main-post-cover

    Avropa X-i 1 milyard dollardan çox məbləğdə cərimələyə bilər

    Tech-Biznes
    04.04.2025
    Emil Nəcəfov
         Avropa tənzimləyici orqanları Elon Musk-ın sahibi olduğu X sosial şəbəkəsini 1 milyard dollardan çox cərimələmə təşəbbüsünü araşdırırlar - onlar Musk və ABŞ prezidenti Donald Trump-la qarşıdurmanın hansı nəticələrə səbəb ola biləcəyini qiymətləndirirlər. Məlumata görə, X platformasını qadağan olunmuş materiallar və dezinformasiya qanununun pozulmasına görə böyük cərimə gözləyir. Məlumatda qeyd edilib ki, bu tədbir Avropa ilə ABŞ arasında gərginliyi daha da artıra bilər, çünki Musk Trump-ın ən yaxın müşavirlərindən biri olaraq qalır. Cərimədən əlavə, cəza tədbirlərinə məhsulun dəyişdirilməsi barədə göstəriş də daxil olacaq. Gözlənilir ki, bu tədbirlər barədə yay aylarında elan ediləcək - bu, sosial şəbəkə rəhbərliklərini platformalar üzərində daha sərt nəzarətə məcbur etməyə yönəlmiş yeni Avropa Birliyi qanunu çərçivəsində ilk tətbiq nümunəsi olacaq.
         Hazırda Avropa hakimiyyət orqanları X sosial şəbəkəsinə hansı məbləğdə cərimə tətbiq olunacağını müəyyən etməyə çalışırlar - onlar Trump ilə qarşıdurmanın daha da kəskinləşməsinin hansı nəticələrə gətirib çıxara biləcəyini qiymətləndirirlər. Trump hazırda ticarət qaydalarını sərtləşdirir və rüsumlar tətbiq edir. Cərimənin 1 milyard dolları keçə biləcəyi ehtimal olunur, çünki Avropa tənzimləyiciləri bu tədbiri nümunəvi etmək və digər şirkətləri “Rəqəmsal Xidmətlər Haqqında Qanun”a daha ciddi yanaşmağa məcbur etmək istəyirlər. Avropa rəsmiləri bildirirlər ki, X platformasına qarşı araşdırma gömrük rüsumları ilə bağlı danışıqlardan asılı deyil və ondan müstəqil aparılır - bu araşdırma hələ 2023-cü ildə başlanmışdı və ötən il tənzimləyicilər ilkin qərar çıxarmışdılar ki, platforma qanunu pozub.
         Region rəhbərliyi və X administrasiyası arasında razılaşma hələ də mümkündür - əgər şirkət tənzimləyici qurumların narahatlığını aradan qaldıracaq dəyişikliklərə razı olsa. İkinci araşdırma isə X-in moderasiya siyasətini əhatə edir: Avropa rəsmilərinin fikrincə, administrasiyanın müdaxilə etməmə siyasəti nəticəsində platforma nifrət nitqi, dezinformasiya və digər qanunsuz materialların mənbəyinə çevrilib və bu, 27 ölkədən ibarət birliyə daxil olan cəmiyyətlərdə demokratiyanı təhdid altına qoyur. Avropa Komissiyası bəyan edib ki, X platformasına qarşı 1 milyard dollardan artıq cərimə ilə bağlı heç bir qərar hazırlanmayıb.
         Şirkət isə bununla bağlı açıqlama yayaraq, ona qarşı tətbiq oluna biləcək məcburi tədbirləri “misli görünməmiş siyasi senzura aktı və söz azadlığına hücum” adlandırıb və qeyd edib ki, biznesini və “Avropada söz azadlığını qorumaq” üçün əlindən gələni edəcək. Elon Musk daha əvvəl də Avropa siyasətini senzura forması kimi tənqid etmiş, mövqeyini məhkəmədə müdafiə etməyə hazır olduğunu bildirmişdi və Avropa rəsmiləri bunu bilirlər. Trump-ın seçilməsindən sonra Avropa Birliyi X platformasına qarşı araşdırmanı müvəqqəti dayandırmış, lakin ABŞ-la ticarət gərginliyi artdıqda araşdırmanı yenidən bərpa etmişdi.
