main-post-cover

    Qaranlıq materiyanın ömür müddəti təyin edilib

    Elm & Texnologiya
    05.03.2025
    Emil Nəcəfov
         Yapon alimlər komandası qaranlıq materiya axtarışlarında irəliləyiş əldə edib. Yeni spektroqrafiya texnologiyası və Magellan teleskopları vasitəsilə cəmi 4 saatlıq müşahidə mühüm nəticələr verib. İnfraqırmızı diapazonda aparılmış dəqiq ölçmələr qaranlıq materiyanın ömrü ilə bağlı indiyə qədərki ən dəqiq məhdudiyyətləri müəyyən etməyə imkan verib. Bu kəşf spektroqrafik texnologiyanın əhəmiyyətini bir daha vurğulayır və qaranlıq materiya axtarışlarını daha az öyrənilmiş spektr sahələrinə genişləndirir. Son 100 ildə kosmoloqlar astronomik məlumatlarda açıq bir ziddiyyətlə üzləşiblər.
         Məsələn, qalaktikaların fırlanma sürəti onların görünən kütləsindən daha böyük bir kütləyə malik olduğunu göstərir. Fiziklər bu çatışmayan kütləyə qaranlıq materiya adını veriblər. Lakin onu aşkar etmək son dərəcə çətindir, çünki nə onu görə bilirik, nə də əslində konkret olaraq nə axtardığımızı tam bilirik. Buna baxmayaraq, alimlər qaranlıq materiyanın mümkün xüsusiyyətlərini məhdudlaşdırmaq üçün kompüter modelləri və müasir teleskoplardan istifadə etməyə başlayıblar. Tokio Metropolitan Universitetinin astrofiziklər qrupu ən müasir spektroskopiya metodundan istifadə edərək iki cırtdan qalaktikadan gələn işığı müşahidə edib. Bu qalaktikalar Şir Tukana bürclərində yerləşir.
         Alimlər bu müşahidələri aparmaq üçün Çilidə yerləşən Magellan teleskoplarından birini istifadə ediblər və xüsusilə infraqırmızı spektrə diqqət yetiriblər. Alimlər qaranlıq materiyanın əsas namizədi kimi aksion (fizikada atom nüvələrini parçalanmaqdan qoruyub saxlayan güclü qarşılıqlı təsiri modelləşdirərkən istifadə olunan hipotetik hissəcik) tərz hissəcikləri nəzərdən keçiriblər və onların parçalanmasını və kortəbii foton şüalanmasını araşdırıblar. Aparıcı nəzəri modellər göstərir ki, bu hissəciklərin izlərini infraqırmızı spektrin yaxın diapazonunda axtarmaq daha məqsədəuyğundur.
         Lakin bu spektr diapazonunda çoxlu kənar siqnallar mövcuddur, buna görə də onları süzmək üçün alimlər müşahidələrin ən yeni məlumatlarını bir neçə hesablama modeli ilə birləşdirmək məcburiyyətində qalıblar. Yapon tədqiqatçılar yeni bir analiz metodu təklif ediblər. Bu metod fon radiasiyasının adətən geniş dalğa uzunluqlarını əhatə etməsinə əsaslanır. Lakin müəyyən parçalanma proseslərindən gələn işıq daha dar spektrə sıxlaşır. Bu fərq parçalanma hadisələrinin daha aydın müşahidə edilməsinə imkan yaradır.
         Nəticədə alimlər infraqırmızı diapazonda aşkar etdikləri bütün işığı yüksək statistik dəqiqliklə nəzərə ala bildilər. Onlar aksion tərz hissəciklərin parçalanmasına dair heç bir iz tapmadılar, lakin bu nəticədən istifadə edərək bu hissəciklərin parçalanma hadisələrinin maksimal tezliyini və ya onların minimal ömür müddətini müəyyən etdilər. Yeni müəyyən edilən minimal ömür həddi 10 üstü 25-26 saniyədir, yəni kainatın yaşından 10-100 milyon dəfə böyükdür. Bu isə bu günə qədər qaranlıq materiya hissəciklərinin ömrü ilə bağlı ən sərt məhdudiyyət hesab olunur.
    Mənbə: Phys.org
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Astronomlar kosmosda qəribə dairəvi obyektləri kəşf ediblər
    astronomlar-kosmosda-qeribe-dairevi-obyektleri-kesf-edibler
    Kainatda suyun nə zaman formalaşdığı təxmin edilib
    kainatda-suyun-ne-zaman-formalasdigi-texmin-edilib
    Saturnun peyki Enselad səthaltı okeana sahib olmaya bilər
    saturnun-peyki-enselad-sethalti-okeana-sahib-olmaya-biler
    Gen terapiyası uşaqlarda görmə qabiliyyətini bərpa edib
    gen-terapiyasi-usaqlarda-gorme-qabiliyyetini-berpa-edib
    Marsdakı bioloji həyat insan mədəsindəki bioloji həyata bənzəyə bilər
    marsdaki-bioloji-heyat-insan-medesindeki-bioloji-heyata-benzeye-biler