
AGI-nın gəlişi ilə insanlıq fundamental özəlliyini itirə bilər
Süni İntellekt
17.06.2025
Emil Nəcəfov
İnsanlıq ümumi süni zəkanın (AGI) yaradılmasına yaxınlaşdıqca, müzakirələr getdikcə daha çox əmək bazarına, məxfiliyə və dezinformasiyaya olan risklər ətrafında cəmlənir. Lakin süni zəka sahəsində mütəxəssis olan Louis Rozenberg-in fikrincə, daha dərin və şəxsi nəticələr bizim özümüzü necə dərk etdiyimizlə bağlı ola bilər. Yeni məqaləsində o, xəbərdarlıq edir: İnsanlıq idrak funksiyalarını super ağıllı sistemlərə həvalə etməklə nəyisə fundamental şəkildə itirmək riski ilə üz-üzə qalır - yəni insan olmağın nə demək olduğunu anlamaq bacarığını. Bizim daxili səsimiz süni zəka cihazlarının sonsuz təklif və göstərişləri ilə əvəzlənəcək. Rozenberg vurğulayır ki, texnologiya sahəsindəki insanlar AGI-ni adətən utilitar baxımdan - yəni fayda və təhlükələr prizmasından müzakirə edirlər.

Müsbət tərəflər kimi xəstəliklərlə mübarizə, təmiz enerji sahəsində inqilablar və elmdə irəliləyişlər göstərilir. Mənfi cəhətlərə isə işsizliyin artması və manipulyasiyalar daxildir. Lakin demək olar ki, heç kim AGI-nin həqiqətən güclü və əlçatan olduğu gün, onun insanları bütün bacarıqlarda üstələməyə başladığı anda, bu halın özümüzə baxış tərzimizi necə dəyişdirəcəyini düşünmür. Ekspert etiraf edir ki, özü də illərlə super ağıllı süni zəkanın riskləri, məsələn, manipulyasiya və etika barədə yazıb. Lakin yalnız son zamanlar əslində bu barədə ciddi düşünməyə başlayıb. İnsan yanında onu qəti şəkildə zehni baxımdan üstələyən bir süni zəka olduğu zaman nə hiss edəcək? Təsəvvür edin: Siz otaqda təksiniz, amma otaqdakı ən ağıllı varlıq siz yox, telefonunuzdur.

Belə adi bir an daxili bir böhranın ilk addımı ola bilər və bu böhran sonradan bütün cəmiyyətə yayıla bilər. Kontekstdən asılı şəkildə işləyən süni zəka köməkçiləri - ağıllı eynəklər, qulaqlıqlar və digər cihazlara quraşdırılmış şəkildə - tezliklə insanın gördüyü və eşitdiyi hər şeyi analiz edə, yadda saxlaya və qabaqcadan təxmin edə biləcək. Onlar bizim reaksiyalarımız və davranışlarımızı qeydə alaraq, arzularımızı hələ bizdə yaranmamışdan əvvəl hiss edə biləcəklər. Bu sistemlər istifadəçidən soruşmadan məsləhətlər verəcək, baş verənləri avtomatik şərh edəcəklər. Onlar vacib hadisələri xatırladacaq, qərarlar təklif edəcək və hətta emosiyalara təsir göstərəcəklər. Bütün bunlar isə daxili səsimizi sürətlə və hiss olunmadan arxa plana keçirməyə başlayacaq.

Rozenberg qeyd edir ki, əvvəlcə bu, bir növ super qabiliyyət kimi qəbul olunacaq. Lakin zamanla insan getdikcə daha çox özünə deyil, süni zəkanın təkliflərinə güvənməyə başlayacaq və qərarvermədə müstəqilliyini itirəcək. Bu cür köməkçilər manipulyasiya etmək üçün proqramlaşdırılmasalar belə, onların məntiq və yaradıcılıqda insanı üstələmə qabiliyyəti insanın özünə inamını və daxili müstəqilliyini sarsıda bilər. Bu isə təkcə şəxsi özünə qiymətləndirməyə deyil, həm də insanlararası münasibətlərə təsir göstərə bilər. Süni zəka ildönümü üçün hədiyyə məsləhət verəcək, üzr istəmək üçün uyğun sözlər seçəcək, sevgi etirafı yazmağa kömək edəcək. Bəs sevilən bir insanın mühüm anda dediyi sözlər həqiqətən səmimidirmi - yoxsa ona bu sözləri süni zəkamı pıçıldayıb?