         Ötən il Avropa tənzimləyici orqanları belə qənaətə gəliblər ki, X platforması qanunu pozur. Şirkət üçüncü tərəf tədqiqatçılarla məlumatları paylaşmır, bu isə dezinformasiya və qanunsuz materialların platformada necə yayıldığını öyrənməyi çətinləşdirir. Bundan əlavə, platforma reklamverənlərlə bağlı kifayət qədər şəffaflıq təmin etmir və istifadəçilərə “mavi təsdiq işarə” - yəni təsdiqlənmiş hesab statusu verməzdən əvvəl onları kifayət qədər ciddi şəkildə yoxlamır. Bu da sosial şəbəkəni sui-istifadələrə və xarici müdaxiləyə qarşı daha həssas və zəif vəziyyətə salır. X platformasına tətbiq olunacaq cərimənin dəqiq məbləği cəza qərarı ilə birlikdə elan olunacaq.
         Qanuna əsasən, cərimə illik qlobal dövriyyənin 6%-nə qədər ola bilər, lakin tənzimləyicilər adətən maksimal məbləğə qədər getmirlər. Google, Meta, Apple Amazon kimi ictimai şirkətlərdən fərqli olaraq, X özəl şirkətdir və tamamilə Elon Musk-a məxsusdur. Bu halda vəzifəli şəxslər qanunun o hissəsinə müraciət edə bilərlər ki, bu da cərimənin məbləğini sahibkarın nəzarətində olan digər şirkətlərlə - məsələn, SpaceX ilə əlaqələndirməyə imkan verir. Nəticədə cərimənin həqiqətən də 1 milyard dollara qədər yüksəlməsi mümkündür.
         Avropa Komissiyası həmçinin texnologiya sektorunda rəqabəti sağlamlaşdırmağı hədəfləyən “Rəqəmsal Bazarlar Haqqında Qanun”u pozduqları ehtimal edilən Meta və Apple şirkətlərinə qarşı da cərimə tətbiq edə bilər. Eyni zamanda, Meta-ya qarşı yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı tədbirlərin yoxlanılması istiqamətində araşdırma da aparılır. Avropanın ABŞ texnologiya sektoruna qarşı sərt mövqeyi, bu həftə Trump-ın dünyanın əksər ölkələrinə tətbiq etdiyi gömrük rüsumlarının müəyyənləşdirilməsində də müəyyən rol oynamış ola bilər. Fevral ayında Ağ Ev Avropa Birliyini xəbərdar etmişdi ki, hər iki qanunu diqqətlə araşdıracaq və onların ABŞ şirkətlərinə qarşı ədalətsiz təzyiq olub-olmadığını qiymətləndirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ-ın yeni tarifləri səbəbilə dünyanın ən varlı şəxsləri 1 gündə 208 milyard dollar itiriblər
    abs-in-yeni-tarifleri-sebebile-dunyanin-en-varli-sexsleri-1-gunde-208-milyard-dollar-itiribler
    Tesla-nın elektromobil tədarükü çöküb
    tesla-nin-elektromobil-tedaruku-cokub
    Amerikalıların 67%-i Tesla almağı düşünmür
    amerikalilarin-67-i-tesla-almagi-dusunmur
    Peyk rabitəsi mövzusunda Apple ilə Elon Musk arasında münaqişə formalaşıb
    peyk-rabitesi-movzusunda-apple-ile-elon-musk-arasinda-munaqise-formalasib
    Elon Musk, X-i (keçmiş Twitter) özünün xAI şirkətinə satıb
    elon-musk-x-i-kecmis-twitter-ozunun-xai-sirketine-satib