars missiyaları üçün nəzərdə tutulmuş yeni dronun konseptini sərgiləyib (VİDEO)

NASA gələcək Mars missiyaları üçün nəzərdə tutulmuş yeni dronun konseptini sərgiləyib (VİDEO)
NASA gələcək Mars missiyaları üçün nəzərdə tutulmuş Mars Chopper adlı dronun konseptini sərgiləyib. Bu dron artıq Mars səthində uğurla test edilmiş Ingenuity adlı dronun davamçısı olacaq.
Həftənin xəbərləri