Hədiyyəni kim seçib - insanın özü, yoxsa onun rəqəmsal köməkçisi? Rozenberg-in fikrincə, bu cür suallar və tərəddüdlər insan münasibətlərini daha az səmimi və daha az orijinal edə bilər. Rozenberg özü onilliklər boyunca insan imkanlarını genişləndirməyə yönəlmiş texnologiyalar üzərində çalışıb. ABŞ Hərbi Hava Qüvvələri üçün artırılmış reallıq sistemlərindən tutmuş kollektiv super ağıllı sistemlərə qədər. O, AGI-ni inkişaf etdirənləri daha şüurlu və məsuliyyətli olmağa çağırır və hesab edir ki, əsas məsələ sistemləri necə daha ağıllı etmək deyil, AGI bizdən ağıllı olduqdan sonrakı gün insanlığımızı necə qoruyacağımızdır. Əks halda, insanlıq fərqinə varmadan insan zehninin dəstəklenməsi ilə onun tam əvəzlənməsi arasındakı incə sərhədi keçə bilər.
Linki kopyala
umumi suni zeka
umumi suni intellekt
artificial intelligence
suni intellekt
suni zeka
artificial general intelligence
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka və insan düşüncəsi arasında oxşarlıq təyin edilib

Süni zəka və insan düşüncəsi arasında oxşarlıq təyin edilib
Süni zəkanın insan kimi düşünə bilmə qabiliyyəti ilə bağlı bir-birinə zidd fikirlər mövcuddur. Bu fikirlərdən birini dəstəkləyəcək təkzibedilməz sübutları tapmaq qalır və bu sahədə çinli alimlər irəliləyiş əldə ediblər.
ChatGPT artıq bəzi şəxslərə ciddi zərər yetirib

ChatGPT artıq bəzi şəxslərə ciddi zərər yetirib
Yaltaqlıq, halüsinasiyalar və süni zəkanın cavablarındakı “mütəxəssis tonu” insanların həyatına təhlükə yaradır. The New York Times qəzetinin apardığı araşdırmanın nəticəsi olaraq jurnalistlər belə qənaətə gəliblər.
Bütün çat-botların ortaq problemi təyin edilib

Bütün çat-botların ortaq problemi təyin edilib
Süni zəka sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlər böyüməkdə olan bir problemi həll etməyə çalışırlar. Söhbət, çat-botların insanlara eşitmək istədiklərini demələrindən gedir.
Çində prosessorları layihələndirə bilən süni zəka hazırlanıb

Çində prosessorları layihələndirə bilən süni zəka hazırlanıb
Çin Dövlət Prosessor Tədqiqat Laboratoriyası və Ağıllı Proqram Təminatı Tədqiqat Mərkəzinin tədqiqatçıları mikrosxemlərin avtomatlaşdırılmış şəkildə hazırlanması üçün yeni süni zəka platforması yaratdıqlarını açıqlayıblar.
Çin istehsalı çiplərin istifadəsi süni zəka modellərinin hazırlanmasını 3 ay gecikdirir

Çin istehsalı çiplərin istifadəsi süni zəka modellərinin hazırlanmasını 3 ay gecikdirir
Bəzi çinli süni zəka tərtibatçıları ABŞ sanksiyaları səbəbilə öz aparat infrastrukturlarını inkişaf etdirərkən yerli komponent bazasına müraciət etməyə məcburdurlar.
Həftənin xəbərləri

