main-post-cover

    Çin süni zəka yarışında ABŞ-dan geriliyini azaldıb

    Süni İntellekt
    09.04.2025
    Emil Nəcəfov
         Çin süni zəka yarışında ABŞ-ı yaxalamaqdadır. Stenford Süni Zəka İnstitutunun son hesabatına görə, əsas testlər üzrə Çin və ABŞ modelləri arasındakı nəticə fərqi 2023-cü ildəki iki rəqəmli göstəricilərdən 2024-cü ilin sonuna yaxın demək olar ki, sıfıra enib. Məsələn, çoxtapşırıqlı şəraitdə dil anlama qabiliyyətini ölçən MMLU testində fərq 17.5 baldan cəmi 0.3 bala qədər azalıb. Çin süni zəka sahəsində elmi məqalələrin və patentlərin sayına görə dünya liderinə çevrilib. Lakin hələlik özəl investisiyaların həcmi və təqdim olunan flaqman modellərin sayı baxımından ABŞ-dan geri qalır.
         Çinin texnologiya nəhəngləri - Alibaba Group Holding, ByteDance Tencent Holdings, həmçinin DeepSeekZhipu AI kimi startaplar ötən il buraxılmış əhəmiyyətli süni zəka modellərinin sayına görə dünyanın ilk 15 şirkəti sırasına daxil olublar. Bu şirkətlər arasında Alibaba-nın Qwen seriyası, eləcə də DeepSeek-in V3R1 əsas modelləri yer alırlar. Stenford Universitetinin hesabatına görə, Çin hələlik qabaqcıl süni zəka modellərinin sayı baxımından geri qalır. Belə ki, ötən il ABŞ şirkətləri və qurumları 40 əhəmiyyətli süni zəka modeli təqdim etmişkən, Çin 15, Avropa isə cəmi 3 model təqdim edib.
         Çinin süni zəka sahəsindəki uğurları qismən elmi tədqiqatlar və patent fəaliyyəti ilə bağlıdır. 2016-cı ildən etibarən Pekin bu texnologiyanı milli prioritet elan edib və onun inkişafını maliyyə dəstəyi və güzəştlərlə təşviq etməyə başlayıb. O vaxtdan bəri Çindən olan süni zəka mövzusunda elmi nəşrlərin sayı davamlı şəkildə artır. Hesabata görə, 2023-cü ilə qədər Çin süni zəka ilə bağlı elmi məqalələrin sayına görə dünya liderinə çevrilib - ümumi həcmin 23.2%-i Çinə məxsusdur. Müqayisə üçün, Avropanın payı 15.2%, Hindistanın isə 9.2% təşkil edir. Çin həmçinin süni zəka sahəsində verilmiş patentlərin sayına görə də liderdir. 2023-cü ildə bütün patentlərin 69.7%-i Çinə, cəmi 14.2%-i isə ABŞ-a məxsus olub.
         Hesabatda bildirilir ki, süni zəka gələcəkdə gündəlik həyatımızı köklü şəkildə dəyişə bilər. Bu dəyişikliyə parlaq nümunə Çin şirkəti Baidu tərəfindən təqdim olunmuş pilotsuz taksi xidməti Apollo Go-dur. Bu xidmət artıq Çinin bir çox şəhərlərində fəaliyyət göstərir. Hesabatda həmçinin Çində süni zəkanın inkişafına mane ola biləcək mümkün problemlərə də diqqət çəkilir. Bu problemlərdən biri ABŞ ilə müqayisədə özəl investisiyaların azalmasıdır. Bunun əsas səbəbi, Vaşinqtonun Çin süni zəka startaplarına investisiya qoymaq istəyən amerikalı investorlar üçün tətbiq etdiyi məhdudiyyətlərdir. 2024-cü ildə ABŞ-da süni zəkaya yönəlmiş özəl investisiyalar 109.1 milyard dollar təşkil edib ki, bu da Çinin 9.3 milyard dollar göstəricisindən təxminən 12 dəfə çoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Britaniya hökuməti potensial qatillərin axtarışı üçün alqoritm hazırlayır
    britaniya-hokumeti-potensial-qatillerin-axtarisi-ucun-alqoritm-hazirlayir
    Amazon şirkəti Nova Sonic adlı səsli süni zəka modelini təqdim edib
    amazon-sirketi-nova-sonic-adli-sesli-suni-zeka-modelini-teqdim-edib
    Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün ödəniş edir
    google-bezi-suni-zeka-mutexessislerine-diger-sirketlere-kecmemeleri-ucun-odenis-edir
    Amazon mətnli təsvirlər əsasında videolar tərtib edən süni zəka modelini təqdim edib (VİDEO)
    amazon-metnli-tesvirler-esasinda-videolar-tertib-eden-suni-zeka-modelini-teqdim-edib-video
    Media sənayesi süni zəka üçün kontent oğurluğunun dayandırılmasını tələb edir
    media-senayesi-suni-zeka-ucun-kontent-ogurlugunun-dayandirilmasini-teleb-edir